73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rüfət Quliyev seçicilərlə növbəti görüş keçirib. Görüşü açan deputat ilk növbədə ölkədəki ictimai və siyasi vəziyyətdən, Respublika Prezidenti cənab İlham Əliyevin uğurlu siyasət kursundan bəhs edib və son görüşlərdə seçicilərin səsləndirdikləri xahişlər barədə məlumat verib. O, qeyd edib ki, Lənkəran şəhər 6 N-li tam orta məktəbinə inteqrasiya təlimli internat tipli qimnaziyaya, Sütəmurdov və Şilavar kəndlərindəki ümumi orta məktəblərə deputatın Azərbaycan Respublikası Təhsil nazirinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentinə məsələ ilə əlaqədar məktublarından sonra Təhsil Nazirliyinin hesabına qaz xətti çəkilib və yanvar ayında da qaz sayğaclarının quraşdırılmasından sonra qaz veriləcək.
Sütəmurdov kənd seçicilərinin xahişilə magistral yolda əvvəllər də deputatın vəsaiti hesabına quraşdırılmış sürəti azaldan maneə xətti (lejaşiy poliseyskiy) yenidən bərpa edilib.
Digah və Sütəmurdov kəndlərindəki əhalinin işıq pullarının və digər kommunal ödənişlərini ödəmək üçün deputatın müdaxiləsindən sonra aidiyyəti qurumlar tərəfindən bu aparatlar quraşdırılıb.
Həmçinin seçicilərin çoxsaylı məktublarına qaldırılan sosial xarakterli bir çox əsaslı xahişlərin həllinə köməklik göstərib. Bəzi əsassız xahişlərdən imtina edilmiş və təkrar olaraq deputatın statusu və fəaliyyət sahələri barədə onlara izahat və müvafiq tövsiyələr verilib və deputat həmişə çalışıb ki, qəbula, görüşə gələnlər onun yanından naümid getməsinlər. Görüşdə iştirak edən seçicilərdən Məsudə Əliyeva, Nahid Şükürlü, Abuzər İsmayılov, İlahə Qasımzadə çıxış edərək deputata öz təşəkkürlərini bildiriblər.
Deputat da öz növbəsində vurğulayıb ki, təşəkkür və minnədarlıqlar ona yox, möhtərəm Prezidentimizə edilməlidir. Çünki, ölkədəki əmin-amanlıq, hərsahəli sabitlik onun yorulmaz səylərinin və gərgin əməyinin nəticəsidir.
Sonra seçiciləri maraqlandıran suallar deputat tərəfindən cavablandırılıb. Deputat seçiciləri narahat edən son vaxtlar ölkədə baş verən bahalaşma məsələsinə də bir iqtisadçı alim kimi aydınlıq gətirmiş, qeyd edib ki, bütün dünyanı bürümüş iqtisadi və maliyyə böhranı təbii ki, Azərbaycandan da yan keçə bilməzdi. Neftin qiymətinin dəfələrlə ucuzlaşması, bəzi xarici valyutaların bahalaşması (əsas iqtisadi patrnyorlarımız olan Rusiyada, İranda, Gürcüstanda, Ukraynada, Belarusda milli valyutaların devalvasiyası) ticarət əlaqələrinə ciddi təsir göstərib. Bu, isə son nəticədə xaricdən alınan malların və yerli istehsalda istifadə olunan komponentlərin qiymətlərinin qalxması bahalıq doğurub.
Rüfət Quliyev xüsusilə vurğulayıb ki, vəziyyətdən çıxış yolu cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi yerli istehsalı kəskin artımaq, neft-qaz amilindən asılılığa son qoymaqdır. Deputat onu da bildirib ki, nədənsə kənd yerlərində bir ətalət hiss olunmaqdadır. Heç də hamı nəinki pay torpaqlarından, hətta həyətyanı sahələrindən səmərəli istifadə etmir. O, konkret misal kimi göstərib ki, hələ bir il bundan əvvəl kəndlərdə keçirdiyi görüşlərdə bildiribdi ki, onun xahişilə 2 nəfər sahibkar kəndlilərin hazır məhsulunun Bakıda satışını təşkil etməyə köməklik göstərməyə hazırdır. Bunun üçün onlar vəsait də, adam da, tərəzilər də, nəqliyyat da ayırmağı öz üzərlərinə götürdüklərini bəyan ediblər. Ancaq indiyə kimi rayondan bir nəfər də olsa bu məsələ ilə əlaqədar müraciət etməyib. Ancaq ayrı vaxt ağızdolusu deyirlər ki, hazır meyvə-tərəvəzimiz batıb gedir, alan yoxdur. Belə münasibət başa düşülən deyil. Kəndli ilk növbədə öz ailəsini, sonra da bazarı məhsulla təmin etməlidir. Belə olsa, bolluq da olar, ucuzluq da. Hər qarış torpaq istifadə olunmalıdır. Bunun ayrı yolu yoxdur.
Millət vəkili onu da diqqətə çatdırıb ki, yaxın vaxtlarda onun təşəbbüsü və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı cənab Taleh Qaraşovun yaxından dəstəyi ilə rayonda xarici şirkətlər tərəfindən kənd təsərrüfatyönümlü bir neçə layihə həyata keçiriləcək və yeni iş yerləri açılacaqdır. Layihə müəllifləri tələb edirlər ki, layihələrin reallaşması üçün ixtisaslı mütəxəssislər – aqronmlar, texnoloqlar, elektriklər, mexaniklər lazımdır. Hazırda isə Lənkəranda belə mütəxəssislər yoxdur. Buna görə də belə mütəxəssislərin yetişdirilməsi çox zəruridir. Çünki, təhsil almaq istəyənlər hamı hüquq, iqtisadçı, vergi, gömrük, beynəlxalq əlaqələr ixtisaslarına can atır və son nəticədə mütəxəssis bolluğunda iş də tapa bilmirlər. Deputat həmçinin vəd verib ki, seçicilərin övladlarından aqrar sahələr üzrə ixtisas almaq istəyənlərə həmişə dəstək göstərməyə hazırdır.
Görüşdə seçicilər öz problemlərini də gündəmə gətirib və deputatdan onların həllində köməklik göstəməyi xahiş ediblər. Bir çox məsələlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edənlər isə nəzarətə götürüldü.
Sonda deputat seçiciləri əmin edib ki, həmişə olduğu kimi ölkə rəhbərliyinin göstərişlərini əsas tutaraq, onların haqlı məsələlərinin həllinə çalışacaq və yenə də etimadlarını doğrultmağa səy göstərəcək.