Yenifakt.info

Müstəqil xəbərlər portalı

Mədəniyyət

Böyük maarifçi Gövhər ağa Cavanşir

Yaddaşlarda Şuşanın məşhur Gövhər ağa məscidi ilə asossasiya olunan Gövhər ağa Cavanşir Qarabağ tarixində ən maraqlı qadın şəxsiyyətlərdən biridir. Lakin Qarabağ xanı İbrahim xanın bu gözəl və yetənəkli qızının həyatı və fəaliyyəti haqqında ictimai məlumat olduqca azdır.

Gövhər ağanın həyatı gərgin tarixi, ictimai, sosial proseslərin mərkəzində keçmişdir. Lakin mühüm tarixi məqamları özündə əks etdirən bu ömür elmi cəhətdən öyrənilməmiş, şəxsiyyəti aradşdırılmamışdır. Eləcə də bədii ədəbiyyat milli xidmətdə keçmiş bu ömür yolunu bədiiləşdirməmişdir. Halbuki Gövhər ağanın ömrü Qarabağ tarixinin çox maraqlı məqamlarını özündə əks etdirməkdədir.

Gövhər ağanın həyat hekayəsi həm də gözəl ictimai örnəkdir, qadın inkişaf tarixidir, Azərbaycan qadının təşkilatlanması, ictimai iştirakçılığı haqqında geniş məlumat verən mənbədir.

Məlum olduğu kimi Qafqaz xanlıqlarının, eləcə də, Qarabağ xanlığının çökdürülməsi və Qafqazda rus idarəetmə üsulunun tətbiqi Azərbaycan tarixinin ən mürəkkəb və ziddiyyətli, eləcə də yetərincə öyrənilməmiş səhifələrindən biri olaraq qalmaqdadır. Bu mürəkkəb və ziddiyyətli dövr haqqında geniş araşdırma, aydınlatma və ictimai məlumatlandırma hələ də kifayət qədər deyildir. Ötən müddətdə bir sıra sifarişli yazılar, müstəqil araşdırmalar, yeni monoqrafiyalar yazılsa belə gerçək hadisələrin əksi nə elmdə, nə tədrisdə həqiqi yerini almış, nə də ictimai şüurda əksini tapmışdır. Fikirlər, mövqelər bəzən daban dabana zidd olaraq qalmaqdadır. Halbuki həm milli tarixi bilmək, həm Azərbaycanının salındığı Qarabağ konfliktində öz haqlı mövqeyini əminliklə müdafiə etmək üçün hər bir vətəndaşımız, xüsusilə ictimai fəal insanlarımız Qarabağ tarixi, idarəetməsi, mədəni mühiti, təhsili, maarifçiliyi, qadınların sosial həyatda iştirakçılığı və quruculuq fəaliyyətləri barədə məlumatlı olmalıdır.

Çox mühüm hadisədir ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üstünlük verdiyi 2018-ci il layihələri arasında Qarabağın görkəmli tarixi şəxsiyyəti, dövrünün mütəfəkkir xanımı, maarifçi və xeyriyyəçi, xanqızı Gövhər ağa Cavanşirin də adı keçir. Bu günlərdə Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi Gövhər ağa Cavanşirin həyatını və fəaliyyətinin əks etdirən kitabın yazılması və nəşri layihəsinin icrasına başlamışdır. Layihənin rəhbəri Leyla Kərimova, kitabın müəllifi Mehriban Vəzir, məsləhətçii Ənvər Çingizoğludur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir