Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Deputat siyasi mühacirin ailəsini həbslə təhdid edir

 “Atama və qardaşıma qarşı polis təzyiqlərinin arxasında Deputat Adil Əliyev dayanır. Adil Əliyev bir müddət əvvəl polis rəisi olduğu üçün polis orqanında sözünün təsiri hələ də qalır“ – bu sözləri Almaniyada yaşayan siyasi mühacir Ziya Cəbiyev deyib. Z.Cəbiyevin sözlərinə görə atası və qardaşı polis tərəfindən həbs olunacaqları ilə təhdid edilirlər: “Atam və qardaşım deputat Adil Əliyevin tapşırığı ilə polis tərəfindən təhdid olunurlar. A.Əliyev martın 31-də Almaniyanın Köln şəhərində tədbir təşkil etmişdi. Biz bir qrup azərbaycanlı mühacirlər deputatın tədbirinə etiraz aksiyası təşkil elədik. Həmin aksiyada mən fəallıq göstərdim. Görünür, mənim fəallığım Adil Əliyevin xoşuna gəlməyib. Ölkəyə qayıdan kimi, acığını doğmalarımdan çıxmaq istəyib. Atam Cəbi Cəbiyev yaşlı və xəstədir. Dəfələrlə mənim fəaliyyətimə görə ona qarşı təzyiq olub. Eyni zamanda qardaşım Vüsal Cəbiyev də təhdid olunur. Bütün doğmalarım narahatdırlar“. Z.Cəbiyev valideynlərindən imtina etməyi düşündüyünü dedi: “Bir müddət əvvəl Azərbaycan hökumətinin əleyhinə keçirilən aksiyaya qatıldığım üçün atamı yaşadığı Xızı rayonunda, qardaşımı da Xirdalan şəhərində polis idarəsinə aparmışdılar. Mən ikisinə də dedim ki, məndən imtina etsinlər, bəlkə o zaman polis əl çəkdi. Lakin heç biri məndən imtina etməyə razı deyillər. Onların daha çox təhdid və təzyiq olunmamaları üçün, məcburam mən atamdan və digər doğmalarımdan imtina edim“. Z.Cəbiyev atasının polis tərəfindən qanunsuz təhdid edilməsi ilə bağlı müvafiq məhkəməyə şikayət etdiyini də dilə gətirib: “Atam qanunsuz olaraq polis idarəsinə aparıldığı və saatlarla ac-susuz orda saxlanıldığı üçün məhkəməyə müraciət edib. Lakin Xızı rayon məhkəməsi atamın şikayət ərizəsini qəbul etməyib. Deyib ki, guya heç bir xəsarət olmadığı üçün ərizəni icraata götürə bilmərik. Təbii ki, bu olanların hamısı mənim siyasi fəallığıma görədir. Düşünürəm ki, ailəmə qarşı təzyiqlərin arxasında şəxsən İlham Əliyev və Deputat Adil Əliyev dayanır“.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir