Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

E-kitabxana.az saytının təqdimat mərasimi keçirilib

Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyi “Elektron kitabxana dövrün tələbidir” adlı layihə çərçivəsində yaradılmış e-kitabxana.az saytının təqdimat mərasimini keçirib. Layihə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur.

Təşkilatın rəhbəri Elşən Nağıyev, tədbiri açaraq layihənin icrası və saytın yaradılması haqqında məlumat verdi. Müasir dövrdə internetin olduğu istənilən yerdə elektron kitabxanalardan istifadə etmək mümkündür ki, bu da, insanlar üçün əlavə üstünlükdür. Elektron kitabxananın əsas üstünlüyü odur ki, orada kitab oxumaq üçün heç yerə getmək lazım deyil, o həmişə bizim üçün əlçatandır: xüsusilə də soyuq havalarda, gecə və həftəsonları. Kitabların seçimi olduqca asan və sərbəstdir. Xərclər isə minimumdur. Demək olar ki, bütün elektron kitablar pulsuz və ya kağız kitaba nisbətdə xeyli ucuzdur. Onlayn kitabxanada istənilən sayda kitabı ən qısa zamanda əldə etmək və uzun müddət istifadə imkanıdır.

Layihənin əsas məqsədi Azərbaycan dilində kifayət qədər olmayan virtual kitabxana yaratmaqla dilimizdə mövcud olan virtual kitablarının sayını artırmaq və bir bazada toplamaqla oxucuların heç bir yerə getmədən olduqları məkanda axtardıqları kitabların rahat əldə edilməsinə və milli virtual kitabxana şəbəkəsinin inkişafına dəstək verməkdir.

Daha sonra Elşən Nağıyev saytı iştirakçılara təqdim etdi və iştirakçıları maraqlandıran sualları cavablandırdı.

Tədbir iştirakçılarından Xalid Kazımov maraqlı təkliflə çıxış edərək bildirdi ki, saytda gözdən əlil insanların oxuya biləcəyi kitabların olduğu bir bölmə yaradılması gözdən əlil insanların da, sayta marağını artıra bilər. Eldar Cəbrayılov isə kitabxana portalında ekologiya ilə bağlı bölmənin yaradılması təklifini irəli sürdü. Kənan Vəliyev işğaldan azad olunmuş ərazilərdə dağıdılmış maddi mədəniyyət abidələri ilə bağlı kitabların saytda olmasını arzuladığını bildirdi.

29 oktyabr 2022- ci il tarixində Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İB-nin akt zalında keçirilmişdir