Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm İctimai Mədəniyyət Sosial-iqtisadi Xəbərlər

Şuşanın “özünəməxsus arxitektura üslubu”: O nədir? Nədən ibarətdir?

“Şuşa – Qarabağın açarıdır, Şuşaya nəzarət bütün Qarabağa nəzarət deməkdir,” ötən il 44 günlük müharibənin gedişini şərh edən təhlilçilər Şuşanın əhəmiyyətini bu cür səciyyələndirirdilər.

İkinci Qarabağ müharibəsi nəticəsində yenidən Azərbaycanın bir parçasına çevrilən Şuşa qısa müddət ərzində bəzi önəmli tədbirlərə ev sahibliyi etdi: Azərbaycan-Türkiyə arasında Müttəfiqlik Sazişi burda imzalandı, Xarıbülbül festivalı, Vaqif poeziya günləri keçirildi. Sentyabrın 18-dən isə Şuşada ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Milli Musiqi festivalı başlayır.

Siyasi-mədəni tədbirlər ard-arda keçirilərkən Azərbaycan həm də Şuşanı yenidən qurmaq üçün tender elan etmiş və Britaniyanın Chapman Taylor şirkəti bu tenderi udmuşdu.

Şuşa işğaldan azad olunandan sonra Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli Şuşada məktəb tikmək istədiklərini söyləmiş və hətta layihəsini də təqdim etmişdi.

şuşa
Şəklin alt yazısı,Hələ ki, heç bir sakin Şuşaya geri köçürülməyib.

Amma sonradan məlum oldu ki, onun bu layihəsi qəbul edilməmiş, daha doğrusu, Azərbaycan rəsmiləri bildirmişdi ki, Devlet Bahçeliyə bu məktəb binasının memarlıq layihəsinin Şuşa şəhərinin “özünəməxsus arxitektura üslubuna” uyğunlaşdırılması təklif edilib.

Bahçelinin layihəsi gerçəkləşməsə də, Şuşanın bərpası və yenidənqurulmasının başlıca prinsipinə işıq salmış oldu: təklif olunan layihələr bu şəhərin “özünəməxsus arxitektura üslubuna uyğun olmalıdır”.

“Chapman Taylor”-un hazırladığı Baş planının təqdimatı avqustun sonunda açıqlanıb və şəhərdə ilkin mərhələdə inşa ediləcək binaların eskizləri də artıq paylaşılıb.

Şuşa şəhəri Şuşa şuşalılar Azərbaycan bu gün tikinti-quruculuq işləri Yuxarı Gövhərağa Məscidi Yuxarı Məscid
Şəklin alt yazısı,1992-ci il 9 may, Şuşanın Ermənistan tərəfindən işğalından bir gün sonra

“Özünəməxsus arxitektura üslubu”

Şuşanın “özünəməxsus arxitektura üslubu” hansı elementlərdən ibarətdir və şəhərdə inşa ediləcək obyektlərdə bu, necə nəzərə alınacaq?

“Şuşa şəhərinin özünəməxsusluğunu onun coğrafi quruluşu və mövqeyi formalaşdırır. Şuşa şəhəri bir tərəfdən təbii müdafiə səddi kimi qayalıq, digər tərəfdən vaxtı ilə müdafiə məqsədi ilə inşa edilmiş qala divarları ilə əhatə olunub. Şuşanı tarixi və mədəniyyət şəhəri kimi formalaşdıran əsas amil isə onun tarixən formalaşmış hissəsi, burada yerləşən abidələrdir – burada Yuxarı və Aşağı Gövhər ağa məscidlərini, Natəvanın evini, Uğurlu bəyin evini, Gəncə giriş qapısını və digərlərini misal göstəmək olar,”- Dövlət Şəhərsalma və Arxitektura Komitəsindəin mətbuat katibi Ramiz İdrisoğlu qeyd edib.

Onun sözlərinə görə, Şuşaya xas “memarlıq üslübu” deyil, Şuşaya məxsus “memarlıq mühiti” ifadəsindən istifadə daha dəqiq olardı.

“Memarlıq mühitini Seyidli, Qurdlar, Culfalar, Quyuluq, Çuxur, Hacı Yusifli, Dörd çinar, Saatlı, Mərdinli və digər bu kimi tarixi məhəllələrin ölçüləri, oradakı binaların mərtəbəliliyi, fasadlarının qapalı və açıq hissələrinin nisbəti, horizontal və şaquli bölgülərdəki ardıcıllıqlar və ritmlər, mütənasiblik və miqyaslılıq, istifadə olunan yerli materiallar, özünəməxsus tağlı konstruksiyalar, həmçinin dam örtükləri, eyvanlar və digər memarlıq elementləri formalaşdırır,” – Ramiz İdrisoğlu söyləyib.

“Bu, Orta əsrə aid böyük bir memarlıq qatıdır, həm də yüzilliklər boyu tarixən formalaşmış məhəllələr şəbəkəsidir ki, onu da mütləq qoruyub saxlamaq lazımdır”, memar, Sənətşünaslıq üzrə Elmlər Doktoru, Professor Elçin Əliyev deyir.

O deyir ki, “hər şeydən əvvəl özünəməxsusluq yaşayış yerlərinin planlaşma həllindən asılıdır və yerli tikinti materiallarının tətbiqinə əsaslanır”.

Memar qeyd edib ki, Şuşaya gəldikdə isə bu, azmərtəbəli binalardan ibarət gözəl siluetli, orijinallığı ilə seçilən küçələr, mailli damlar və tarixən formalaşmış məhəllələrdir.

Şuşa şuşalılar Azərbaycan bu gün tikinti-quruculuq işləri Yuxarı Gövhərağa Məscidi Yuxarı Məscid
Şəklin alt yazısı,Yuxarı Məscidi

Şuşanın Baş planında nələr var?

Şuşanın Baş planında “orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşa edilməsi” nəzərdə tutulub. Bu nə deməkdir?

Sənəd şəhərdə yerləşəcək tikililərin yerini, mərtəbəliliyini, fasadlarının tarixi-memarlıq görünüşünü, abidələrin yenidənqurması və bərpası zamanı əsas götürülən qaydaları və digər vacib detalları müəyyən edir.

İnşa ediləcək yaşayış evləri ilə bərabər, qarışıq təyinatlı ərazilərdə tikiləcək təhsil, səhiyyə ocaqları, ictimai-iaşə obyektləri və digər tikililərdə də Şuşaya xas memarlıq elementlərindən istifadə olunacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təmsilçisi Ramiz İdrisoğlunun sözlərinə görə, Şuşada bütün tikinti və quruculuq işləri xüsusi nəzarət altında aparılacaq və bunu “Baş planla parallel olaraq müfəssəl həllərin hazırlanması” təmin edəcək.

Yolla necə çəkiləcək?

Baş plana görə, şəhərdə “uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometrlik yeni yolun inşası da nəzərdə tutulur”.

Yol şəbəkəsinin təxminən 50 faizədək genişləndirilməsi nədən xəbər verir, bu, şəhər və onun sakinləri üçün hansı imkanlar yaradacaq?

Memar Elçin Əliyevə görə, bu, Şuşa sakinlərinin həyat səviyyəsinin yüksəldə, bir çox memarlıq abidələrinə gedib çıxmağı asanlaşdıra biləcək.

Ramiz İdrisoğlu qeyd edir ki, burada mövcud şəbəkənin təkmilləşdirilməsi və mərkəzlə yanaşı şəhərətrafı ərazilərin yeni yollarla təminatı nəzərdə tutulub.

“Tətbiq ediləcək yanaşmalar şəhərdə hərəkəti asanlaşdırmaqla bərabər ucqar ərazilərin mərkəzlə üzvi əlaqəsini və əlçatanlığını təmin edəcək”.

İctimai dayanacaqlar, velosiped…

Baş planda, eləcə də şəhərdə ictimai dayanacaqların yerləşmə yerləri də müəyyən olunub.

Bu dayanacaqlar elə yerləşəcək ki, şəhərin küçələrinə giriş-çıxışa maneə olmasın.

Bununla bağlı Ramiz İdrisoğlu Şuşanın tarixi və qoruq şəhər statusuna malik olduğuna diqqəti cəlb edib.

“Şuşaya səfər edəcək turistlərin çoxluğunu nəzərə alaraq, şəhərin giriş qapıları yanında ictimai avtomobil dayanacaqlarının (parklanma yerlərinin) yaradılması nəzərdə tutulur. Bu dayanacaqlar, şəhərə gələn qonaqların şəxsi avtomobillərini burada saxlayaraq rahat hərəkət etmələrini təmin edəcək. Həmçinin, yaşayış məhəllələri boyunca yeraltı və yerüstü parklanma yerləri planlaşdırılıb”.

Şəhərdə hansı nəqliyyat növlərinin işləyəcəyi məsələsinə gəldikdə isə Komitə təmsilçisi bu sırada “ictimai və fərdi nəqliyyat vasitələri, həmçinin mühərriksiz nəqliyyat vasitələrinin (velosiped və s.)” olacağını qeyd edib.

Komitə sözçüsü nəqliyyat məsələlərinin həllinin Baş planın əsas tərkib hissələrindən biri olduğunu bildirib.

“Şuşanın coğrafi yerləşməsi, mədəni-tarixi əhəmiyyəti bu məsələyə diqqəti daha da artırır,” – o vurğulayıb.

Şuşa şuşalılar Azərbaycan bu gün tikinti-quruculuq işləri Şua şəhəri
Şəklin alt yazısı,Şuşa Birinci Qarabağ müharibəsindən əvvəl – 1 avqust 1988-ci il

Şuşada yaşıl dəhlizlər

Baş plana görə, Şuşada “yaşıl dəhlizlər”in inşası da nəzərdə tutulur.” “Yaşıl dəhlizlər” dedikdə söhbət nədən gedir?

Memar Elçin Əliyevin sözlərinə görə, müasir şəhərsalma konsepsiyalarında “yaşıl dəhlizlər”ə mühüm əhəmiyyət verilir. Həmin yaşıllıq zolaqları həm yaşayış məhəllələrini sənaye və kənd təsərrüfatı zonalarından ayıraraq müdafiə edir, həm də yerli əhalinin fəal istirahət məkanı ola bilər. Belə zolaqların əsas funksiyası şəhər sakinlərinin yaşayışı üçün əlverişli şəraitin yaradılmasıdır.

“Şuşanın mövcud meşə, park massivi ilə yanaşı şəhərətrafı yaşıl halqanın, “yaşıl dəhlizlər”in, yəni ümumi istifadə üçün nəzərdə tutulan şəhərdaxili yaşıl zolaqların yaradılması da əsas prioritetlərdəndir. Nəticədə şəhərin ekoloji təmizliyi qorunub saxlanılacaq, piyadaların rahat hərəkəti təmin olunacaq və turist cəlbediciliyi artacaq”, Ramiz İdrisoğluy deyir.

O əlavə edir ki, Şuşanın ümumi sahəsinin təxminin üçdə biri qədərini yaşıllıq təşkil edəcək.

Şuşanın binaları necə olacaq, nə qədər əhali yaşayacaq?

Memar Elçin Əliyev hesab edir ki, Şuşada çoxmərtəbəli binalar olmamalıdır.

“Məsələn, bu gün, şəhərin mərkəzində sovet dövründən qalan iki çoxmərtəbəli bina var. Bu cür arxitektura qədim tarixə malik olan şəhərə yaraşmır. Buna görə də Şuşada tikiləcək binalar 2, uzağı 5 mərtəbədən yuxarı olmamalıdır”, o deyir.

Ramiz İdrisoğlunun sözlərinə görə, yeni yaşayış massivinə aid ərazinin bir hissəsində istifadəyə yararsız, istismar müddəti bitmiş yaşayış evləri mövcuddur. Baş plan çərçivəsində həmin ərazinin “tamamilə yenidən qurulması” nəzərdə tutulur.

Baş plana görə, Şuşada ümumi sahəsi 46765 kvadratmetr olacaq yeni yaşayış massivi altı məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur.

Yeni tikiləcək məhəllələrdən birincisinin təməli Şuşada Prezident İlham Əliyevin iştirakı ilə avqustun 29-da qoyulub.

Baş planda həmin məhəllərdə 3, 4 və 5 mərtəbəli binaların Şuşaya xas memarlıq üslubu ilə tikiləcəyi nəzərdə tutulub.

Bununla bağlı Ramiz İdrisoğlu Şuşada mövcud yaşayış evlərinin eynitipli olmadığını, müxtəlif mərtəbəli – 2,3,4,5 mərtəbəli – olduğunu qeyd edib.

Onun sözlərinə görə, burada “məhəllələrin mövqeyi, ərazinin təbii və coğrafi quruluşu, relyefi kimi amillər” öz rolunu oynayıb.

“Bu baxımdan yeni yaşayış massivlərinin layihələndirilməsi zamanı da bu məqam xüsusi nəzərə alınmışdır. Qeyd edim ki, şəhərin gələcək inkişaf planı əhalinin artımı nəzərə alınaraq hazırlanıb,” – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təmsilçisi bildirib.

Onun sözlərinə görə, Baş plan 20 il ərzində Şuşa şəhərində maksimum 25 min əhalinin məskunlaşa bilməsi nəzərə alınaraq hazırlanıb.

bbc.com

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir