Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü və Azərbaycanın gördüyü işlər – Birinci yazı

Giriş

“Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü” ideyasını 2002- ci ildə Yohannesburqda keçirilən Dayanıqlı İnkişaf üzrə sammitdə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer irəli sürüb. Bu təşşəbbüsün məqsədi Mədən Sənayesindən gələn gəlirlərin dayanıqlı inkişafa və yoxsulluğun aradan qaldırılmasına yönəltməkdir. 2004- cü ilin noyabrın 24-də “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü”nün Azərbaycanda tətbiqi çərçivəsində Azərbaycan hökumətinin nümayəndələri, yerli və xarici neft şirkətlərinin, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar. Ötən dövr ərzində Azərbaycanda şəffaflığın və hesabatlılığın möhkəmləndirilməsi, bütövlükdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən davamlı strategiya çərçivəsində beynəlxalq aləmdə ümumən qəbul edilən prinsiplərə və ixtisaslaşmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa böyük önəm verilib.

Azərbaycan hasilat sənayesində şəffaflığı ən yüksək səviyyədə təşviq edərək, “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü”nə qoşulub, bu təşəbbüsdə tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olmuş və bu sahədə hesabatları mütəmadi dərc edib. Mədən sənayesində şəffaflığın təmin olunması və dövlət xidmətlərinin göstərilməsi sahələrində ölkəmizdə həyata keçirilən tədbirlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilmiş və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “Dövlət Xidmətləri Mükafatı”na və “2009-cu il üzrə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Mükafatı”na layiq görülüb.

Bütün bunlara baxmayaraq, təəssüf ki, Azərbaycana qarşı qərəzli münasibət hasilat sənayesi üzrə beynəlxalq təşkilatlarda da özünü göstərib. Bütün bunlara görə, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasının üzvlüyündən imtina edərək prezidentin 05 aprel 2017-ci il tarixli fərmanı əsasında özünün Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyasını təsis edib. Ölkəmizin hasilat sənayesi sahəsində şəffaflığın təmin edilməsi üzrə gördüyü işlər, həmçinin Komissiyanın fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasına ehtiyac vardır.

Qeyd: 2003-cü il iyunun 17-də Londonda keçirilmiş Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə I beynəlxalq konfransda SOCAR-ın vitse-prezidenti İlham Əliyev Azərbaycan hökumətinin MHŞT-yə qoşulması qərarını və hasilat sənayesində şəffaflığın təmin olunmasına yönəldilmiş beynəlxalq səyləri dəstəklədiyini bəyan edib. Azərbaycan MHŞT-nin tətbiqində pilot ölkə olmağı könüllü olaraq öz üzərinə götürüb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2003-cü il tarixli 224 nömrəli sərəncamı ilə MHŞT üzrə Komissiya yaradılmışdır.

2004-cü il noyabrın 24-də MHŞT üzrə Komissiya, yerli və xarici hasilat şirkətləri və qeyri-hökumət təşkilatlarının MSŞA Koalisiyası arasında MHŞT-nin Azərbaycanda tətbiqi mexanizminin həyata keçirilməsinə dair Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır.

2005-ci il martın 15-də MHŞT üzrə Komissiya müstəqil auditor olan “Deloitte and Touche” şirkətinin yoxladığı ilk hökumət hesabatlarını açıqladı. Bu sənəd dünyada nəşr olunan bu tipli ilk hesabat oldu. Azərbaycan 2005-2015-ci illərdə ümumilikdə 20 belə hesabat açıqlayıb (ilk illərdə hesabatlıq dövrü hər altı ayı əhatə edib).

2009-cu ildə Azərbaycan MHŞT-nin tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olub.

2017-ci ilin mart ayının 9-da Azərbaycan hökuməti MHŞT üzrə Beynəlxalq Katiblikdən Azərbaycanın MHŞT tətbiq edən ölkələr sırasını tərk etdiyini bəyan edib.

5 aprel 2017-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzaladı. Fərmana əsasən Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri təyin edildi və Komissiyaya həvalə edildi ki, “hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqi beynəlxalq prinsiplər əsasında davam etdirilsin”.

MHŞT nədir?

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) neft, qaz və mədən sənayesində şəffaflıq üzrə qəbul olunmuş qlobal standartdır.

Neft, qaz və mineral ehtiyatlarla zəngin olan bir çox ölkələrdə yoxsulluq, mübahisə və korrupsiya halları müşahidə olunur. “Resurs lənəti” adlanan bu hal çox vaxt şirkətlərin hökumətə təqdim etdiyi ödənişlər və hökumətin şirkətlərdən daxilolmaları sahəsində şəffaflıq və hesabatlılığın çatışmazlığı ilə səciyyəvi olur. MHŞT məhz bu sahədə çatışmayan şəffaflıq və hesabatlılığın təmin edilməsinə yönəldilmiş bir təşəbbüsdür.

Neft, qaz və mədən sənayesində əldə edilən gəlirlərdən asılı olan ölkələrdə şəffaflığın və hesabatlılığın tətbiqi gəlirlərin düzgün idarə edilməməsi nəticəsində ölkəyə dəyə biləcək mümkün mənfi təsirləri azalda və bu gəlirlər davamlı inkişaf və yoxsulluğun azaldılması ilə müşayiət olunan uzunmüddətli iqtisadi artıma təkan verə bilər.

MHŞT-nin əhəmiyyəti

Hökumət üçün. MHŞT-ni tətbiq edən ölkələr üçün təşəbbüsün əhəmiyyəti hökumət tərəfindən sərmayəçilər və beynəlxalq maliyyə institutları üçün tam şəffaf investisiya mühitinin yaradıldığını nümayiş etdirməkdən ibarətdir. MHŞT hesabatlılıq və yaxşı idarəetmənin gücləndirilməsi, habelə yüksək iqtisadi və siyasi sabitliyin inkişaf etdirilməsinə təkan verir. Bu da öz növbəsində neft, qaz və mədən sənayesi ətrafında olan mübahisələrin qarşısını almağa köməklik edir. Ən əsası hökumət özünə olan inamı həm cəmiyyətdən, həm də investorlardan qazanmaq şansı əldə edir.

Şirkətlər üçün. Təşəbbüsün şirkətlər və sərmayəçilər üçün əhəmiyyəti isə siyasi və nüfuz risklərinin azalmasıdır. Qeyri-şəffaf idarəetmə nəticəsində yaranmış siyasi qeyri-sabitlik sərmayə yatırımı üçün ciddi təhlükədir. Gəlir əldə etmək üçün yüksək kapital qoyuluşu həyata keçirilən və uzunmüddətli sabitlikdən asılı olan hasilat sənayesi sahəsində bu qeyri-sabitliyin azaldılması vacibdir. Hökumətə edilən ödənişlər sahəsində də şəffaflığın təmin edilməsi şirkətlər tərəfindən ölkəyə qoyulan sərmayələrin verdiyi töhfəni göstərməyə kömək edir.

Cəmiyyət üçün. Təşəbbüsün vətəndaş cəmiyyəti üçün əhəmiyyəti hökumətin vətəndaşların adından idarə etdiyi gəlirlər barədə ictimaiyyətə açıqlanan məlumatın və bununla da hökumətin hesabatlılığının daha da artırılmasıdır. MHŞT standartlarının tətbiqi nəticəsində qarşılıqlı əməkdaşlıqla məsələlərə aydınlıq gətirilməsi cəmiyyətin hökumətə verdiyi inam kreditinin göstəricisidir.

MHŞT STANDARTLARI

• (1.1) hökumətin öhdəliyi;

– Hökumət təşkilati məsələlərlə bağlı öz öhdəliyini hər zaman vaxtında yerinə yetirib. Hökumət Komissiyasının məlumatına görə, 2016-cı il yanvarın 26-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilmişdir. İclas iştirakçıları ÇQ-nin 2016-cı il üzrə İş planının layihəsini və 2014-cü il üzrə MHŞT hesabatının yekun layihəsini müzakirə etmiş və təsdiqləmişlər (http://www.oilfund.az/az_AZ/news/1021/127/Doevlet-Neft-Fondunda-MHsT-uezre-coxterefli-Qrupun-noevbeti-iclasi-kecirilmisdir.asp).

Rəsmən 2003-cü il noyabrın 23-də Nazirlər Kabinetinin 223 N-li Sərəncamı ilə Şəffaflıq üzrə Hökumət Komissiyası yaradılması elan edilib. Neft Fondunun İcraçı Direktoru Komissiyanın rəhbəri təyin olunub.
1. 3. Hökumətdən vətəndaş cəmiyyəti və şirkətlərlə işləmək və MHŞT-nin tətbiqinə nəzarət etmək üçün Çoxtərəfli qrup təşkil etmək tələb olunur.

a) Hökumət, şirkətlər və vətəndaş cəmiyyəti tam, fəal və səmərəli şəkildə MHŞT prosesinə cəlb edilməlidir.

b) Hökumət qanunlar, normativlər və inzibati qaydalar, o cümlədən MHŞT-nin tətbiqinin faktiki təcrübəsi baxımından şirkət və vətəndaş cəmiyyətinin iştirakı üçün əlverişli mühitin olmasını təmin etməlidir. Çoxtərəfli qrupun üzvləri də daxil olmaqla (lakin onlarla məhdudlaşmayaraq) MHŞT-yə cəlb edilmiş vətəndaş cəmiyyətinin və şirkət nümayəndələrinin fundamental hüquqlarına hörmət bəslənilməlidir.

– Bu qaydaya hökumət çox hörmətlə yanaşıb. Azərbaycan Dövlət Neft Fondunun inzibati binasını Çoxtərəfli Qrupun iclasları üçün təmənnasız şəkildə onların ixtiyarına verib, o cümlədən bu binada Şəffaflıq Koalisiyasının xarici nümayəndə heyətləri ilə görüşləri, həmçinin media və QHT-lər üçün hesabatların təqdimetmə mərasimləri də keçirilib.

MHŞT üzrə Komissiya keçiriləcək görüşlər, müzakirə aparılacaq məsələlər barədə öncədən vətəndaş cəmiyyəti üzvlərini məlumatlandırıb və onların iclaslarda iştirakı təmin edilib.

Nərgiz Cavadzadə 

Tədqiqat “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir