Artıq uzun illərdir “çirkli pulların yuyulması və idarəedilməsi” sahəsində böyük təcrübəyə malik olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev tərəfindən yaxın qohumu Anar Əliyevə məxsus olan offşor şirkətlər vasitəsilə ölkədən milyardlarla dollar neft pulları çıxarılır.
SOCAR xaricdə fəaliyyət göstərən Anar Əliyevin başı üzərində əsir, onun üçün dəridən-qabıqdan çıxır, heç kimin tanımadığı bu “iş adamı”nı var-gücü ilə mühafizə edir, informasiya blokadası qurmağa cəhd edir. Məqsəd onun əli vasitəsilə oğurlanmış və ölkədən çıxarılmış milyonlarla dollar vəsait və ümumiyyətlə həyata keçirilən korrupsiya əməliyyatları barədə informasiya blokadası qurmaqla yerli və beynəlxalq ictimaiyyətdən gizlətməkdir. Baxmayaraq ki, SOCAR buna tam şəkildə nail ola bilməyib. Belə ki, Global Witness şirkəti Anar Əliyev və onun sirli fəaliyyətini təfsilatı ilə açıqlayıb.
SOCAR TRADENG SA korrupsioner Anar Əliyevin SOCAR-la ümumi biznesinin yalnız bir elementidir
SOCAR Anar Əliyevi mühafizə etməkdədir. Çünki Anar Əliyev SOCAR prezidenti Rövnəq Abdullayevin yaxın qohumudur. Hələ bir neçə il öncə məlum olmuşdur ki, SOCAR-ın 50-yə yaxın layihəsinin icraçısı olan şirkətlərlə Anar Əliyev adlı şəxsin bağlılığı var. Bunlardan yalnız birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan SOCAR Trading SA şirkətindən Anar Əliyevin qazancı 200 milyon dollardan artıq olub.
Ümumiyyətlə, SOCAR neft istehsalından tutmuş onun satılmasına qədər işləri bir neçə özəl ortaqla paylaşıb. Bu işlər paylaşılarkən tenderlər keçirilməyib və Azərbaycan neftindən özəl ortaqların hansı məntiqlə seçilməsi sirr olaraq qalır. Mətbuatda gedən xəbərlərə görə SOCAR potensial investorlar üçün hazırladığı bond prospektində deyilir ki, şirkət “iki beynəlxalq tərəfdaşı” ilə birgə Maltada Supra Holding şirkətini yaradıb.
SOCAR-ın internet səhifəsində həmin şirkətin nizamnamə kapitalının cəmi 5 milyon dollar olduğu göstərilib. Həmin şrkət isə öz növbəsində Socar Trading SA şirkətini yaradıb ki, şirkət Azərbaycan neftinin xaricdə satışını təşkil edir. Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əlaqələr Departamentinin xarici bazara çıxardığı xam neftin nə az, nə çox 60 faizini SOCAR Trading SA satırmış ( Mənbə: SOCAR Bond Prospect).
Bu əməliyyatlardan SOCAR Trading SA-nın təkcə 2010-cu ilin yanvarından 2011-ci ilin iyununa qədər 128 milyon manat mənfəət götürüb. Bu məbləğin sadəcə 50% SOCAR-a çatıb. Qalanı isə digər payçılar arasında bölünüb. SOCAR Trading SA Anar Əliyevin biznesinin yalnız bir elementidir. Ona məxsus olan digər şirkət Heritage General Trading FZCO ilə SOCAR-ın ümumi biznesinin daha geniş olduğu göstərilir. Bütün bu araşdırmalar göstərir ki, Azərbaycan neftinin satışından daxil olan milyardlarla vəsaitlər müxtəlif adlar və firmalar vasitəsilə ölkədən çıxarlır.
Mənbələr iddia edirdi ki, SOCAR Azərbaycan neftini nisbətən ucuz qiymətə SOCAR Trading SA satır, sonuncu isə həmin nefti real bazar dəyəri ilə alıcılara sataraq külli miqdarda gəlir qazanırmı. Maraqlısı odur ki, şirkətin adı Dövlət Neft şirkəti olsa da, bu gün insanlar SOCAR-ı daha çox Rövnəq Abdullayevin şəxsi biznesi kimi qəbul edirlər. Ölkənin il ərzində satdığı neftin həcmini həmçinin investisiya layihələri üçün ayrılan vəsaitlərdən qoparılan məbləğləri düşündükdə ortaya fantastik rəqəmlər meydana çıxır. Bütün bu pullar xalqın və dövlətin cibindən oğurlanmış pullardır.
Zamiq Şükürov
iqtisadçı-ekspert