Fitch” reytinq agentliyi Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatın azaldılması qərarının uzadılmasının neft qiymətlərini dəstəkləyəcəyini bildirib.
“Report”un Agentliyə istinadən verdiyi xəbərə görə, açıqlamada hasilatın azaldılması qərarının 2018-cı il mart ayının sonuna qədər uzadılmasının dünyada xam neft ehtiyatlarının azalmasına yardım edəcəyi bildirilib. Bundan başqa, “Fitch” dünyada xam neft ehtiyatlarının gələn il təkrar arta biləcəyi ilə bağlı xəbərdarlıq da edib.
Açıqlamada gələn il OPEC-in hasilatın azaldılması qərarının yenidən uzadılmaması, dünya miqyasında yeni neft layihələrinin fəaliyyətə başlaması və ABŞ-da neft hasilatının artması ilə ehtiyatın arta biləcəyi qeyd olunub.
Dünya miqyasında ehtiyatların azalmaması və neft qiymətlərinin yüksəlməməsi vəziyyətində OPEC-in hasilat səviyyəsini azaltma qərarını uzatmamağa üstünlük verə biləcəyinə diqqət çəkən açıqlamada “OPEC anlaşmadan əvvəlki hasilat səviyyəsinə qayıdaraq bazar payını itirməməyi istəyə və üzv ölkələr də hasilat miqdarını artıraraq gəlirlərini çoxaltmağı seçə bilərlər” qeyd edilib.
“Fitch” agentliyi “Brent” neftinin qiymətinin qısa müddətdə 50-55 dollar/barel aralığında qalacağını, uzun müddətdə isə 65 dollar/barel səviyyəsinə yülsələcəyini proqnozlaşdırır.