Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

QMİ: Xocalı cinayəti soyqırım kimi tanınsın

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları öz havadarlarının köməyi ilə Xocalı şəhərinə qəfil silahlı basqın edib və oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törədiblər. Ermənistan silahlı quldurlarının təcavüz etdiyi həmin gecə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib.

Müraciətdə bildirilir ki, Xocalı şəhəri yerlə-yeksan edilib, əhalinin 150 nəfəri itkin düşüb, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb. Vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin cəsədlərinin üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilib.

“Mahiyyət etibarilə Xocalı faciəsi Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eynidir. 26 il keçməsinə baxmayaraq, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almayıblar. BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələbləri bu günədək yerinə yetirilməyib. Azərbaycanın beynəlxalq ictimaiyyətə mütəmadi müraciətlərinə obyektiv yanaşan dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanısa da təəssüf ki, bu dəhşətli cinayətə etinasız yanaşanlar da var” ,- müraciətdə deyilir.

Sənəddə Azərbaycan dindarları adından dünyanın dini liderləri, parlamentləri, beynəlxalq təşkilatlar və Avropa Məhkəməsindən Xocalıda törədilən cinayətin soyqırım aktı kimi tanınması istənilir.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan Silahlı Qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edib. 613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir