Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

“Xaqanidən roman yaz, mən çatdıra bilmədim” – Musa Yaqubdan Rüstəmxanlıya

Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı Türkiyədə yaşayan tanınmış şair Məmməd İsmayılla ilə birlikdə hazırda ağır vəziyyətdə olan Musa Yaquba baş çəkiblər. S,Rüstəmxanlı  görüşlə bağlı təəssüratlarını özünün feysbuk hesabında yazıb. BakuPost.az həmin statusu təqdim edir:
“Türkiyədən üç gün öncə gəlmiş Məmməd İsmayılla dünən Buynuzda Musa Yaquba baş çəkdik. Kreslosunu evin birinci mərtəbəsində, kəllə otaqda, pəncərənin qabağında qoydurub. Azca əsinti olan kimi bağçadakı ağacların budaqları şüşələri silib keçir. Evin böyründən divar kimi dikələn dağın ətəyini bürüyən meşə, arxın o üzündəki dağdağan ağacı və evin üst qatından dağdağan ağacının dibinə uzanan körpü görünür burdan. Arxın qırağında, körpünün üstündə, dağdağanın dibində süfrələr açmışıq bir vaxtlar. Bu taydan o taya keçənədək üç dayanacağımız vardı… Musanın arıqlamış və tutqun üzü birdən işıqlanır. Üzündəki təbəssüm gedişimizə sevindiyini bildirir. Başının işarəsi ilə “xoş gəldiniz!” deyir. Stul çəkib qarşısında otururuq. Əhvalını soruşuruq, son telefon danışığımızda səsinin daha gur çıxdığını deyirəm. “İki-üç gündür ürək döyüntüm artıb” deyir. Bu danışıq zamanı tez-tez Məmmədə baxır. Məmmədə elə gəlir ki, qardaşımız heç onu tanımadı. Zarafatla “Halına yananı tanımadınmı?” – deyir. Musa cavab vermir. Axırda mən soruşuram: “Musa, çox diqqətlə baxırsan, deyəsən Məmmədi tanımadın…”
Xəstə qardaşımız halını pozmadan: “Meşələrə yolum düşüb ..” deyir. Gülüşürük. Bununla Məmmədin az qala ilk şeirlərindən birini yada salır. Yəni “mənə sataşmayın, tanımaq nədir, altmış il əvvəlki şeri də yadımdadır”.
Musayla görüşəndə Şirvan tarixi haqqında çox danışmışıq. İndi də “Dünən Pirsaat qoruğuna getmişdim, Pirhüseyn abidəsi məni heyran etdi, çılpaq təpələrin ətəyində nə dəyərli bir abidə ucaldıblar. Ermənilər, ruslar partladıb, dağıdıb kaşılarını söküb satsalar da yenə əzəmətini itirməyib. Şirvan tarixi, Şirvan mədəniyyəti açılmamış sirlərlə doludur…”
 Bayaqdan çətinliklə danışan Musa elə bil dirçəlir. Nitqi nizamlanır, mənim ortaya atdığım mövzunu davam etdirir, Xaqanidən danışanda gözü dolur. “Xaqani dəyərini almamış dahidir. Ondan bir roman yaza bilərsən. Mən çatdıra bilmədim!”- deyir. “Niyə, sənin poeman gözəldir!”- deyirəm. “Sənin dostun Rafael yaxşı bilir o dövrü…” -deyir (Rafael Hüseynovu nəzərdə tutduğunu bilirəm).
Beləcə söhbət uzanır. Ancaq bəzən bağçadan gələn quşların səsi söhbətimizi eşidilməz edir. “Elə bil evin içindədir bu quşlar. Bu vaxtlar hər yanda qaynaşırlar”. Musa təsdiqləyir. “Səslərini dinləyir, düşünürəm. Doğrudan qaynaşırlar. Köç vaxtı yaxınlaşır axı!” Bu sözü deyəndə köçəri quşları nəzərdə tutsa da mənə elə gəldi ki, elə bizə də aiddir… Söz verdi ki, bir az yaxşılaşan kimi zəng vurub bizi çağıracaq… Vidalaşıb çıxdıq. Bir gözümüz arxada…Yol boyu Musa Yaqubun nə qədər nadir bir şəxsiyyət, vicdanlı bir vətəndaş, gözəl insan və təkrarsız şair olduğundan danışırdıq… Sevgimiz dərman olsa bir gündə sağaldardı onu…
21.08.2018

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir