Bizim vətəndaşlar Gürcüstan və Ermənistan sakinlərindən kasıbdır
Son iki ildə artıq Azərbaycanın “analoqsuz” adlandırılmadığı bir müddətdə ölkədə benzin iki dəfə bahalaşıb (dünənki bahalaşmanı nəzərə almırıq): 2017-ci ilin noyabrında və iyulunda. Hər dəfə qiymət şokundan sonra hakimiyyətə xidmət edən KİV xalqa açıqlama verir ki, Azərbaycanda benzinin qiyməti Amerikada və Avropa ölkələrində olduğundan aşağıdır, xalq buna sevinməlidir və iradını bildirməməlidir. Xalqın da acığı tutur ki, Azərbaycanda və demokratik ölkələrdə benzinin qiymətini nəzərdən keçirərkən niyə bu təbliğatçılar müqayisə etdikləri ölkələrdə orta əməkhaqqı barədə “unudurlar”. Xalq hökumətyönlü jurnalistlərdən savadlıdır və başa düşür ki, mühüm olan malın mütləq qiyməti deyil, onun sayıdır ki, həmin orta əməkhaqqına bu maldan nə qədər almaq olar. Hesablamalar göstərib ki, bahalı Amerika benzinini oradakı işsizlər daha çox sayda ala bilər, nəinki azərbaycanlı çalışanlar.
Avqustun 20-də Qurban bayramı ərəfəsində Azərbaycan rəhbərliyi əhalini Aİ-95 “Premium” benzinin qiymətinin 1,25 manatdan 1,50 manatadək artması xəbərilə “təbrik etdi”. “Superpremium” benzin isə 1,90 AZN oldu.
Turan agentliyi Aİ-95 benzini bahalaşdıqdan sonra onun qiymətini qonşu ölkələr, Avropa ölkələri və ABŞ ilə müqayisə edib. Bu zaman ru.globalpetrolprices.com-dakı qiymət cədvəlindən istifadə olunub. Başqa ölkələrdəki qiymətlər 2018-ci il 13 avqust tarixində Amerika dollalı ilə hesablamada göstərilir. 1,50 AZN (Azərbaycanda Aİ-95 benzininin son qiyməti) 0.88 ABŞ dollarına bərabərdir. Öz nefti olmayan Qırğızıstanda 0.66 dollardır.
Rusiya – 0.67;
Belarus – 0.68;
ABŞ – 0.83;
Gürcüstan – 0.95;
Ukrayna – 1,07;
Türkiyə – 1.12;
Azərbaycanın bahalı benzin aldığı Rumıniya – 1,38;
Estoniya – 1.56;
Böyük Britaniyada premium benzinin bir litrinə 1,66 dollar alınır.
Keçək ən xoşagəlməz məqama: sadalanan ölkələrin bəzisində orta əməkhaqqıya.
İngiltərədə bütün vergilər çıxıldıqdan sonra ayda 1,773 funt. Estoniya – 1,259 dollar, Rusiya- 829 dollar, Türkiyə – 907 dollar, ABŞ- 4580 dollar. Gürcüstanda orta əməkhaqqı bir az çoxdur 400 dollar. Bu ilin aprelində Azərbaycanda orta əməkhaqqı 510 manat və ya 300 dollar təşkil edib ki, bu da Gürcüstan və Ermənistanda olduğundan azdır.
Bu, o deməkdir ki, ortastatistik azərbaycanlı ayda 340 litr “Premium” benzin ala bilər. Amma ortastatistik amerikalı 5518 litr, gürcü 421 litr ala bilər və s. “Premium” markalı benzini almaq imkanı olan azərbaycanlılar yeni qiymətə görə sadalanan dövlətlərin vətəndaşları arasında ən pis vəziyyətdə olanlardır. Məhz buna görə də artıq hökumətyönlü ekspertlər bizim ölkədə benzinin qiymətini digər dövlətlərdəki tariflərlə müqayisə edərək azərbaycanlıları aldatmağa cəhd göstərmirlər.
Onu da deyək ki, ötən illərdə Azərbaycan KİV-i istehlakçıları inandırmağa çalışırdı ki, “Premium” benzinin baha olması Azərbaycanda bu məhsulun istehsalının olmamasından irəli gəlir, dövlət isə lazımi tədbirlər görür. 2018-ci ildə (ay açıqlanmır) rekonstruksiya edilmiş H.Əliyev adına Bakı Neft Emalı Zavodunda bu markalı benzin istehsal ediləcək. Ancaq indi nə BNEZ-də neft istehsalından, nə də bu zavodun rekonstruksiyasından söz açan yoxdur. Üstəlik, əgər BNEZ-də “Premium” benzinin istehsalına başlanılarsa onun qiymətinin ilkin səviyyəyə endiriləcəyini də vəd etmirlər.