Yay mövsümü ilə bağlı insanların kondisionerlərə olan tələbatı təbii olaraq artıb. Artıq hər evdə, o cümlədən iş yerlərində kondisioner görmək mümkündür. Lakin eyni zamanda kondisionerlərin ziyanı barədə söz-söhbətlər də bir o qədər çoxalıb.
Maraqlıdır, hazırda kondisioner bazarında vəziyyət necədir? İstehlakçılar kondisioner alan zaman nələrə diqqət etməlidir?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında bildirib ki, hazırda bu sahədə ciddi problemlər var:
“Hələ qış aylarından etibarən kondisionerlərlə bağlı məhkəmə işlərimiz gedir. Bu sahədə istehlakçıların aldadılması baş verir. Əlbəttə, satıcılar bütün hallarda alıcıları aldadırlar. Adətən kondisionerin normal soyudub-isitməsi ilə bağlı yanlış məlumatlar verilir. Məsələn, kondisionerlərin sənədlərində “60 kvadrat metrlik evi soyuda bilər” yazılır. İstehlakçının evi 40 kvadrat metrdirsə, fikirləşir ki, bu kondisioner mənim evimi normal soyudacaq. Lakin satıcı qeyd edilən ölçünün kub metr olduğunu demir, yəni evin hündürlüyü nəzərə alınmayıb. İstehlakçılar sənədləri nəzərdən keçirən zaman evin həcmini düşünməlidirlər. Çox təəssüflər olsun ki, Azərbaycana gətirilən kondisionerlərin sənədlərində bu məsələ aydın qeyd olunmayıb və bilərəkdən gizlədilir.
Eyni zamanda gətirilən kondisionerlərin 80 faizinin sənədlərində Azərbaycan dilində hər hansı məlumat əks olunmadığına görə istehlakçı heç nə başa düşmür. Sadəcə, satıcının şirin dilinə inanıb alır və daha sonra kondisionerdə müəyyən problemlər çıxır”.
E.Hüseynovun sözlərinə görə xüsusilə kreditlə alınan kondisionerlər müəyyən problemlərə səbəb olur:
“Kredit yolu ilə alınan kondisionerlərdə problemlər var. Kondisioner istehlakçının tələbatını ödəmir və onu qaytarmaq istəyir. Lakin kredit ödəmə vaxtı çatanda onu məhkəməyə verirlər və istehlakçı ümumiyyətlə öz hüquqlarını müdafiə edə bilmir.
Digər tərəfdən kondisionerlərin nə dərəcədə soyutması barədə şəffaflıq yoxdur. Bu sahədə böyük qaranlıq var. Azərbaycana gətirilən kondisionerlərin əksəriyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanılmayıb və heç bir sertfikat verilməyib. Bu cür malları satmaq isə qadağandır”.
Yenifakt.info
Müstəqil xəbərlər portalı