“İnsanları danışmağa qoymurlar, haqqını tələb edən bir saatın içində “narkobaron” olur”.
Suallarımıza cavab tapmaq üçün, Almaniyada mühacirət həyatı yaşayan “Demokratik Dəyərlərə Dəstək” İB-nin sədri Taryel Bayramovla söhbətləşdik:
Taryel bəy Azərbaycanı tərk etdiyiniz vaxtdan bir müddət keçib. Avropalılaşa bilmisinizmi?
Əvvala hər nə qədər vətəndən uzaqda olsaq da, bizləri unutmadığınız üçün təşəkkür edirəm.
Bildiyiniz kimi, hal-hazırda təkcə mən deyil. Bəziləri üçün, Avropa nə qədər şirin görünsə də, Avropada mühacir olmaq, mühacir yaşamaq yaxşı bir hiss deyil. Avropalılaşmaq isə tamam başqa məsələdir. Əvvəla, biz buraya gəldiyimiz ilk gündən Alman qanunlarına, daha doğrusu alman cəmiyyətini “dəmir yumruğa” çevirən qaydalara tabe olmağı əsas şərt qoyduq özümüzə. Hesab edirəm ki, harada olmasından asılı olmayaraq, insanların hüzuru, öncə qanunçuluğu öyrənməsi ilə başlayır. Uyğunlaşmamız üçün elə də ciddi problemlərlə qarşılaşmadıq. Əsas hədəfimizdən biri Alman dilini öyrənmək idi ki, burada olduğumuz müddətə ailəlikcə xeyli irəliləyiş əldə etmişik. Gələcəyi isə təbii ki zaman göstərəcək.
Necə düşünürsünüz Avropadan Azərbaycan necə görünür? Cəmiyyətlərimizin fərqi nədədir?
Asan olduğu qədər də çətin sualı cavablandırmağımı istəyirsiniz. Ümuumiyyətlə hər şey kənardan külliyatı ilə, çılpaqlığı ilə daha aydın görünür. Sualınızı iki hissədə cavablandıracağam. Əvvəlcə, cəmiyyətimizə üzümü tutub demək istəyirəm ki, dünyaya AzTV-nin gördüyü gözlə baxana qədər, kim olduğunuzu unudacaqsınız. Elmin-texnikanın cebinizə gəldiyi bir dönəmdə, hər şeyi araşdırın, eşitdiklərinizə, sizə təqdim olunanlara deyil, özünüz gördüklərinizə, özünüz oxuduqlarınıza inanın. Qaldı sizin sualın özəyinə. Hesab edirəm, bu sualın cavabı, az da olsa varlığını sürdürən obyektiv və müxalif mediada hər gün verilir. İndiki İlham Azərbaycan – korrupsiyada öncül, insan haqlarının nəinki pozulması, ümumiyyətlə olmaması ilə beynəlxalq təşkilatların hesabatlarında reytinqlər qıran, cəmiyyətin böyük kəsiminin manqurtlaşdırılaraq yaltaq, ikiüzlü, vicdanını sata biləcək kütləyə çevirən, ziyalı gəncliyini “ucuz və cılız” narkotik ittihamı ilə şərləyərək həbsxanalara dolduran, müxalif rəqibləri ilə siyasət qaydalarında deyil, “vor v zakone” qaydalarında davranılan, Rusiyanın peyki olmaq üçün əməlli-başlı canfəşanlıq edən bir cəmiyyət olaraq görsənir.
Siyahını sonsuz sayda uzada bilərik, amma nə faydası var? Hamımız hər gün eyni şeyi təkrar etsək də, elə bil Azərbaycan xalqına yüksək dozalı narkoz vurublar. Hökümət hər saatbaşı özləri də bilmədən bu xalqı oyatmaq üçün “dəridən qabıqdan” çıxır, amma xalq oyanmır ki oyanmır. Hesab edirəm ki, bu da cəmiyyətdə olan lider boşluğundan qaynaqlanır. Öz xarizması ilə getdikcə populyarlaşan, şəxsən mənim də rəğbət bəslədiyim siyasətçi İlqar Məmmədovu bu boşluğu dolduracaq əsas şəxs hesab edirəm. Yeri gəlmişkən saytınız vasitəsi ilə, İlqar bəyi doğum günü münasibəti ilə təbrik edirəm.
Cəmiyyətlərimizin fərqinə gəlincə… Mən Almaniyada yaşadığım üçün özümüzü almanlarla
müqayisə etməyə çalışacağam. Əvvəla almanlar qanunpərəstdirlər. Yəni, bir alman dövlətinin
qanununu bizdən fəqli olaraq yalnız qanun keşikçilərinin gözləri önündə pozmur. Hətta burada bel bir fikir var ki, “almanlara polis lazım deyil, özləri-özlərinin polisləridir”. Həqiqətən də, əgər burada bir almanın gözü qarşısında qanun pozuntusu etmək, polisin bundan xəbər tutacağı və cərimələnəcəyiniz deməkdir. Bizdə isə bu məsələyə yanaşmanı bilirsiniz, üzərində durmuram. Biz bürokratiyanı rüşvətlə ortadan qaldırırıq, qanunun pozulması, işimizin “düzəlməsi” üçün rüşvət veririk, gülməli çıxmasın, bir alman isə qanunun pozulmaması üçün bəlkə də “rüşvət verər”.
Azərbaycanın mövcud siyası vəziyyətini necə qiymətləndirirsiniz?
Mən ümumiyyətlə Azərbaycanda siyasətin olduğunu, daha doğrusu bütün dünyanın qəbul etdiyi siyasət qaydalarının olduğunu qəbul etmirəm. XXI əsrdə, hələ də feodal qaydaları ilə idarə edilən bir ölkədə hansı siyasi vəziyyətdən danışmaq olar ki? Dövlətin siyasi institutları siyasi iştirakçılıqdan kənarda qaldığı, bələdiyyə seçkilərindən tutmuş prezident seçkilərinə qədər A-dan Z-yə bütün qərarların saxtalaşdırıldığı, bir nəfərin diktəsi ilə elan edildiyi diktatura məmləkətinin siyasi vəziyyətini, cəmiyyət-xalq deyil, diktatorlar müəyyən edir. Sinələrinə döyüb öyündükləri, özlərinin dediyi kimi “bütün dünya üçün örnək ola biləcək ictimai-siyasi sabitlik” mifi, infilyasiyanın ilk günündəcə çatlaq verdi. Regionlarda başlayan etiraz aksiyalarını, özlərinə xas üsulla yatırdılar. İnsanları danışmağa qoymurlar, haqqını tələb edən bir saatın içində “narkobaron” olur. Azərbaycan günü-gündən uçuruma gedir. Sosial-iqtisadi durum barıt çəlləyi kimidir, hər an partlaya bilər. Cüzi qanunçuluq mühiti olsa, bircə gecədə xalq bu hakimiyyəti məhv edər.
Azərbaycanın Avropa ilə əməkdaşlığının hansı müsbət cəhətləri ola bilər?
Baltik ölkələrinin təcrübəsi göz önündədir. Ukrayna və Gürcüstanı da buraya əlavə edək və
məsələyə qısa, amma geniş rakursda baxaq. Bu gün Avropanın hakimiyyətdən istədikləri nədir – öz xalqına qarşı amansız davranışı dayandırmaq, insanların konstitusion hüquqlarını, “Xalq-Dövlət-Hakimiyyət” üçbucağında olanların öz qanunlarına əməl etməsini təmin etmək, siyasi fəalları şərləyib həbs etməkdənsə dinləmək. Bircə dənə pis bir tələb göstərin mənə.
Hakimiiyətlərini qorumaq üçün əllərində bayraq etdikləri “Qarabağ boyda dərdimiz”də də bizi Avropa dəstəklədi, işğqala qarşı qəti mövqe də Avropa göstərdi. Avropanın inkişaf səviyyəsinə görə ən sonuncu ölkəsində belə, insanlar Azərbaycan hakimiyyətinin öz xalqına davrandığı qədər mazaxist davranışa məruz qalmır. Digər tərəfdən, biz istəsək də, istəməsək də Avropanın bir parçasıyıq, Avropa ilə əməkdaşlıq bizim kimi kiçik dövlətlərin gələcəyinin qarantı, uğurlarının başlanğıcıdır. Bir az vicdanlı rejim, heç vaxt Avropaya yan çevirməz, nə qədər “balanslaşdırılmış siyasət” aparsa belə… Belə deyək, bu gün Rusiyanın “ən doğma balası” – Ermənistan belə Avropaya istiqamətlənir. Halbuki Ermənistan həqiqətən də varlığını Rusiyaya borcludur.
Yeri gəlmişkən, sizcə Rusiya Azərbaycan münasibətlərində hansı maraqlar dayanır?
Rusiyanın Azərbaycana qarşı münasibəti tarix boyu birmənalı olub – sömürmək. Bizim
sərvətlərimiz Rusiya üçün tarixin bütün mərhələlərində vazkeçilməz olub, bu gün də belədir.
Rusiya heç bir zaman müstəqil, güclü, öz iqtisadiyyatı olan Azərbaycanı istəməyib və
istəməyəcək. Bu onun heç bir çıxarına uyğun deyil. Mən cari Rusiya –Azərbaycan
münasibətlərini, “hakimiyyətdəkilər və Putin” münasibətləri kimi xarakterizə edərdim. Rusiya
Azərbaycan münasibətlərinin gerçək maraqlarına rəhmətlik Elçibəy cavab verirdi ki, onun
nəticələrini hamımız gördük. Mən, türkçü, tolerant, demokratik və Avropanın bir parçası Azərbaycanın arzusundayam. O gün az qaldığına da şübhəm yoxdur.