Bu gün Yasamal rayon İcra Hakimiyyətinin rəhbərlik etdiyi işçilər 20-ci əsrin əvvəllərinə məxsus memarlıq binasının (Mirzə Fətəli, 45) tam sökülməsinə başlayıblar.
Həmin bina Bakının «Sovetski» adlanan tarixi hissəsində yerləşir.
Mənzilin mülkiyyətçilərindən biri Faiq Əliyev öz evində barrikada quraraq çıxmaqdan imtina edir. O bildirib ki, ekskavator artıq birinci mərtəbənin tavanını dəlib keçib və ailə xarabalıq altında qala bilər.
F.Əliyev ona uyğun kompensasiya və ya qiymətcə bərabər mənzil verilmədiyini deyərək, icra hakimiyyətini məhkəməyə verib.
İyunun 30-da 2 saylı İnzibati-İqtisad Məhkəməsində onun şikayətinə baxılmalıdır. Məhkəmə mübahisəsi olmasına baxmayaraq, icra hakimiyyəti binanı sökməyə başlayıb.
«Sovetski» adlanan yaşayış massivində müntəzəm olaraq binalar sökülür. Ancaq hökumət ictimaiyyətə tikinti planını açıqlamayıb.
Bir neçə gün öncə baş nazirin müavini Abid Şərifov da tarixi binaların sökülməsinə münasibət bildirmişdi: «Bəzi tarixi binalar var ki, fasadında cəmi 3-4 dənə ağ daş qalıb. «Sovetski»də cəmi 23 tarixi bina var. Onlar da guya tarixidir. Biz mütəxəssislərlə qərara gəldik ki, o binalar söküləcək, onların yerləşdiyi küçələr genişlənəcək».
A.Şərifov deyirdi ki, «Sovetski»də sökülməsi nəzərdə tutulmuş 3 min 745 evdən yalnız 215-i sökülməmiş qalıb. Sökülən evlərin sakinləri isə köçürülüb.
Baş nazirin müavinin deməsinə görə, hər kvadratmetrə görə «Sovetski» sakinlərinə 1500 manat kompensasiya ödənilib. (azadliq.o