ATƏT-in Minsk Qrupunun amerikalı müvəqqəti həmsədri Riçard Hoqland Qarabağ ətrafında gedən danışıqların detallarını bölüşüb.
“Amerikanın Səsi”nə müsahibəsi zamanı Hoqland Qarabağın çətin keçmişini nəzərə alaraq onun statusunun qarşılıqlı anlaşma əsasında həll olunmasının vacibliyindən danışıb.
Hoqlandın sözlərinə görə Dağlıq Qarabağın daxili müstəqilliyi saxlanılmalıdır. Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayon isə işğaldan azad olunmalı və rəsmi Bakının icazəsi olmadan bu ərazilərdə məskunlaşma qadağan edilməlidir. Həmin rayonlarda Azərbaycanın suverenliyi bərpa olunmalıdır.
“Digər tərəfdən Dağlıq Qarabağı Ermənistana birləşdirən dəhliz olmalıdır. Lakin bu dəhliz bütün Laçın rayonunu əhatə etməməlidir. Münaqişənin uzunmüddətli həlli variantı bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına dönməsini nəzərə almalıdır”
Rəsmi Bakının icazəsi olmadan bu ərazilərdə məskunlaşmanın qadağan edilməsi ilə Hoqland nə demək istəyir?
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında Hoqlandın fikirlərinin pozitiv olduğunu deyib.
“Amerika əvvəlki mövqeyinə nisbətən pozitiv mövqe sayıla biləcək məsələləri gündəmə gəririr. 7 rayonun üzərində Azərbaycanın suverenliyinin dərhal bərpa edilməsi ciddi məsələdir.
Üstəlik, Bakının icazəsi olmadan bu ərazilərdə məskunlaşmanın qadağan edilməsi Amerikanın mövqeyində yeni və pozitiv çalardı.
Əvvəl deyirdilər ki, erməni işğalçı qoşunları 7 rayondan çıxarılsın. İndi isə daha ətraflı olaraq həm erməni işğalçı qoşunların adını çəkir, həm ərazilərdən qəti surətdə çıxarılmasını vurğulayır, həm də Azərbaycanın izni olmadan heç bir məskunlaşmanın aparıla bilməməsini deyir. Bu məsələdə təbii ki, bəzi yarımhəqiqətlər qalır. Necə olur ki, Moldovanın, Gürcüstanın ərazi bütövlüyü tanındığı təqdirdə, Dağlıq Qarabağ adı gələndə əlahiddə yanaşma metodu tətbiq edilir?!. Çünki Sovet məkanına daxil ölkələrin ssenarisi oxşardı”
Keçmiş dövlət müşaviri deyir ki, Laçın dəhlizi məsələsi nizamlama prosesinin mətninə daxildir.
“Nizamlama porsesi barədə buna bənzər fikir ilk dəfə 2007-ci ildə qəbul edilmiş Madrid prinsiplərində qəbul edilib. O zaman qeyd edilirdi ki, nizamlama prosesindən Dağlıq Qarabağın hüdudlarından kənarda 7 rayon Azərbaycana qaytarılmalıdır, amma Dağlıq Qarabağın keçid dövrü üçün statusu müəyyən edilməlidir. Keçid statusundan sonra isə Dağlıq Qarabağı Ermənistanla əlaqələndirən Laçın dəhlizi yaradılmalıdır. O zaman Laçın dəhlizi ətrafında müxtəlif mövqelər səsləndirildi.
Azərbaycan tərəfi Laçın dəhlizinin Dağlıq Qarabağla Ermənistan arasında əlaqə kimi birdəfəlik verilməsinin əleyhinə çıxdı. Bu, Azərbaycan tərəfindən müəyyən müddətə icarəyə verilə bilər. Azərbaycan həm də təhlükəsizliyi təmin etməyi üzərinə götürdü. Ermənistan isə dəhlizin ətrafında təhlükəsizlik zolağının olmasını deyirdi. ATƏT təhlükəsizlik zolağını 10 km Azərbaycan isə 5 km ola biləcəyini müəyyən edirdi. Azərbaycan isə keçid statusuna razı deyil. Dağlıq Qarabağın faktiki tanınma yolunda bir mərhələ sayıldığından Azərbaycan tərəfindən ləğv edilir”.