Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda 12-14 iyunda Azərbaycana səfərlərin yekununa dair bəyanat yayıblar.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumatına görə, bəyanatda bildirilir ki, səfər zamanı Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə olunub.
“Siyasi məhbus” adlandırılan bəzi şəxslərin 2016-ci ildə həbsdən azad edilməsini alqışlayan həmməruzəçilər bununla belə, bəzi həbslərdən narahatlıqlarını ifadə edib, bu il daha çox şəxsin azadlığa buraxılacağına ümidvar olduqlarını bildiriblər.
Həmməruzəçilər səfər ədalətli mühakiməyə dair əvvəlki müzakirələri davam etdiriblər.
Onlar penitensiar müəssisələrin işinin yaxşılaşdırılmasını, cinayət işləri ilə bağlı azadlıqdan məhrumetməni nəzərdə tutmayan alternativ sanksiyaların genişləndirilməsini alqışlayıb, hakimiyyəti bunu tezliklə reallaşdırılmağa çağırıblar.
Həmməruzəçilər yetkinlik yaşına çatmayanlarla bağlı da teliklə ədalətli mühakimə sisteminin tətbiqinə ümidvar olduqlarını qeyd ediblər.
Görüşlər zamanı QHT-in fəaliyyəti və maliyyələşdirilməsində məhdudiyyətlərin aradan qaldırılması istiqamətində lazımı islahatın həyata keçirilməsi və bunun vətəndaş cəmiyyətinin fəallığına və toplaşma azadlığına hörmətin təmin olunmasına imkan yaradacağına dair müzakirələr aparılıb.
Həmməruzəçilər ifadə və media azadlığı, bloqger Mehman Qələndərovun həbsxanada ölməsi, bloqger Mehman Hüseynovun həbsi və İlqar Məmmədovun həbsdən azad edilməsi məsələlərini də müzakirə edib, diffamasiyanın cinayətlər siyahısından çıxarılması ilə bağlı səyləri sürətləndirməyə dair AŞPA-nın çağırışlarını təkrarlayıblar.
Həmməruzəçilər Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı ilkin məruzələrini Monitorinq Komitəsinin sentyabrda keçiriləcək iclasında, tam məruzəni isə AŞPA-nın oktyabrda keçiriləcək sessiyasında təqdim edəcəklər.