AXCP sədri Əli Kərimli
İlham Əliyev öz dililə öz hakimiyyətini ifşa etdi.
“CNN Türk”ə müsahibəsində Əliyev deyir ki, Türkiyədə meşə yanğınları başlayanda bizim yeganə yanğınsöndürən təyyarəmiz plan üzrə 2 aylıq təmirdə idi. Biz təmiri sürətləndirib, 1 həftəyə təyyarəni göndərdik Türkiyəyə yanğın söndürməyə.
Təsəvvür edin, ölkənin bircə ədəd yanğınsöndürən təyyarəsi var. Onun da əsaslı təmirini planlayıblar iyul – avqust aylarına. Yanğınsöndürən təyyarələrin daha çox lazım olduğu meşə yanğınlarının bir qayda olaraq iyul – avqust aylarında baş verdiyi kimə aydın deyil? Nə qədər səriştəsiz olasan ki, yeganə yanğınsöndürən təyyarənin əsaslı təmirini iyul – avqust aylarına planlayasan? Aydındır ki, istənilən texnika ilin istənilən mövsümündə cari təmir tələb edə bilər. Burada isə qəfil meydana çıxmış cari təmirdən yox, əvvəlcədən planlaşdırılmış 2 aylıq əsaslı təmirdən söhbət gedir.
Biz azərbaycanlılar artıq alışmışıq, İlham Əliyev hökuməti hər dəfə yolların tikintisi və ya əsaslı təmiri yalnız başa çatandan sonra xatırlayır ki, yolun altından hansısa yeraltı kommunikasiyalar keçməli idi. Bir qayda olaraq yol təmiri başa çatan kimi hansısa boruları keçirmək üçün başlayırlar yeni təmir olunmuş asfalt yolları sökməyə. Ona da alışmışıq ki, “analoqsuz” hökumət bir qayda olaraq qış gəlməsə, qışa hazırlaşmaz. Kanalizasiya və istilik sistemindəki, qaz və elektrik təchizatındakı çatışmazlıqları aradan qaldırmaq, qartəmizləyən texnikanı saz vəziyyətə gətirmək Bakı küçələri yağış suları ilə sellənmədikcə, əhali evində donmadıqca, yollar buz bağlamadıqca yadına düşməz.
Hökumətin belə “qəribəliklərinə” haradasa alışmışıq, təəccüblənmirik. Ancaq yeganə amfibiya təyyarənin əsaslı təmirini iyul – avqust aylarına planlaşdırmaq üçün həqiqətən də analoqsuz olmaq lazımdır.