Yunis Səfərova ömürlük həbs cəzası kəsildi
Yunis Səfərov son sözündə bildirib ki, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə qarşı bu addımı atmağa onu vadar edən məmur özbaşınalığı olub. Onun sözlərinə görə, “məmur özbaşınalığı” deyəndə, söhbət yalnız Elmar Vəliyevdən getmir.
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşına qarşı sui-qəsddə suçlanan Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib. Avqustun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacşyevin sədrlik etdiyi hakimlər kollegiyası belə hökm çıxarıb.
Hökmə əsasən, digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası verilib.
Bu işdə təqsirləndirilən şəxslər arasında iki nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. Bunlar Anar Bağırov və Ağa Sərxanidir. Onlar da təqsirli hesab edilib, lakin öldüklərinə görə cəza təyin edilməyib.
Vəkillər bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.
Səfərovun son sözü
Yunis Səfərov son sözünü deməyə başlayanda məhkəmə zalında olanların onu eşidə bilməsi üçün mikrofonla təmin edilməsini istəyib. Buna cavab verən hakim Əfqan Hacıyev deyib ki, zaldakı mikrofon işləmir. Həm də onun son sözü artıq sosial şəbəkələrdə artıq yayılıb, insanlar oxuyub.
Məhkəmə zalında olanlar buna etiraz edib: “Biz Gəncədən o boyda yolu gəlmişik ki, burada nə deyildiyini eşidək…”
Bu etirazlara hakim “kimin xoşu gəlmir, çıxıb gedə bilər” cavabını verəndə təqsirləndirilən şəxslərdən Firudin Zeynalov qışqırıb: “Bu ölkə sənin deyil ki, adamlarla belə danışırsan…”
Yunis Səfərov son sözündə bildirib ki, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə qarşı bu addımı atmağa onu vadar edən məmur özbaşınalığı olub. Onun sözlərinə görə, “məmur özbaşınalığı” deyəndə, söhbət yalnız Elmar Vəliyevdən getmir.
“Ümumilikdə bütün ölkəmizi cənginə alan bir xəstəlikdən gedir. Belə bir duruma qarşı vətəndaş etiraz edirsə, bu normaldır, belə də olmalıdır. Burada problem yoxdur. Məsələ budur ki, niyə etirazın bu formada olub – zor, güc, silah tətbiq etməklə?” – deyən Səfərov Gəncə əhalisinin Elmar Vəliyevdən narazılığının hamıya bəlli olduğunu, amma heç bir tədbir görülmədiyini vurğulayıb.
Hakimlər Yunis Səfərovun son sözünü yarımçıq kəsərək hökm çıxarmaq üçün müşavirəyə gedib.
Yunus Səfərov- ömürlük
Mahir Əzizov- 20 il
Rasim Mustafayev-20 il
Akif Əliyev- 20 il
Firudin Zeynalov- 19 il
Vüqar Məmmədov- 19 il
Hamlet Abdullayev – 19 il
Ceyhun Salahov – 19 il
Cəfər Zalov- 18 il
Ceyhun Qurbanov 18 il
Ağa Sərxani və Anar Bağırov öldükləri üçün işlərinə xitam verilib.
Qeyd edək ki, Dövlət İttihamını müdafiə edən prokurorun istədiyi cəzalar olduğu kimi saxlanılıb
Azadlıq radiosu