AXCP sədri Əli Kərimli
Ordumuzun Baş Qərargah rəisi vəzifəsinə təyin olunmuş general-leytenant Kərim Vəliyev haqda tamamilə əks qütblərdən yazılar yazılır. Generalı tərifləyənlər də, tənqid edənlər də çoxdur. Mən şəxsən Kərim Vəliyevi tanımıram. Hələlik onu nə tənqid, nə də tərif etmək üçün tam əmin olduğum məlumatlara malik deyiləm. Bu yüksək vəzifədə bir müddət işlədikdən sonra biləcəyik ki, Kərim Vəliyev haqqında hazırda deyilən müsbət, yoxsa mənfi fikirlər doğrudur. Şəxsən mən istərdim ki, general onun haqda müsbət danışanları haqlı çıxartsın. Bu yazını isə tamamilə başqa məqsədlə yazıram.
Sosial şəbəkələrdə kifayət qədər böyük bir “islahatpərvərlər” dəstəsi yaranıb. Təkcə trollardan ibarət deyil bu dəstə. Aralarında xeyli real adamlar, hətta tanınmışlar da var. Həmin bu dəstə illərdir ki, İlham Əliyevdən intizarla islahat gözləyirlər. Ölkədə seçkini, çoxpartiyalılığı, parlamentarizmi, məhkəmə sistemini faktiki ləğv etmiş, korrupsiya təməlli rejim qurmuş bir şəxsin hər yeni təyinatını, yeni sərəncamını bu adamlar islahat adı ilə cəmiyyətə sırımağa hazırdırlar. Xalqımız bilmirmi ki, İlham Əliyev bütün yüksək vəzifəli şəxsləri indiyə qədər dəfələrlə dəyişib? İlham Əliyev iqtidarda olduğu 18 ildə 100-lərlə insanı tərifləyə-tərifləyə, xalqa islahat vədi verərək vəzifəyə təyin edibsə, sonra da həmin “yenilər” də köhnələrdən betər olubsa, “islahatçılar” da korrupsionerə çevrilibsə, deməli, problem yeni təyin olunan şəxslərdə yox, İlham Əliyevin başında durduğu sistemdədir.
Ölkədə elə idarəetmə sahəsi, nazirlik, komitə, rayon, şəhər yoxdur ki, rəhbəri dəyişməsin. Hətta bəzi sahələrin rəhbərləri 4-5 dəfə dəyişiblər. Bəs həmin sahələr, nazirliklər, rayonlar düzəlibmi? İlham Əliyevin şəxsi dostlarının, ən bərk gedən “islahatçıların” rəhbərlik etdiyi və profillərinə görə korrupsiyadan maksimum uzaq olmalı olan Mədəniyyət, Xarici İşlər, Milli Təhlükəsizlik nazirlikləri də korrupsiya və “otkat” yuvası olubsa, siz haradan tapacaqsız o “islahatçıları”?
Bu ölkədə nə Baş Qərargah rəisi, nə nazir və ya icra başçısı təkbaşına islahat apara bilməz. Bir az daha insaflı ola bilər. İnsanları çox yox, az incitməyə çalışa bilər. Ancaq bu qədər. Unutmayaq, bura avtoritar rejimli bir ölkədir. Biz müharibəni Baş Qərargah rəisi olmadan aparmış bir ölkəyik. Baş Qərargah rəisi və ya nazir, məsələn, orduya ayrılan vəsaitin Londondakı ofşor hesaba köçürülməsinin qarşısını ala bilərmi? Xaricdən silah alınmasındakı “otkatın” qarşısını ala bilərmi? Müdafiə Nazirliyi üçün çoxmilyardlıq dövlət satınalmalarını şəffaf tenderlər vasitəsilə həyata keçirə bilərmi? Cavabı hamımız bilirik. Bu ölkədə nazir, Baş Qərargah rəisi ciddi dəyişiklik edə bilməz. Ona görə də imkan verməyək ki, siyasi oyunbazlar xalqımızı növbəti “islahat” nağılları ilə yuxuya versin. Heç kimə imkan verməyək ki, bizi aldatsın və ölkədə köklü dəyişiklik tələbimizdən yayındırsın.