İyul ayının 19-dan qurama “Nardaran işi” ilə bağlı məhkəmə prosesi başlayıb.
Ötən ilin noyabrında Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) ikisi polis işçisi olmaqla 6 vətəndaşın ölümü ilə nəticələnmiş əməliyyatının mahiyyəti elə ilk iclaslarda ifşa olundu. “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə məhkəmədəki ifadəsində dedi ki, ondan tələb edirdilər ki, Nardaran hadisələrini Milli Şuranın, Cəmil Həsənli və Əli Kərimlinin təşkil elədiyini desin.
Əli Kərimliyə və mənə qarşı bu ifadəni almaq üçün hacı Taleyə dəhşətli işgəncələr veriblər.
DİN-in öz vətəndaşlarına qarşı keçirdiyi qanunsuz əməliyyatında ikisi polis olmaqla 6 vətəndaşın ölsürülməsi isə Əli Kərimlinin və mənim maddəmi ağırlaşdırmaq, insan ölümünə səbəb olan ixtişaşların təşkilatçısı “missiyası”nı bizim üzərimizə qoymaqdan ibarət idi.
Əslində göründüyü kimi, Azərbaycan qanunlarına görə, DİN, istintaq orqanları birbaşa cinayət əməlinə yol verib. Ağır işgəncələr altında məhbusdan (yəni döyülərək burnu sındırılmış hacı Tale Bağırzadədən) aidiyyəti olmadığımız işə görə Əli Kərimli və mənə qarşı böhtan xarakterli ifadələr almağa cəhd göstəriblər. Bu, öz-özlüyündə hüquq-mühafizə orqanlarının konkret olaraq bizə qarşı cinayət törətdiyinin açıq ifadəsidir.
Göründüyü kimi, istintaq prosesində hakimiyyətin başlıca rəqibi olan siyasi fəaliyyətlə məşğul olan konkret vətəndaşlara qarşı hüquq-mühafizə orqanlarının əli ilə dövlət səviyyəsində cinayət əməli həyata keçirilib. Lakin göründüyü kimi məhkəmə bu cinayət əməlinin üstündən sükutla keçir.