Hərraca çıxarılan dövlət obyektlərinin siyahısında 25 ədəd nəqliyyat vasitəsi də yer alıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 11 oktyabr tarixində keçiriləcək yeni hərrac elan edilib. Komitədən “APA-Economics”ə verilən xəbərə görə, bu dəfəki hərraca 85 dövlət müəssisə və obyekti çıxarılıb.
Hərraca çıxarılan dövlət əmlaklarının 30-u özəlləşdirmə prosesi çərçivəsində yaradılmış kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Bunlar Bakı, Gəncə, Sumqayıt şəhərləri, habelə Salyan, Ucar, Beyləqan, Ağdaş, Yevlax və digər rayonlarda yerləşən səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri kəndkimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, dəmir beton, sənaye, emal və digər sahələri əhatə edir.
Bundan əlavə 11 oktyabr tarixində keçiriləcək hərraca 30 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Bu obyektlər sırasında Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən qeyri-yaşayış sahələri, habelə ictimai iaşə və ticarət müəssisələri vardır. Eyni zamanda, hərraca çıxarılan dövlət obyektlərinin siyahısında 25 ədəd nəqliyyat vasitəsi də yer alıb.