Daxili İşlər Nazirliyi (DİN) “Ailə” TV-nin ofisinə basqınla bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi (RPİ) və Nizami RPİ 24-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də Xətai rayonu ərazisindəki ofislərdən birində gözətçi işləyən Hüseyn Dünyamalıyevin mobil telefonunu və 160 manat pulunu, habelə ofisdə olan 3560 manat pulu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən paytaxt sakini Kamran Süleymanov tutulub.
Hadisə ilə bağlı “Report”a “Ailə TV”nin mətbuat xidmətindən də açıqlama verilib. Açıqlamada bildirilib ki, bu işlə hazırda hüquq-mühafizə orqanları məşğul olurlar: “Bizdə olan məlumata görə, hadisəni üç nəfər törədib”.
***
Bakının Xətai rayonunda yerləşən “Ailə TV” kabel televiziyasının ofisinə silahlı basqın olub.
“Report”un məlumatına görə, naməlum şəxslər ofisin gözətçisini döyərək, ona xəsarətlər yetirib, daha sonra içərisində 3500 manat olan seyfi aparıblar.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.