Fuad Əhmədliyə 30 sutkalıq həbs cəzası verilib
Siyasi Məhbuslar və İşgəncə Qurbanlarının Müdafiəsi Mərkəzi İctimai Birliyinin həmtəsisçisi və AXCP fəalı Fuad Əhmədli ictimai asayişi pozmaq ittihamı ilə 30 sutka müddətinə həbs olunub.
Bu barədə Amerikanın Səsinə hüquq müdafiəçisi Zəfər Əhmədov məlumat verib.
Onun sözlərinə görə, qərarı bu gün Bakının Nəsimi Rayon Məhkəməsi qəbul edib:
“Bu gün vəkil Zibeydə Sadıqova ilə birgə 7 saata yaxın 22-ci polis bölməsinin qarşısında gözlədik. Cəhdlərimizə baxmayaraq, Fuad Əhmədlinin vəkili ilə görüşünə imkan yaratmadılar. Biz onu heç cür görə bilmədik, gizli formada onu Nəsimi rayon məhkəməsinə apardılar. Fuad Əhmədliyə İnzibati xətalar məcəlləsinin 510-cu maddəsini əsas tutaraq 30 sutka müddətinə inzibati həbs verdilər”.
Zəfər Əhmədov deyir ki, partiya fəallarından ibarət qrup Niyaməddin Əhmədova dəstək üçün məhkəməyə gəlib və məhkəmə prosesi başlamazdan əvvəl bir qrup fəalla birlikdə heç bir səbəb olmadan polis əməkdaşları tərəfindən saxlanılıb.
Hüquq müdafiəçisi Fuad Əhmədlinin həbsini oktyabrın 7-də bir qrup fəalın 17 saylı cəzaçəkmə müəssisəsinin qarşısında AXCP sədrinin mühafizəçisinə dəstək məqsədilə keçirilən etiraz aksiyası ilə əlaqələndirib.
Rəsmi qurumlar Fuad Əhmədlinin saxlanılması və ya aqibəti ilə bağlı hələ məlumat yaymayıb.
Amerikanın səsi