Avqustun 19-da Həcc ziyarəti zamanı Ərəfatda qasırğa baş verib. Qasırga güclü yağış, küləklə müşayiət olunub. Amma azərbaycanlı zəvvarlar arasında xəsarət alan yoxdur. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məlumatında bildirilir.
“Dünən və bu gün Məkkədə olan QMİ nümayəndələri ilə telefon əlaqəsi saxlanılıb. Həcc qrupları rəhbərlərinin verdiyi məlumata görə, azərbaycanlı zəvvarlar Həcc ibadətlərini normal qaydada davam etdirirlər”, – məlumatda deyilir.
QMİ qeyd edir ki, zəvvarlar əvvəlcədən müəyyənləşdirilmiş qaydada qrup-qrup Azərbaycana qayıtmağa başlayacaqlar.
Xatırladaq ki, bu il Azərbaycandan Həcc zəvvarlarının ilk qrupu avqustun 11-də, sonuncu qrup isə avqustun 15-də Həcc ziyarətinə yola düşüb. 2018-ci ildə Azərbaycandan Həcc ziyarətinə 1440 nəfər zəvvar yola salınıb. Qiymət hər zəvvar üçün 4150 dollar müəyyən edilib, təkrar Həcc ziyarətinə gedənlər əlavə 535 dollar ödəyir.
Zəvvarların qayıdışı sentyabrın 1-dən 5-nə kimi gözlənilir. Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı QMİ-dir.
Həcc ziyarətinin tərkib hissəsi olan Qurban bayramı bu il avqustun 22-i və 23-nə təsadüf edir