Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm Hadisə İctimai İnsan haqları Siyasət Xəbərlər

Yeni media qanunu nə vəd edir?

Anar Həsənov

Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsinin və Avropa İttifaqında demokratik proseslərə xarici müdaxilə üzrə Xüsusi Komissiyanın fevralın 7-də keçirilən birgə iclasında Azərbaycanda insan hüquqları pozuntuları və Bakının Aİ-nin siyasətinə müdaxiləsi mövzusunda müzakirələr keçirilib.

Müzakirələrdə Avropalı parlamentarilər Rafael Qluksman, Natali Luazo, İzabel Santos, Haydi Hautala, Marketa Qreqorova, Amnesty İnternational-ın Avropa və Mərkəzi Asiya üzrə keçmiş direktoru, hazırda “Avropada sabitlik təşəbbüsü”nün rəhbəri, britaniyalı Con Daluzen, keçmiş Azərbaycanlı diplomat, hazırki siyasi mühacir və fəal Arif Məmmədov, “Sərhədsiz Reportyorlar” təşkilatının nümayəndəsi Janna Kavalye, Aİ-nin rəsmi nümayəndəsi Riçard Tibbels və bloger Məhəmməd Mirzəli çıxış ediblər. Arif Məmmədov təəssüflə qeyd edib ki, Avropa institutları çox vaxt Azərbaycanda insan hüquqlarının pozulmasına və korrupsiyaya göz yumur. Onun fikrincə, bu, Azərbaycan hakimiyyətinin lobbiçilik fəaliyyətinin nəticəsidir.

O, “kürü diplomatiyası”, “Landromat” və digər qalmaqalları xatırladıb, AŞPA-da korrupsiya faktlarının araştırılmasının deputat Luka Volontenin cinayət təqibindən başqa ciddi nəticələr vermədiyini qeyd edib. “Qalmaqala cəlb edilmiş bir çox digər şəxslər hələ də Avropa Şurasına daxildir”, deyə Məmmədov bildirib. Bloger Mirzəli Azərbaycanda hakimiyyəti tənqid edənlərin təqib edildiyini, o cümlədən Avropa İttifaqı ərazisində təqibə məruz qaldığını bildirib. O özü Fransada fiziki hücuma məruz qalıb.

Avropa Parlamentində Azərbaycan hakimiyyətinin sərt tənqidindən bir gün sonra mürtəce İlham Əliyev “Media haqqında” qanunu imzalamaqla sivil dünyaya meydan oxuduğunu növbəti dəfə nümayiş etdirdi. Müxalifət camiəsi və müstəqil media təmsilçiləri tərəfindən narazılıqla qarşılanan, nüfuzlu beynəlxalq qurumlar tərəfindən yenidən baxılması tələb edilən “Media Haqqında” qanununun qüvvəyə minməsi Azərbaycan hakimiyyətinin strateji seçimini hansı tərəfdən etdiyini göstərdi.

Deməli, Azərbaycanın avtoritar rejimi ölkənin Dünya Mətbuat Azadlığı indeksinə görə 180 ölkə arasında 167-ci olması ilə razı deyil və siyahıda axırdan birinci olmaq niyyətindədir.

Birmənalı olaraq demək olar ki, yeni qəbul edilmiş qanun ölkədə onsuz da ağır durumda olan söz və ifadə azadlığının vəziyyətini bir qədər də pisləşdirəcək. Və bu beynəlxalq təşkilatların hesabatlarında da əksini tapacaq. Yeni qanun sosial media da daxil olmaqla bütün media sektorunu, nəzarətdə saxlamaq üçün dövlət qurumlarına xüsusi səlahiyyətlər verəcək, jurnalistlərin işini həddən artıq çətinləşdirəcək, media qurumlarının maliyyə və hüquqi fəaliyyəti məhdudlaşdırılacaq.

Beynəlxalq qurumlar qarşısında götürülən öhdəliklərə əməl etməyən, Aİ İnsan Haqları komissarının çağırışına məhəl qoymayan, ATƏT-in, Avropa Şurasının fundamental insan haqlarına dair tələb və tövsiyələrinə rişxəndlə yanaşan bir hakimiyyətdən sivil qanunlar gözləmək sadəlövhlük olardı. Gözləmək olar ki, murtəce “Media haqqında” qanundan sonra hakimiyyət sosial şəbəkələrin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində əməli addımlar atacaq. Artıq bir-neçə deputatın sosial şəbəkələr haqqında qanunun qəbul olunmasının vacibliyi ilə açıqlamaları var.

 Son aylar jurnalistlərin, ayrı-ayrı vətəndaşların və siyasi fəalların yazdığı fikirlərə görə Baş Prokurorluğa çagrılaraq onların cərimələnməsi prosesinə də başlanılıb. Göründüyü kimi hakimiyyət adi tənqidi bir fikrə də dözümsüz olduğunu nümayiş etdirməkdədir.

Növbəti mərhələdə sosial şəbəkələr hesabından yayılan “Osmanqızı”, “Azərbaycan saatı”, “Azad Söz” və başqa tənqidçi internet kanallarının hansısa yolla məhdudlaşdırılması istiqamətində əməli addımlar atacaq. Ya sosial şəbəkələr Azərbaycanda bloklanacaq, ya da Türkiyədə olduğu kimi sosial şəbəkələrin ofislərini Bakıya gətirib, tənqidçi materialların silinməsinə çalışacaqlar.

Bir sözlə Azərbaycan hakimiyyəti Türkmənistan və Şimali Koreyada olduğu kimi ölkədə yaçayan insanları tam informasiya blokadasına alacaq, ancaq hakimiyyətin təbliğat və təşviqat materiallarının insanlara çatdırılması təmin olunacaq. Əliyev rejiminin də Türkmənbaşı və Kim Çen İn kimi tənqidçi jurnalistləri qətlə yetirmək başda olmaqla müxaliflərini ələ almaq, şantaj etməs və s. kimi mürtəce təcrübələri var. Görünür, bundan sonra Azərbaycan rejimi demokratiya ilə imitasiya etmək siyasətindən əl çəkib, əsl mahiyyətini taç çılpaqlığı ilə ortaya qoyacaq…

Siyasi fəal Anar Həsənov

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir