Azər Qaramanlı, araşdırmaçı-jurnalist
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları imzaladı və bu imza Rusiya ilə Qərb arasında soyuq savaşı rəsmiləşdirdi. Rusiya rəsmilərinin də bildirdiyi kimi, bu sanksiyaların yaxın illərdə ləğv olunması ehtimalı çox aşağıdır və böyük ehtimalla bu sanksiyalar 10 illər boyunca davam edəcək. Bu isə soyuq savaşın 10 illər boyu davam etməsi deməkdir.
Ən azından Rusiyada Putin hakimiyyəti davam etdikcə və Rusiyada demokratikləşmə prossesi başlayanaq qədər soyuq savaş davam edəcək. Sanksiyaların götürülməsi üçün Krımın və Donbasın Ukraynaya qaytarılmasını da nəzərə alarsaq, o zaman demək olar ki, Putinin Ukrayna mirası uzün illər boyunca Putindən sonrakı dönəmdə də öz qüvvəsini saxlaması ehtimalı böyükdür. Yəni görünən odur ki, Rusiyanın İran kimi sanksiyalar çəmbərindən çıxması müşkül məsələdir. Hətta Rusiyada demokratikləşmə prossesi gedərsə belə, Krımın və Donbasın Ukraynaya qayıtmadığı, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ, Dnestryanı kimi dondurulmuş münaqişələrin həlli olmadan Rusiyanın üzərindən sanksiyaların götürülməsi mümkün olmayacaq. Çünki gələcəkdə Rusiyada demokratik hakimiyyət formalaşarsa belə, Qərb sistemli şəkildə yuxarıda sadalanan münaqişə oczqlarını həlli üçün Kremlə addım-addım təzyiq edəcək və sanksiyaların götürülməsi dondurulmuş münaqişələrin həlli üçün əsas şərt olacaq.
Soyuq savaşın bizim bölgə üçün əsas problemi ondan ibarətdir ki, yaxın illərdə Cənubi Qafqaz soyuq savaşın ən qaynar nöqtələrindən birinə çevrilə bilər. Cənubi Qafqazın Rusiya və İran arasında yerləşdiyini və sanksiyalar imzalanmamışdan əvvəl ABŞ-ın vitse prezidenti Mayk Pensin məhz Gürcüstandan Rusiya və İrana meydan oxuması bunu deməyə əsas verir. Əslində Mayk Pens Gürcüstanda Rusiyaya meydan oxuyaraq, Kremlə “bu ölkədən çəkil” mesajı verdi.
Putinin ABŞ-a qarşı iqtisadi təzyiq etmək imkanları olmadığına görə, ABŞ-ı məhz Gürcüstanda “məğlub” etməyə çalışması şübhə doğurmamalıdır. Putin böyük ehtimalla ABŞ-a Gürcüstandan həmlə edəcək və Bu Putinin imici üçün böyük əhəmiyyət daşıyır. Yoxsa Krımı ilhaq edərək “Rusiyanı dizləri üstündən qaldırdığını” rus xalqının beyninə yerləşdirən bu adam rus xalqının üzünə baxa bilməz. Yəni yaxın zamanda Gürcüstanın “soyuq savaşın qaynar nöqtəsi”nə çevrilməsi gözləniləndir. İkinci qaynar nöqtənin isə Ukrayna və Moldavida olması daha ağlabatandır. Putin Qərbə qarşı Ukraynada boy göstərməsi və “Normand dördlüyünün yaxın bir neçə ay içində tarixə çevrilməsi mümkündür.
Əslində Putini Krımı ilhaq etməyə zorlamaqla, Qərb Rusiyanı tələyə salmışdı. İndi isə bu tələnin əhatəsi daha da böyüyəcək. “Minsk-2” razılaşması ilə Donbas münaqişəsini donduraraq beynəlxalq oyunçuya çevrilə bilmək üçün öz resurslarını Suriyaya yönləndirən Rusiya, indi yəqin ki, resurslarını yenidən Ukrayna və Cənubi Qafqaza yönləndirməyə məcbur olacaq ki, bu da ABŞ-ın Suryada tək söz sahibinə çevrilməsi üçün çox önəmlidir. Yəni dünən rəsmiləşən soyuq savaş faktiki olaraq Rusiyanın geopolitik arenada əl-qolunu bağlamaq və daha çox Rusiyanı MDB sərhədləri arasında sxıışıdırmaq məqsədi güdür.
Moldaviyaya gəlincə isə, Rusiya baş nazirinin müavini Dmitri Roqozinin son “tryukları” Moskva ilə Kişinyov arasındakı isti münasibətləri buza çevirdi. Dünən Moldova hökümətinin Roqozini persona non-qrata elan etməsi, Kişinyovla Moskva arasında körpülərin yandırılması demək idi və ruspərəst Moldova prezindentinin bu körpüləri qoruyub saxlaya bilməsi çox az mümkün görünür.
Təbii ki, Gürcüstandakı ABŞ-Rusiya qarşıdurması Azərbaycan və Ermənisatana da təsir edəcək. ABŞ-İran qarşıdurmasının böyüməsi və bu qarşıdurmaya Rusiyanın müdaxiləsi isə, (ki, Rusiyanın müdaxilə etməməsi imkansızdır), faktiki olaraq Cənubi Qafqazda xaos yarada bilər və bunun nəylə bitəcəyini hazırda ehtimal eləmək belə mümkün deyil.
Yəni görünən odur ki, biz ABŞ-Rusiya-İran üçbucağının soyuq savaşı arasında qaldıq və onların soyuq savaşı bizdə isitmə yaradacaq… Bu halda ancaq bir şey demək olar: Allah bizə kömək olsun…
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb