Mərkəzi Bankın keçirdiyi sonuncu depozit hərracında tələb təklifi 6 dəfə üstələyib, – Samir Əliyev
İqtisadçı “Facebook” səhifəsində yazıb ki,Mərkəzi Bankın keçirdiyi sonuncu depozit hərracında tələb təklifi 6 dəfə üstələyib. Yəni 100 milyon manatlıq təklifə qarşı 600,6 milyon manatlıq tələb olub. Yerləşdirmə faizinin növbəti dəfə dəhlizin minimal həddində (10,1%) dayanması Mərkəzi Bankın qərarına yenidən baxmasını və faiz dəhlizini 10%-dən də aşağı salmasını tələb edir. Faiz dəhlizi 12%-dən 10%-ə salınanda tələbin azalacağını gözləmək olardı, ancaq bu, baş vermədi. Səbəb sadədir: manat müvəqqəti də olsa sabitləşib və yerləşdirmə qısamüddətlidir. Sirr deyil ki, banklar əllərindəki vəsaitləri kreditə yönəltmək əvəzinə risksiz depozit hərracına yönəldir. Kreditləşmə valyuta bazarını qorumaq siyasətinin qurbanına çevrilir. Real sektorun problemlərinə monetar alətlərlə süni nəfəs vermək təşəbbüsləri problemi daha da ağırlaşdırır.
Hərracların nəticələri bankların mərkəzi qurumunun tələblərə yenidən baxmasını tələb edir. Ya yerləşdirmə müddətini artırmalıdır, ya da faiz dəhlizi daha da aşağı salınmalıdır. Birinci halda Mərkəzi Bankın faiz xərcləri artır və faiz çevikliyi imkanları azalır. İkinci variantda depozit hərracının cəlbediciliyi (xüsusilə məzənnə sabitliyi pozulduqda) azala bilər. Həmçinin ikirəqəmli inflyasiya fonunda faiz dəhlizinin yuxarı həddiylə aşağı həddi arasındakı intervalın genişləndirilməsi inflyasiya risklərini və faiz qeyri-sabitliyini artırır. Uçot dərəcələrini endirmək isə indiki halda tələsik addımdır. Problem depozit hərracında tələbin çoxluğunda deyil, bu qədər vəsaitin iqtisadiyyata töhfə verməməsindədir. Vəziyyət isə heç də ürəkaçan deyil. Yəqin ki Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirməkdə davam edəcək və təqdir etməməyimə rəğmən uçot dərəcəsini yuxarı hədlə birgə endirilməsini də istisna etmirəm.