Döyülərək öldürülən jurnalistlə bağlı rentgen müayinəsinin nəticələri niyə gizlədilir?
Teyfurə Əliyeva: «Rasimə xəstəxanada baxmamışdılar, iki saat dəhlizdə qalmışdı…»
Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsilə bağlı cinayət işində müəmmalı məsələlərdən biri xəstəxanada olduğu bir neçə saat ərzində həkimlərin ona qarşı davranışı ilə bağlıdır. Baş verənlər jurnalistin ölümündə həkimlərin də rolu olduğuna çox ciddi şübhələr yaradır. Məhkəmənin bu məsələni araşdırmaq istəməməsi şübhələri bir qədər də artırır Bu iş üzrə həm təqsirləndirilən, həm də zərərçəkmiş tərəf həkimlərin məsuliyyəti məsələsinin araşdırılmasını tələb edir. Dünən Bakı Apelyasiya Məhkəməsində bu məsələ bir daha qaldırılıb.
Jurnalistin ölümündə təqsirləndirilən beş nəfərdən dördünün vəkili olan Şəmsəddin Quliyev məhkəmədə vəsatət qaldıraraq, Rasim Əliyevin rentgen müayinəsinin nəticələrinin tələb olunmasını istəyib. Müdafiəçi bildirib ki, işdə olan çoxsaylı ziddiyyətlərə aydınlıq gətirmək üçün bu vacibdir: “Rasim Əliyevin xəstəlik tarixçəsi üç dəfə dəyişdirilib. Saday həkimin mətbuata müsahibəsində dediklərilə istintaqa ifadəsi bir-birinə ziddir. Iş materiallarındakı sənədlərin nömrələri də uyğun gəlmir, bu da bir sıra sənədlərin dəyişdirildiyini, gizlədildiyini göstərir. Ən əsası, rentgen müayinəsinin nəticəsi niyə gizlədilir? Bu, zəruri sübutdur və iş materiallarının içində olmalıdır. Gətirsinlər, biz də baxaq, görək ki, bu adam xəstəxanaya daxil olarkən vəziyyəti necə olub? Vəsatətlərimiz bu məhkəmədə də təmin olunmasa, biləcəyik ki, siz də qərəzlisiniz. Mən həkimlərin yalanlarını ifşa edəcəyəm”.
Zərərçəkmiş Teyfurə Əliyevanın nümayəndəsi Fariz Namazlı da vəsatəti müdafiə edib. Bildirib ki, vəsatət əsaslıdır və təmin olunmalıdır: “Biz istintaqda da, birinci instansiya məhkəməsində də Rasim Əliyevin ölümündə həkimlərin rolu olduğunu demişik və bununla bağlı dəfələrlə vəsatətlər vermişik. Rentgen müayinəsinin nəticəsi məhkəmədə tədqiq olunmalıdır”.
Mərhum jurnalistin anası Teyfurə Əliyeva da rentgen müayinəsinin nəticəsinin məhkəməyə təqdim olunmasını istəyib: “Həkimlərin ifadələrində xeyli yalanlar var. Məsələn, Babək həkim mənə dedi ki, rentgen təmiz göstərir, sağ qabırğalarında sınıq var. Burada isə yazıblar ki, sol qabırğaları sınıb. Deməli, bunlar bizi aldadıblar. Niyə aldadıblar? Rasimin xəstəxanada qalmaq istəməməsi haqda yazılanlar doğru deyil. Rasim xəstəxanaya gedəndə ona baxmamışdılar, iki saata yaxın dəhlizdə qalmışdı. Hətta buna görə mübahisə də olmuşdu. Rasimin ölümündə bunlar qədər həkimlərin də günahı var”.
Məhkəmə prosesinə sədrlik edən hakim Qədim Babayev bildirib ki, vəsatət geniş həcmli olduğundan onu müzakirə etmək üçün vaxt tələb olunur. Bu səbəbdən də məhkəmə prosesi iyunun 17-nə qədər təxirə salınıb.
Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. Jurnalistin ölümü ilə əlaqədar 6 nəfər həbs olunub. Onlardan beşi – Elşən Ismayılov, Arif Əliyev, Camal Məmmədov, Kənan Mədətov və Samir Mustafayev CM-nin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsilə təqsirli bilinərək, 9 ildən 13 ilə qədər azadlıqdan məhrum edilib. “Qəbələ” futbol klubunun keçmiş kapitanı Cavid Hüseynovun işi isə istintaqın sonunda ayrılıb və o, bu yaxınlarda CM-nin 307-ci (cinayəti bilib xəbər verməmə) maddəsilə 4 il azadlıqdan məhrum edilib.