Suraxanı rayonunda gənclərin narkomaniya bəlasından qorunması istiqamətində növbəti maarifləndirmə tədbiri həyata keçirilib.
Suraxanı rayon 84 saylı məktəbdə baş tutan görüşdə məktəb rəhbərliyi ilə yanaşı Suraxanı rayon polis idarəsinin rəisi, polis polkovniki Namiq Həsənov, məktəbin yuxarı sinif şagirdləri iştirak edib. Tədbirdə çıxış edən Suraxanı rayon polis idarəsinin rəisi, polis polkovniki Namiq Həsənov gənclərə narkomaniya bəlası barəsində ətraflı məlumat verib.
Bildirib ki, ümumbəşəri bəla olan narkomaniya Azərbaycandan da yan keçməyib. Bu ticarətlə məşğul olanların isə əsas hədəf qurupu gənclərdir. Onun sözlərinə görə, Respublikanın aidiyyatı dövlət qurumları, o cümlədən Daxili İşlər Nazirliyi bu istiqamətdə davamlı addımlar atır: “Ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyev “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət proqramı (2013-2018-ci illər)”nın təsdiq edilməsi haqqında sərancam imzalamışdır. Bununla yanaşı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yazradılıb. Bu komissiyanın eləcə də hüquq-mühafizə orqanlarının fəallığı nəticəsində bu problemin daha geniş arenada yayılmasının qarşısı qətiyyətlə alınır”.
Polkovnik çıxışında qeyd edib ki, narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdır, sosial-iqtisadi inkişafa mənfi təsir gostərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır və cinayətkarlığın artmasına səbəb olur. N.Həsənov onu da vurğulayıb ki, Narkomaniyaya qarşı mübarizədə yalnız dövlət deyil, eləcə də cəmiyyətin hər bir fərdi fəal rol oynamalıdır. Diskusiya formasında keçən tədbirdə gəncləri maraqlandıran çoxsaylı suallara aydınlıq gətirildi.