Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan 11 nəfərin işi üzrə 3 qərar qəbul edib.
Məhkəmənin saytındakı məlumata görə, bu qərarlar 12 yanvar, 26 yanvar, 10 mart, 29 dekabr 2013-cü il və 6 may 2014-cü il aksiyalarında inzibati həbs cəzası alan və cərimələnən şəxslərin şikayətləri ilə bağlıdır.
Avropa məhkəməsi ərizəçilərin Avropa İnsan Hüquqları Konvensiyanın 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (toplaşma azadlığı) maddələrilə hüquqlarının pozulmasını tanıyıb.
Bu işlər üzrə şikayət vermiş şəxslər: Vüsal Bayramov (12 və 26 yanvar aksiyalarında cərimələnməsi), Səxavət Mehdiyev (12 yanvar aksiyasında cərimələnməsi), Tuncay Quliyev (26 yanvar aksiyasında inzibati həbsi), Azər Sadıqov (10 mart aksiyasında cərimələnməsi), Osman Əhmədov (10 mart aksiyasında cərimələnməsi), Xədicə İsmayıl (26 yanvar aksiyasında cərimələnməsi), Cavid Qarayev (10 mart aksiyasında cərimələnməsi), Cavid Hacıbəyli və Tural Sadıqlı (29 dekabr aksiyalarında cərimələnməsi) və Kəmalə Bənənyarlı və Orxan Əyyubzadədir (6 may aksiyasında inzibati həbs).
Belə ki, işlər üzrə müəyyən edilmiş mənəvi ziyana görə kompensasiyanın məbləği:
7 ərizəçiyə 6000, 1-nə 4000 avro, mənəvi zərərə gorə kompensasiya, maddi zərərə gorə 3 ərizəciyə 480 evro, 2 is üzrə vəkil xərci 2000 evro, digər islər uzrə 5400 evro təyin edilib.
V.Bayramovun işində 2 min avro R.Mustafazadəyə ödənilməli, X.İsmayılın işində 2 min avro F.Namazlıya ödənilməli, C.Qarayevin işində 2 min avro X.Bağırova ödənilməli, digərlərinə görə cəmi 5400 avro Ə.Mustafayev və R.Mustafazadəyə ödənilməlidir.
Bu işlər üzrə 11 nəfərin hüquqşünasları Əsabəli Mustafayev, Ruslan Mustafazadə, Fariz Namazlı (Xədicə İsmayıl) və Xalid Bağırov (Cavid Qarayev işində) idi.
AİHM-in qərarının əsaslandırması odur ki, hökümət aksiyaların dağıdılması və iştirakçıların cəzalandırılmasının demokratik cəmiyyətdə zəruri olduğunu sübut edən kifayət qədər və müvafiq əsaslandırma təqdim edə bilməyib. Buna görə də aksiyaların dağıdılması və iştirakçıların cəzalandırılması toplaşmaq azadlığının pozulmasıdır.
Bundan əlavə, cərimələnən və inzibati həbs cəzası alan şəxslərin məhkəmələri ədalətli keçirilməyib.