Su sayğacları oğurluqlarının qarşısının alınması və bu cinayətləri törətmiş şəxslərin ifşa edilməsi istiqamətində daxili işlər orqanları tərəfindən Nərimanov rayonu ərazisində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Nərimanov Rayon Polis İdarəsi (RPİ) 16-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan birinin su sayğacını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Yusif Şahbazov və əvvəllər məhkum olunmuş Mehman Əliyev tutulublar.
Saxlanılan şəxslərin ətraflarında aparılan əlavə tədbirlərlə onların rayon ərazisində daha 12 mənzilin girişindən su sayğaclarını oğurladıqları müəyyən edilib. Hər iki şəxs ilkin ifadələrində sayğacları oğurlayandan sonra onların mis və latundan olan hissələrini Bakı şəhərinin müxtəlif yerlərində olan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.
Qeyd edilən faktlarla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Oğurluq sayğacların metal hissələrini alan qəbul məntəqələri sahiblərinin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə bir daha xəbərdarlıq edərək bildirir ki, oğurluq yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina etsinlər, bu hallarla rastlaşdıqda isə dərhal ərazi polis orqanlarına və ya “102” Zəng Mərkəzinə məlumat versinlər. Əks halda həmin qəbul məntəqələri sahibləri barəsində də qanuna uyğun tədbirlər görüləcək.