Tarif Şurası işığın qiymətini qaldırdı
Oktyabrın 16-da Azərbaycanda qaz və işığın qiyməti yenidən qaldırılıb. Qiymət bahalaşması ilə bağlı qərarı Tarif Şurası qəbul edib. Şura qiymət artımını müxtəlif məsələlərlə əsaslandırıb.
Oktyabrın 16-da Tarif (qiymət) Şurası təbii qazın və elektrik enerjisinin qiymətlərinə yenidən baxıb və qiymətlərin qaldırılması ilə bağlı qərar qəbul edilib.
Bu barədə məlumat Tarif Şurasının rəsmi internet səhifəsində yer alıb.
Rəsmi dövlət xəbər agentliyi olan AZƏRTAC-ın yazdığına görə, Tarif (qiymət) Şurasının iclasında qazın və elektrik enerjisinin qiyməti ilə bağlı dəyişiklik dünya bazarında təbii qazın bahalaşması, ölkədə bu sahəyə investisiya qoyuluşunun təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması və s. məsələlər müzakirə edilib.
Məlumata görə, müzakirələrdə istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması və bu sahədə mərhələli şəkildə bazar münasibətlərinin formalaşdırılması və dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması kimi amillər nəzərə alınmaqla müxtəlif tarif artımı variantları dəyərləndirilib.
“Təhlillər göstərir ki, təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir. Bu isə sahənin dövlət tərəfindən subsidiyalaşdırılmasına və dövlət büdcəsindən asılılığın artmasına səbəb olur” deyə rəsmi xəbərdə vurğulanır.
Məlumatda qey edilir ki, “iclasda tarif artımı variantları nəzərdən keçirilərkən, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsinin onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi vurğulanıb”.
Agentlik yazır ki, əhali istehlak qrupu üzrə sonuncu tarif dəyişikliyi 2021-ci ilin iyul ayında olub və tarif tənzimlənməsi zamanı istehlak limitinin aşağı həddi üzrə (1200 kubmetr) tariflərə dəyişiklik edilməyib.
Məlumatda o da vurğulanır ki, elektrik enerjisi üzrə mövcud tariflər 01.12.2016-cı il tarixindən tətbiq olunur.
Azərtac yazır ki, Taridf Şurasındakı müzakirələr zamanı “sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və digər abonentlərin keyfiyyətli, fasiləsiz enerji ilə təmin edilməsi, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətində dəyişikliklər nəticəsində yaranan əlavə xərcləri qarşılamaq üçün elektrik enerjisinin tarif tənzimlənməsi zərurəti yaranmışdır”.
Bildirilir ki, “ölkədə əsas enerji istehsalçısı olan “Azərenerji” ASC elektrik enerjisinin 96%-ni təbii qaz hesabına istehsal edir. Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalı üçün istifadə olunan xammalın da 50%-dən çox hissəsini təbii qaz təşkil edir. Bu baxımdan təbii qazın tarif dəyişikliyi elektrik enerjisinin qiymət artımını şərtləndiirir”.
Tarif Şurası bildirir ki, qaz və elektrik enerjisi ilə bağlı qəbul edilən qərarlar noyabrın 1-dən qüvvəyə minəcək.
İqtisadçı Hafiz Babalı yeni qiymət artımın digər sahələrdə də bahalaşmaya səbəb olacağını bildirir:
“Yeni elektrik enerjisi və təbii qaz tarifəri yoxsulluq səviyyəsinin hazırkı 25 faizdən 40 faizə qalxması ilə nəticələnəcək. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi pandemiya səraitində iqtisadi canlanmanın tempinə təsir edəcək.
Hökumətin bu qərarları onun xalqdan nə qədər aralı düşdüyünün göstəricisidir, eyni zamanda təsdiq edir ki, sosial siyasətinin məqsədinin əhalinin rifahı ilə heç bir bağlılığı yoxdur”.
Azadlıq.info