Bakı Apellyasiya Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Azərbaycan vətəndaşları Sənan İlqar oğlu Baxışov, Ruslan İlham oğlu Cəfərov, Eldost Firudin oğlu Quliyev, Məmmədşah Ağaşah oğlu Məmmədəliyev, Əhməd Elxan oğlu Həsənov və Maarif İrşad oğlu Mərdanov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, 2014-cü ildə S.Baxışov, R.Cəfərov, E.Quliyev, M.Məmmədəliyev, Ə.Həsənov və M.Mərdanov keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıblar. Təqsirləndirilən şəxslər 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya ərazisində həmin dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər. Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başlanıb. Həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
2015-ci il iyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev və M.Məmmədəliyev 13 il, S.Baxışov, Ə.Həsənov, R.Cəfərov və M.Mərdənov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.