Ustad Çingiz Hüseynovla Qüdsdə görüşüb müsahibə almaq ən böyük arzularımdan idi. Uca Yaradanın sözü əmanət etdiyi şəxsiyyəti və yaradıcılığıyla nadir bir insanı görmək, onu dinləmək kimin könlündən keçməz ki? Amma hər dəfə bu haqda düşünəndə yaxşı bilmədiyi fəndən dövlət imtahanına gedən tələbə kimi dizlərim əsirdi. “Merac”ı yazan usta qələm sahibindən nə soruşa bilərdim? Görünür, Çingiz müəllimlə söhbət etmək arzum cahil görünmək qorxumdan üstün oldu ki, Yaradan bu görüşü mənə qismət etdi. Amma Qüdsdə yox, Moskvada… Dostlar sağ olsun, Moskvada yaşayan dəyərli aydın Eldar Abbasov görüşün xəbərini verəndə çoxdan hiss etmədiyim dərin bir sevinc yaşadım. O anı yaşayarkən gerçəkləri boyasız, pərdəsiz eşitdiyim dərin söhbət ortamları üçün dəhşətli dərəcədə qəribsədiyimi də anladım. Bakı çoxdandır belə söhbətlərə məkan deyil… Kim qalıb ki?. Qalanlar da susqun…
Bu səbəbdən ötən əsrin 30-cu illərində İosif Vissarionoviçin sovet yazıçıları üçün bağ massivi kimi ayırdığı yamyaşıl Peredelkinodakı bağ evində 4 saata yaxın davam edən söhbət quraqlıqdan cadar-cadar olan torpağa selin gəlişi kimi gəldi beynimizə. Çingiz müəllim bənzərsiz nitqini suallarla bölməyə də qıymadıq. Söhbətin axarında mövzudan-mövzuya keçdikcə bizi bugündən uzaq keçmişə qədər apardı, Yerdən Göyə qaldırdı, yaradılışın fəlsəfəsi, canlıların əşrəfi insanın daxili dünyası ilə bağlı düşüncələrini inci kimi ipə düzüb bizə bağışladı. Bu inciləri “dağıtmadan” sizə də təqdim etməyə çalışacağıq…
Çingiz müəllim Azərbaycandakı bütün prosesləri izləyir. Həm mediadan, həm də sosial şəbəkədən. Söhbətə də lap dərindən başlayır:
– İzləyirəm Azərbaycanı… Ən böyük problemimiz yerliçilikdir. Yerilçilik bizim ən böyük bədbəxtliyimızdir. Bu bizi 100 il geri atıb. Rusiyada da var yerliçilik problemi – prezident Putin yüksək dövlət və hökumət vəzifələrinə öz yerlilərini – Sankt-Peterburqdan olanları təyin edir.
– Bəzən deyirlər, yerliçilik, rüşvət bizə Sovetlər Birliyinin mirasıdır. Siz də belə düşünürsünüz?
– Belə deyil. Bizim də dünya “rüşvət mədəniyyəti”nə töhfələrmiz var. Bütün dünyada rüşvət var və inkişaf edir. İnsan təbiətinə xas bir məsələdir… Ancaq onun da dərəcəsi var. “Dərəcə” deyəndə məhkəməni nəzərdə tuturam. Onsuz da rüşvətin qarşısını tamamilə almaq mümkün deyil. Ancaq harada azad məhkəmə var, orada ədalət qorunur, bu mənfiliyin qarşısı nisbətən alınır. İsraildə ən yüksək dövlət adamları, prezident, baş nazir, nazirlər məhkəməyə verilir. Orada əsas şərtlərdən biri də mətbuatla hesablaşmaqdır. Azad mətbuat çox vacib faktordur. Media azad olmadan korrupsiya ilə ciddi mübarizə aparmaq olmaz. Baxın, Tramp medianı küncə sıxışdırdı, buna görə nə qədər ziyan çəkdi. Təzyiq başlayan gündən jurnalistlər onun haqqında nə faktlar tapıb yazdılar. Yenə də yazacaqlar… Azad məhkəmə olan ölkədə medianın qarşısını almaq mümkün deyil. Sərt tənqid, mühakimə ehtimalı məmurları çəkindirir. Heyif, Azərbaycanda tənqidçi media yox dərəcəsindədir… Məhkəmələr azad olmadığı üçün məmurlar medianın tənqidinə “it hürər, karvan keçər” prinsipi ilə baxırlar. İndi lap çətinləşib… Azərbaycanda hər kəsdə qəribə şəkildə tənqidə dözümsüzlük yaranıb. Heç kim tənqid eşitmək istəmir. Hərdən deyirəm, heç olmasa təlxəklər olaydı, onlar nəyisə deyəydilər… Tənqid eləmək də istəmirəm, çünki millətimiz gözəl millətdir. Torpağımız, təbiətimiz gözəldir. Hakimiyyətdəkilər bizdəndir, biz də onlardan, onlar Aydan gəlməyiblər. Bəlkə də yaşadıqlarımız millətimizin taleyində bir sınaq dönəmidir. Hər zaman birini tənqid edəndə özümə deyirəm ki, bəs sən onun yerində olsan, necə davranardın?
– Ciddi sualdır…
– Çox ciddi sualdır. Biz hakimiyyətdə Əbülfəz Elçibəy kimi təmiz bir insanı gördük. Amma hakimiyyəti uzunömürlü olmadı. Çünki hakimiyyətdə zor da olmalıdır… Dərəcəsində… O zorun dərəcəsini bilmək üçün siyasi məktəb keçməlidir. Biz bu məktəbi keçməmişik. Hələ Azərbaycan xalqını “dövlət xalqı” saymaq olmaz. Bizim dövlətimiz var. Yəni, forması var. Bəs, məzmunu, içərisi? Hələ yetişməmişik, dövləti idarəetmə yollarını bilmirik. Çünki müstəqilliyimiz nisbi olub. Xanlıqlar dönəmində də, sonra da. Yarısı İrandan asılı, yarısı Rusiyadan asılı, Osmanlıdan… Biz hakim millət olmamışıq. Sovetlər dönəmində bir az təcrübə topladıq. Respublika dövlətçiliyin bir formasıdır. Amma biz müstəqil deyildik, axı. O respublikanın təcrübəsi müstəqillik təcrübəsi sayılmır. Buna baxmayaraq, heç olmasa, respublikanın bir formasını yaşadıq, taleyimizlə bağlı qərarverən olmasaq da, yavaş-yavaş o institutları yaratdıq. Nazirliklərdən Elmlər Akademiyasına qədər bir çox struktur formalaşdırdıq. İndi İsraildə çox ciddi müşahidələr aparıram. Allah məni elə bil İsrailə ona görə göndərib ki, fərqi öz gözlərimlə görə bilim. Uzun illər Moskvada yaşamışam. Sovetlər dönəmində də, müstəqillik illərində də. Burda bir çox millətlərlə özümüzü müqayisə edə-edə inkişaf etmişəm. İsrailə gedəndən sonra gördüm ki, Rusiya lap köhnə feodal qanunlarıyla yaşayır. İsrail idarəetmə strukturlarını ən mükəmməl formada yaratmağa çalışır. Hakimiyyət qollarının bir-birinə nəzarət mexanizmi güclüdür. Ola bilər, hökumət hansısa gizli işə qol qoysun, o dəqiqə digər hakimiyyət qolları bunu üzə çıxarır. Bir də media… Media qarğa kimi gəzir və harda pislik var, ora “qonur”, onun təmizlənməsinə kömək edir. Nəticəsi də olur.
– Nədən güc alırlar?
– Çox həyatsevərdirlər. Bütün həyatları yaşam fəlsəfəsi üzərində qurulub. Fələstinlilərdə isə əksinədir. Onların həyatları ölüm fəlsəfəsinə tabedir. Ona görə də bütün şüarları ölümlə bağlıdır. İsraillilərdə yaşam fəlsəfəsi nə qədər güclüdür… Yəhudilər öz ənənələrinə nə qədər sadiqdirlər… Bu gün də qeyd etdikləri bayramlarının min illərlə tarixi var. Bu bayramlar nəyə bağlıdır – ədalətə, ləyaqətin qorunmasına, təbiətin oyanışına… Yəhudilər 40 il səhrada gəziblər. Çünki 40 ildə qul təbiəti insanların vücudundan çıxır. Onlar heç kimin hakimiyyəti altında yaşamamağı, azadlığı, sərbəstliyi səhralarda yaşayaraq əldə ediblər və bu gün də onu bayram kimi qeyd edirlər. İstidə, susuzluqda… ancaq azad… İsrail bu gün su problemini həll edib. Səhrada… Dünyaya ən gəlirli məhsullardan olan kürü satırlar. Özü də balıqları məhv etmədən – cərrahiyyə əməliyyatı ilə. Balığı ehmalca tuturlar kürünü çıxarıb, qarnını tikib yenidən buraxırlar dənizə. Bu da bir yəhudi fəndidir… Onlara deyirəm, siz həqiqətən Allah tərəfindən seçilmiş millətsiniz. Amma bunu siz deyəndə mən narahat oluram. Bunu gərək başqa millətlər deyə. Mən deməliyəm, siz deyə bilməzsiniz. Hamı razılaşmalıdır ki, yəhudilər çox ağıllı millətdir – görün dünyaya nə qədər ixtiralar veriblər. Onun da səbəbini sizə deyim… Təhsil və bayramlar. O bayramların milli ruha təsiri həddən artıq güclüdür. Yəhudilərin təhsilə, hərtərəfli insan yetişdirməyə verdikləri önəmə ancaq həsəd aparmaq olar. Uşaqları kiçik yaşdan musiqi və rəssamlığa cəlb edirlər. Musiqiçi olmayacaq, amma mütləq mükəmməl musiqi təhsili verirlər övladlarına. Çünki səsin insan təbiətinə necə güclü təsir etdiyini bilirlər. Rəsm dərslərinə aparırlar… Rəssam olmayacaq, amma rəngləri duyacaq, dünyanı hiss edəcək, fantaziyası genişlənəcək. Bir var söz, bir də var səs. Səs Allaha daha yaxındır.
– Amma xristianlar deyir, başlanğıcda söz vardı.
– O xristian baxışıdır. Ilk xristianlar yəhudilər olub, bilirsiz. İsa peyğəmbər də. Xristianlıq yəhudilərin dinindən – İudaizmdən doğub. İslam da. Bu gün nə Xristianlıq, nə də İslam ana bətnini bəyənmir… İudaizm özündən sonra gələn bu iki dinin ana bətnidir. Tövrat çox zəngin kitabdır. Qəribədir ki, dini kitablar ilk əvvəl müqəddəs kitablar kimi yaranmayıblar. Mədəniyyət, ədəbiyyat kitabı kimi yaranıblar. Tövrat yəhudilərin həm tarixidir, həm inancıdır, həm mədəniyyətidir, həm təqvimidir, dünya görüşü, fəlsəfəsidir. Geniş mənada bir mədəniyyət abidəsidir. Sonradan yəhudilər onu dini kitab kimi istifadə eləməyə başlayıblar. İncili də yəhudilər yaradıb. İncilin iki tərəfi var. Müsbət tərəfi bir də mənfi tərəfi. Özü də qorxunc mənfi… İncil yarananda böyük mətn inqilabı baş verdi. Əvvəlcə xristianlar göstərirdilər ki, yəhudilikdən doğublar, ancaq sonradan ixtisarlar oldu. Tövrat da redaktə olunub. Bəzi yerləri ixtisar edilib.
– Bu gün bildiyimiz səmavi kitablardakı ilkin mətnlər deyil, deyirsiz…
– Deyil. İxtisarlar olub. Öncə xristianlar Xristianlığın nədən yarandığını İncildə göstərmişdilər. İudaizmlə xristianlıq arasında gərgin mübarizələrdən, Səlib yürüşlərindən, böyük qırğınlardan sonra o mətnlər çıxarılıb. Sonradan İslam yarandı və müsəlmanlar hər iki dinə sitayiş edənləri bütpərəstlikdə ittiham etdilər. Quran mətnlərində də dəyişikliklər var. Bu gün İslam dininin adı terror məsələlərində tez-tez hallandırılır. Əslində terroru Quranın mətni ilə vurmaq lazımdır. Ancaq Quran təfsirləri başdan-ayağa yanlışdır. Ola bilər, o dövrdə izahlar o cür olmalıydı. Çünki İslamın inkişafını istəməyən qüvvələr vardı və onlar din adı altında müsəlmanları mübarizəyə cəlb edirdilər. Ona görə mən düşünürəm ki, Qurana da insan əli dəyib. Hədislərdə var ki, Məhəmməd peyğəmbər deyib, mənim dediklərimi yazın, çünki sonradan mənim sözlərimlə Allah kəlamını bərabərləşdirə bilərsiniz. Məhəmməd peyğəmbər o biri peyğəmbərlərdən fərqli olaraq dövlət xadimi idi. İsa, Musa dövlət xadimləri olmayıblar. Məhəmməd peyğəmbər isə dövlət xadimi kimi danışıb, buna uyğun hərəkət edib. Allah Quranı göndərəndə ona yalnız “təkrar et” əmri verirdi. Onun vəzifəsi, missiyası yalnız təkrar eləmək idi. Allah buyururdu ki, dediklərimin izahatlarını belə vermə, yalnız təkrar elə, sənə inanacaqlar, inanmayacaqlar, mənim işimdi. Allah Quranın mübarizə alətinə çevrilməsini istəmirdi. Amma müsəlmanlar fərqli davrandılar… Məhəmməd Peyğəmbərin atasının adı nəydi?
– Abdullah.
– Nədir bu adın mənası?
– Allahın qulu.
– Bəs, bu necə olur? Axı, söhbət Məhəmməd Peyğəmbərin atasından gedir. Hələ Məhəmməd Peyğəmbər dünyaya gəlməmişdi, İslam dini yaranmamışdı… Məgər onda Allah sözü işlənirdi? Səbəbini tapmışam – ərəblərdə Allah adında büt vardı. Qəribədir, Quranın ilk surələrində “Allah” sözü işlənmir, “Rəbb” işlənir. Sonrakı ayələrdə gəlir “Allah” sözü. Niyə? Çünki Məhəmməd Peyğəmbər uşaqlıq illərində Allah adlı bütdən qorxmurmuş. Yenə deyirəm, bəzi məqamlara görə mən düşünürəm ki, müqəddəs kitablara, o sıradan Qurana insan əli dəyib. Bir neçə il öncə Misir prezidenti bununla bağlı təşəbbüs irəli sürdü. Din xadimlərini yığıb İslamın bugünkü problemlərindən söz açdı və həmin toplantıda qətnamə qəbul olundu. O sənəddə deyilirdi ki, bütün hədislərin Quranla nə qədər uyumlu olduğu yenidən müzakirə edilməli və yalnız Quranla uyğunlaşan hədislər qalmalı, müqəddəs kitabın ideyalarına zidd olanlar gündəmdən çıxarılmalıdır. Xristianlarda da eyni problem var. Üçlük – ata, oğul, müqəddəs ruhla bağlı saysız çəkişmə mövzuları var. Müzakirələr getməlidir, ancaq konflikt olmamalıdır. Bu məsələlər qan tökməklə çözülə bilməz. Vaxtilə xristianlar, yəhudilər də din mübarizələrində qat töküb. Ancaq onlar o dönəmi keçib. Müsəlmanlar da qan tökməyi dayandırmalıdır. Məsih məsələsi də çox ağır məsələdir. Yəhudilərdə də var, xristianlarda da. Xristianlar deyir ki, məsih İsadır. İslamda da var – şiələr 12-ci imam Mehdini Məsih sayır. Hətta elə cərəyanlar var, Mehdini gizli Əli sayır. Əlinin İsa ilə bərabər Yer üzünə enəcəyini deyirlər.
– Siz hansına daha çox inanırsınız?
– Ən doğrusu yəhudilərdir. Çünki onlarda Məsih onların taleyinə bağlıdır. Çox maraqlıdır, onların inancına görə, Məsih gələcək, yəhudiləri istismardan xilas edəcək, dövlət yaradacaqlar, 2 dəfə sökülən ehramlarını bərpa edəcəklər. Orda gizli bir bənd də var. O bəndə görə, yəhudilər dünya xalqlarına göstərəcəklər ki, nə cür hərəkət etmək lazımdır. Yəhidilər bu haqda danışmağı sevmirlər, amma o bənd var. Söhbət yalnız bir millətin xilasından getmir, həm də dünya üçün bir örnək olmaqdan gedir. İsraildə böyük bir toplum var ki, onlar deyir, biz İsrail dövlətini bəyənmirik, qəbul eləmirik, bu dövlətin qurulması böyük səhvdir, biz neçə min il dinimizi, dilimizi, adətlərimizi qorumuşuq, belə də davam edərək Məsihi gözləməliyik. 2 min ildir faktiki olaraq bu xalq diaspor kimi yaşayır. Özləri də deyirlər ki, biz İsraildə də diaspor kimi yaşayırıq. Mən düşünürəm ki, Məsih insan deyil. Məsih cərəyandır. Bu cərəyan, proses artıq özünü göstərməkdədir. Deyim nədə…
(ardı var)