Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Azərbaycanlı deputat AŞPA-da çıxış etdi:“Demokratiya olmadan da illərlə yaşamaq mümkündür”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının başlanğıcında Büro və daimi komitənin ənənəvi hesabatı dinlənilib.

Hollandiyalı deputat Tini Koksun hesabat məruzəsindən sonra başlayan müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış edərək, təqdim olunan məruzə və Avropa Şurasının fəaliyyətlərinin islahata ehtiyac duyulan bəzi sahələri barədə fikirlərini bildirib.

Belə məruzələrin səmərəliliyinin artması üçün onların özünütənqid ruhunda hazırlanmasının, inkişafa mane olan amillərə xüsusi diqqət yetirilməsinin zəruriliyini vurğulayan Rafael Hüseynov deyib ki, konkret olaraq biz Assambleya tərəfindən qəbul edilmiş qətnamələrin necə icra edilməsi məsələsinə xüsusi münasibət göstərməliyik. Ermənistanın icrasından boyun qaçırdığı AŞPA qətnamələrini xatırladan azərbaycanlı deputat belə hərəkətlərinə görə bu ölkənin cəzasız qalmasının yolverilməz olduğunu bildirib: “Bircə nümunə gətirim. Su insan həyatı üçün ən vacib, hətta bütün istiqamətlərdə tam bərqərar olması üçün mübarizə apardığımız demokratiyadan da önəmli olan bir nemətdir. Çünki ən azı biz öz bioqrafiyamızdan bilirik ki, demokratiya olmadan da illərlə yaşamaq mümkündür, susuzluğa isə ən dözümlü insan 14 gündən artıq tab gətirə bilməyərək məhv olur. Assambleyada 24 ildən bəri işğal altında olan Sərsəng su anbarı ilə bağlı, “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” məruzə müzakirə olundu və 2016-cı il yanvarın 26-da 2085 saylı qətnamə qəbul edildi. Ermənistan bu günə qədər həmin qətnamənin icrasına aqressiv müqavimətini davam etdirməkdədir. “İnkişaf hesabatı”nda kimsə indiyədək bu cür qəbul edilib işləməyən hansı qətnamələrdən bircə cümləyə rast gəlib? Sonra da gileylənirik ki, təşkilatımızda böhranlar var. Belə çətin böhran vəziyyətindən çıxmaq üçün mahiyyətlə bağlı əsas məsələləri unudaraq, başlayırıq kosmetik struktur dəyişiklikləri ilə özümüzü aldatmağa. Avropa Şurası elə bir ailədir ki, burada ərköyün üzv olmamalıdır. Bəzilərinə güzəştli, bəzilərinə isə sərt münasibət bəsləninməməlidir. AŞPA-nın 1416, 2085 və sair qətnamələrinin icrasına, təşkilatın yaratdığı alt komitənin fəaliyyətinə nümayişkarcasına müqavimət göstərən Ermənistanın nizamnaməyə zidd hərəkətləri, əslində, Avropa Şurasına qarşı təxribatdır. Çünki ziyanlı nümunə yoluxucu olur. Başqaları da görür ki, hansısa üzv ölkə ona sərf etməyən qətnaməni, qətnamənin hansısa bəndlərini bloklaya bilir və o da başlayır eyni cür davranmağa”.

Rafael Hüseynovdan öncə çıxış edən 2 erməni nümayəndənin artıq adət alımış tərzdə Azərbaycanın ünvanına hədələr yağdırmasına münasibət bildirən deputatımız bu yalan və nifrət dolu, uydurma və böhtan sözlərin Ermənistanın işğalçı mahiyyəti ilə tam uyğun olduğuna diqqət çəkib.

Azərbaycan nümayəndə heyətinin üzvü kənardan idarə edilən, yalnız formal müstəqilliyə malik Ermənistana qarşı Avropa Şurasının qəti addımlar atmamasının təəccüb doğurduğunu bildirib: “Necə olur və nəyə güvənərək siyasi baxımdan zəif, iqtisadi cəhətdən miskin Ermənistan Avropa Şurasına bu cür meydan oxuya bilir? Axı müstəqilliyi sırf simvolik xarakter daşıyan, forpost olduğunu özü də rəsmən etiraf edən Ermənistanın idarəetmə düymələri, kuklaoynadanları ölkədən kənardadır. Xaricdən, ağalarından komanda gəlir ki, “belə et!”, Ermənistan da yerinə yetirir və həmin pərdə dalındakı qüvvələr də bu vasitə ilə Avropa Şurasına qarşı təzyiqlərini reallaşdırmış olurlar. Siz özünüz bunları məndən də yaxşı bilirsiniz.

Güman edirəm ki, inkişafımıza əngəl yaradan belə narahatedici məqamları daha çox təhlil edərək nəticələr çıxarsaq, uğurlarımız artar, inkişaf haqqında hesabatlarımız da gələcəkdə daha obyektiv, sanballı alınar”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir