Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin cəzasının yüngülləşdirilməsi üçün verilən əlavə kassasiya şikayətinə baxılması üçün Ali Məhkəmənin Plenumunun iclası keçirilir.
Azərbaycanın baş prokuroru Zakir Qaralov ötən cümə axşamı Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair əlavə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Ötən ilin aprelində hüquq müdafiəçisi 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin iştirakı olmadan keçirilən Plenar iclasa yalnız onun vəkilləri qatıla bilib. Plenar iclası izləmək üçün bina qarşısında toplanan ailə üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər, siyasi partiya nümayəndələri və fəallar, o cümlədən tələbələrin heç biri zala buraxılmayıb.
Əfv sərəncamı əsasında azadlığa çıxan müsavat partiyasının başqan müavini Tofiq Yaqublu, siyasi fəal Anar Məmmədli də bina qarşısnda toplananlar arasındadır. İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub və vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunub.Beynəlxalq insan haqları təşkilatları onun həbsini siyasi motivli saysa da, Azərbaycan hökuməti bu iddiaları rədd edir.