Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Daha bir jurnalistin işi Avropa Məhkəməsinə gedir

Jurnalist Aynur İmranova hər dəfə ölkəni tərk edərkən və geri qayıdarkən hava limanında şəxsi axtarışa məruz qalmasından məhkəməyə şikayət edib.

Bu haqda “Azadliq.info”ya jurnalistin hüquqlarını müdafiə edən hüquqşünas Samirə Ağayeva məlumat verib.
Samirə Ağayeva bildirib ki, jurnalistin dəfələrlə Bakıda, bir dəfə də Qəbələdəki hava limanında heç bir əsas olmadan, rəsmi sənəd göstərmədən şəxsi axtarışa məruz qalmasıyla əlaqədar 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət ediblər. Məhkəmədən jurnalistə qarşı bu addımın həm Azərbaycan Konstitusiyasının, həm də ölkənin qoşulduğu İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının tələblərinin pozulması kimi qiymətləndirilməsi istənilir.
Cavabdeh tərəf kimi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi göstərilib. Mənəvi ziyana görə cavabdehdən 10 min manat təzminat da tələb olunur. İnzibati-İqtisadi Məhkəmədə bu işə hakim Rüstəm Kərimli baxıb.
“Biz məhkəmədə bir neçə vəsatət qaldırdıq. Onlardan biri də hava limanında kameraların qeydə aldığı videogörüntülərin alınması haqda idi. Vəsatət təmin olunsa da, görüntülər məhkəməyə təqdim edilmədi. Cavabdehin nümayəndəsi bildirdi ki, bütün görüntülər bir ay sonra silinib.
Aynur İmranovanın qanunsuz olaraq şəxsi axtarışa məruz qalması ilə əlaqədar şahidlərimiz Günay İsmayılova və Rəsul Cəfərov dindirildil. Onlar da təsdiqlədilər ki, Aynur İmranova şəxsi axtarışa məruz qalıb. Həmçinin həmin vaxt gərgin vəziyyətdə onlara hüquq müdafiəçisi kimi, onlara zəng edərək, bu haqda məlumat verib. Amma təəssüf ki, məhkəmə iddianı təmin etmədi”, – deyə Samirə Ağayeva bildirib.
Qərardan verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində Həmid Həmidovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb. Apellyasiya şikayəti təmin olunmayıb və qərar qüvvədə saxlanılıb. Hakim qərarını əsaslandırarkən bildirib ki, nə iddiaçı, nə də cavabdeh tərəf məhkəməyə yeni sübut təqdim edib.
“Qanuna görə, bu cür iddialar olanda sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Videogörüntülərin təqdim olunması, inspektorların gətirilməsi onların marağına uyğun idi. Amma eləmədilər. Videogörüntülər hansı təlimata əsasən cəmi bir ay saxlanılıb sonra silinir? Bu sualımıza da cavab ala bilmədik”, – iddiaçının nümayəndəsi qeyd edib.
Samirə Ağayeva onu da əlavə edib ki, qərarı alandan sonra Ali Məhkəməyə kassasiya şikayəti veriləcək. Ali Məhkəmə də şikayəti təmin etməsə, işi Avropa İnsan Haqları Məhkəməsinə göndərəcəklər: “Bu məsələdə Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ) və 14-cü (ayrı-seçkiliyə məruz qalmamaq hüququ) maddələrinin aşkar pozuntusu var. Avropa Məhkəməsindən də bu pozuntuların tanınmasını xahiş edəcəyik”.
Azadliq.info

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir