Fransa özünü dürüst müdafiəçi kimi aparmadı, Qarabağda muxtariyyət olmayacaq – İlham Əliyev
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu Yorkdakı görüşü iki ölkə arasında münasibətlərin normallaşması prosesinin başlanğıcı ola bilər. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 28-də Fransanın “France 24” telekanalına müsahibəsində bildirib.
Azərbaycan Ermənistanla yüksək səviyyəli təmaslara etirazını bildirməyib. Əksinə, hesab edirik ki, bu təmaslar hər iki tərəfdə ola bilən sualları cavablandıra bilər. Əliyev Ermənistanın baş naziri ilə əlaqə yaradıb-yaratmaması barədə suala belə cavab verib.
Azərbaycanın müasir Ermənistanın əraziləri ilə bağlı hər hansı iddiası var?
Əliyev bu suala mənfi cavab verib. “Mənim nəzərdə tutduğum tarixi həqiqətdir. Bu, bir tarixi faktdır ki, 1920-ci ildə sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq onun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib və bu qərar icra olunub… Tarixi torpaqlarımız haqqında danışarkən mən ərazi iddialarından bəhs etmirdim… Mən artıq bunu demişdim ki, biz ora tanklarla deyil, piyada, avtomaşın və təyyarələrlə gedəcəyik. Vəziyyət normallaşandan sonra sülh müqaviləsinə nail olunacaqsa, niyə də biz geri qayıtmayaq”, deyə Əliyev bildirib.
Bakı Qarabağa muxtariyyət verməyə hazırdır? Bu suala cavabda Əliyev deyib ki, bunun üçün heç bir əsas yoxdur. “Niyə onlar hesab edirlər ki, hər hansı hüquqi, siyasi və tarixi əsaslar olmadan Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmalıdır? Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil”, deyə Əliyev qeyd edib.
Fransa Sizin bəzi hərəkətlərinizi tənqid etdi və bu yaxınlarda Ermənistanla sərhəddən geri çəkilməyə çağırdı. Siz Fransanı dürüst vasitəçi hesab edirsiniz?
Azərbaycanın hər zaman Fransa ilə möhkəm iqtisadi əlaqələri olub və Bakı ümid edirdi ki, Paris Minsk Qrupunun həmsədri qismində dürüst vasitəçi olacaq. Amma belə olmadı. “Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Ancaq, səmimi desəm, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi – Ermənistanın tərəfini”, deyə Əliyev bildirib.
Azərbaycan erməni əsirləri təhvil verməyə hazırdır? Bu suala cavabda Əliyev bildirib ki, müharibə zamanı əsir düşənlər artıq qaytarılıb. Beynəlxalq təşkilatların haqqında danışdığı şəxslər müharibə bitdikdən sonra Azərbaycan ərazisinə göndərilən hərbiçilərdir. “Onlar hərbi əsir hesab edilə bilməz və biz onların çoxunu xoşməramlı jest kimi artıq qaytarmışıq. Lakin burada qalıb cəzasını çəkən şəxslər cinayət törədib və onlar ədalət mühakiməsi qarşısında cavab verməli idilər və bu, belə də oldu”