“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirovun işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə Turan-a onun vəkili Fəxrəddin Mehdiyev bildirib.
Vəkilin sözlərinə görə, gələn həftə vəkillər iş materialları ilə tanış olacaqlar və bundan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Aprelin 17-də F.Əmirova qarşı yeni ittihamlar irəli sürülüb: CM-in 213.1 (vergi ödəməkdən yayınmaq) və 308.2 (vəzifə səlahiyyətindən su-istifadə).
Xatırladaq ki, F.Əmirov 2016-cı ilin avqustunda həbs olunub. Ona qarşı dinlərarası ədavətin qızışdırılması ittihamı irəli sürülüb. İstintaq F.Əmirovu Türkiyədə terrorizm və dövlət çevrilişinə cəhddə ittiham olunan “Hizmət” Hərəkatının imamı kimi təqdim edib.
F.Əmirov ittihamları uydurma adlandırıb.
F.Əmirovun həbsindən sonra “Azadlıq” qəzetinin nəşri dayandırılıb. Qəzetə xidmət göstərən bank başqa əməkdaşların səlahiyyətlərini tanımaqdan imtina edib.
F.Əmirovun həbsindən sonra redaksiyanın 2010-2016-cı illərdə vergi fəaliyyətinin yoxlanması həyata keçirilib.
“Azadlıq” qəzetinin əməkdaşlarının çoxu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirməyə çağırılıb. Bəziləri ölkəni tərk etməyə məcbur olub.