Yenifakt.info

Müstəqil xəbərlər portalı

Müsahibə

Prokurorluq qanunvericiliyi pozub – ekspert

Azərbaycanda artıq kök salmış söz azadlığının pozulması təcrübəsi davam edir. “İnformasiyanın nəşr olunmazdan əvvəl dövlət orqanları ilə razılaşdırılması və ya təsdiq edilməsi tələbi qanunvericiliyi pozur”, media hüquqları sahəsində ekspert Ələsgər Məmmədli prokurorun əməllərini belə qiymətləndirib.

Məlum olduğu kimi, martın 14-də criminal.az, xeberinfo.az və azpolitika.info saytlarının redaktorları Baş Prokurorluğa çağırılıb, burada onlara “əsgərin intiharı haqqında Müdafiə Nazirliyi tərəfindən yoxlanılmamış və təsdiq olunmamış məlumatın” yayılması ilə əlaqədar xəbərdarlıq edilib.

Sıravi əsgər Sübhan Sadıq oğlu Xaspoladovun üzərində ordu məmurlarının iddiasına görə öz-özünə yetirdiyi xəsarət izləri və güllə yaraları olan cəsədi ailəsinə qaytarılıb. Baş Prokurorluq iddia edir ki, bu məlumat internetdə Meydan TV internet resursu tərəfindən dərc olunub və adı çəkilən saytlar tərəfindən yayılıb.

 Redaktorlara rəsmi qurumlar tərəfindən təsdiq olunmamış məlumatın yayılmasının yolverilməz olduğu və gələcəkdə bu cür faktlar təkrarlanarsa, məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq edilib. 

Meydan TV ilə əməkdaşlıq edən jurnalistlər Prokurorluğun bəyanatını təkzib ediblər, əsgərin intiharı haqqında məlumat dərc etmədiklərini bildiriblər. “Meydan Tv-də hərbi mövzudakı bütün materiallar rəsmidir və Müdafiə Nazirliyinə istinadla dərc olunur”, deyə mənbə qeyd edib.

Turan agentliyi bu məsələ ilə bağlı Məmmədliyə müraciət edib.

 – Baş Prokurorluğun jurnalistlərdən məlumatı əvvəlcədən razılaşdırmaq tələbi nə dərəcədə əsaslıdır? 

– Bu halda biz mövcud qanunvericiliyin, xüsusən “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun 7-ci maddəsinin kobud şəkildə pozulmasını müşahidə edirik. Qanunda deyilir ki, kütləvi informasiya vasitələri üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir. Dövlət orqanları, bələdiyyələr, müəssisələr, idarələr və təşkilatlar, ictimai birliklər, vəzifəli şəxslər, habelə siyasi partiyalar, məlumat və ya müsahibələrin müəllifi olduqları hallar istisna olmaqla, kütləvi informasiya vasitələrində yayılan məlumatların və materialların əvvəlcədən onlarla razılaşdırılmasını tələb etmək və ya onların yayılmasını qadağan etmək hüququna malik deyillər.

– Bəs məlumat həqiqətə uyğun deyilsə? 

– Jurnalistlərin müəyyən standartları var. Onlar yalan məlumat yazırsa və kimsə bu məlumatın qurbanı olursa, o, məhkəməyə müraciət edə bilər. Amma söhbət hərbçinin ölümündən gedirsə və rəsmi mənbələr bunu gizlədirsə, jurnalist niyə həqiqəti üzə çıxarmamalıdır?

– Ölkənin müharibə şəraitində olduğunu nəzərə alsaq, prokurorluğun əməlləri nə dərəcədə əsaslıdır? 

– Azərbaycanda hərbi vəziyyət haqqında fərman tətbiq edilməyib, buna görə prokurorun əməlləri qəbuledilməzdir və qanunu pozur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir