Yenifakt.info

Müstəqil xəbərlər portalı

Müsahibə

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri:”Türkiyə və Rusiya Avropa Şurasından çıxa bilər”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosu-nun suallarını cavablandırıb. Strateq.az həmin müsahibəni öz oxuculara təqdim edir:

 

– Cənab Seyidov, dövlət başçısı Novruz bayramı ərəfəsində əfv sərəncamı imzaladı. Hüquq müdafiəçiləri 400-dən çox insanı əhatə edən bu sərəncamı “yarımçıq” sayırlar. Siz necə dəyərləndirirsiniz?

– Bilmirəm, bu humanitar addımı kim necə dəyərləndirir, ancaq belə bir sərəncam onu göstərir ki, Azərbaycanda insan haqları sahəsində məntiqli və ardıcıl humanistləşmə gedir. Baxın, bir müddət əvvəl cənab prezident Cinayət Məcəlləsində əksini tapan maddələrin humanistləşməsiylə bağlı çox vacib fərman verdi. Ardınca əfv sərəncamı imzalandı. Azərbaycanda həmin istiqamətdə məntiqi addımlar atılır, bununla da yaxın gələcəkdə Cinayət Məcəlləsi və insan haqlarıyla bağlı qanunvericiliyimiz tam şəkildə ən aparıcı ölkələrin standartlarına uyğunlaşacaq. Mənim sərəncamla bağlı mövqeyim belədir: Bu, çox yüksək humanist addımdır.

– Ancaq beynəlxalq qurumların azadlığa çıxmasını tələb etdiyi əksər adlara həmin əfv sərəncamında rast gəlinmədi, axı…

– Azərbaycanın müasir tarixində nə vaxtsa görmüsünüzmü ki, hökumət, cənab prezident əfv sərəncamı versin və beynəlxalq təşkilatlar öz bəyanatlarında tam razılıq bildirsin? Onlar həmişə daha çox addımlar atmağa çağırırlar. Biz beynəlxalq təşkilatların bəyanatları ilə işləmirik. Biz Azərbaycan Respublikasının maraqlarından çıxış edirik. Ən əsası, respublikada sabitliyin, insan haqlarına münasibətin yüksək səviyyədə formalaşması naminə işləyirik.

– Azərbaycan hakimiyyəti, illərdir, beynəlxalq qurumların azadlığa çıxmasını tələb etdiyi bəzi məhbusların adlarını sərəncama salmaqda dirəniş göstərdiyinə görə tənqid edilir. Konkret adlar da çəkilir hətta. Məsələn, biri İlqar Məmmədov…

– Məncə, tam səhv fikirdir, ancaq sizin sözünüzdə bir məntiq var. Ona görə səhv fikirdir ki, biz heç kimə qarşı dirəniş göstərmirik. Bu, inad deyil. Azərbaycan hökuməti öz maraqları çərçivəsindən çıxış edərək, sərəncamları imzalamaqda davam edir, bunu hansısa beynəlxalq qurumun, Azərbaycandankənar dairələrin istəyi ilə etmir. Ona görə, ola bilsin, siz tərəfdən baxanda, bu, dirəniş kimi görünür. Əslindəsə, Azərbaycanın müstəqilliyini qorumaq, əlbəttə, müqavimət göstərməkdir. Azərbaycanın maraqları pozulursa, müqavimət mütləq göstərilməlidir. Bu o deməkdir ki, hər bir əfv sərəncamı Azərbaycan xalqının bugünkü vəziyyəti nəzərə alınaraq imzalanmalıdır. Necə ki, bunu sonuncu fərmanda da gördük.

– İlkin Rüstəmzadə adlı NİDA-çı bir gənc var. Onunla eyni ittihama görə həbs edilənlər əfv edilsə də, o buraxılmayıb. Səbəb də, ailəsinin dediyinə görə, özünün və valideynlərinin əfv ərizəsi yazmamasıdır. Sizcə, bu, ayrıseçkilik deyil?

– Konkret detallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Mən sənədin ümumi fəlsəfəsi haqqında danışa bilərəm. Konkret əfv komissiyası var, konkret adamlar var, bu işlərə baxırlar, mən detallara gedə bilmərəm.

– Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü (MSŞT-ni) tərk etdi. Bu, Azərbaycanın beynəlxalq öhdəliklərdən yayınması mənasına gəlmir?

– Əsla belə deyil. Cənab prezidentin Novruz bayramı ilə bağlı çıxışında çox vacib bir cümlə var. O cümlə təxminən belə səslənir: Təəssüflər olsun ki, beynəlxalq təşkilatların təsiri getdikcə azalır. Bu o deməkdir ki, beynəlxalq təşkilatların bəzilərinin bəyan etdikləri dəyərlər başqa istiqamət üzrə istifadə olunur. Mən heç MSŞT haqqında danışmıram, ondan öncə Avropa Şurasını götürək. Avropa Şurasında iki nəhəng dövlət var – biri Rusiya, digəri Türkiyədir. İkisinin də Avropa Şurasından çıxması, yaxud əlaqələrin formaca dəyişməsi gündəmdədir. Rusiya artıq Avropa Şurasının iclaslarına qatılmır. Monitorinq Komitəsinin son iclasında Türkiyəylə bağlı yenidən monitorinq aparılmasına qərar verilib. Təsəvvür edin, Avropa Şurasını yaradan dövlətlərdən biri, bir müddət öncə öz nümayəndə heyətinin tərkibini artıran, təsirini gücləndirən Türkiyə mövqeyini ortaya qoyunca, təşkilatın tarixində, ilk dəfə olaraq, onu monitorinqə qaytarmaqla bağlı qərar verdilər. Düzdür, məsələ Parlament Assambleyasının yaz sessiyasında geniş müzakirə olunacaq, ancaq bu qeyri-obyektiv, ikili standartı əks etdirən bir addımdır. Avropanın ən aparıcı təşkilatlarından Avropa Şurası belə hərəkət edirsə, MSŞT bu istiqamətdə hər hansı addım ata bilməz? Biz bu təşəbbüsə qoşulan ilk dövlətlərdəniydik. Biz ora siyasi məsələlərin gətirilməsini istəmir, məhz iqtisadi məsələlərin müzakirəsini istəyirdik. Ancaq bu təşkilat getdikcə dəyişməyə başladı. Onda o təşkilatda iştirak etməyin nə mənası var? Beynəlxalq təşkilat mütləq həqiqət deyil. Bura dövlətlər könüllü şəkildə gəlir, öz maraqları çərçivəsində fəaliyyət göstərir. O maraqlar millətin, dövlətin sabitliyinə, inkişafına xidmət etmirsə, onda o təşkilatda nə işimiz var?

– Bu o deməkdirmi ki, Azərbaycan gələcəkdə başqa beynəlxalq platformaları da tərk edə bilər, məsələn, Avropa Şurasını?

– Azərbaycan öz maraqlarını təmsil etmək üçün hər zaman bütün beynəlxalq platformalarda aktiv fəaliyyət göstərib, göstərir və bundan sonra da göstərəcək. Buna misal Azərbaycanın yaxınlarda Avronest Parlament Assambleyasına qayıtması, Parlamentlərarası Komitənin təşkil edilməsi ilə bağlı qərarın verilməsidir. Bu, Azərbaycanın siyasətidir. Ancaq Avropa Parlamenti də Azərbaycana qarşı qərəzli, yalan, böhtan dolu qərar verəndə, Azərbaycan neylədi? Bu təşkilatla münasibətlərini dayandırdı. İstər Avropa Parlamenti olsun, istərsə başqası, Azərbaycana qarşı əvvəlcədən proqramlaşdırılmış, qərəzli mövqedən çıxış edəcəklərsə, Azərbaycan xalqı oturub qərarını verməlidir. Yəni bu xalqın maraqlarına zidd olan təşkilatda nə işimiz var?

– Amma Azərbaycan Avropa Parlamentinə geri qayıtdı…

– Biz Avropa Parlamenti ilə dialoq nəticəsində əlaqələrimizi yüksək səviyyədə qurmuşuq. Bu yaxınlarda prezidentin Brüsselə səfəri oldu. Biz yenidən Avronestə qayıtdıq. İndi ikitərəfli, qarşılıqlı hörmət əsasında münasibətlər qurulub.

– Bu o deməkdirmi ki, tənqidlərdən sonra MSŞT-ni tərk edən Azərbaycan az sonra quruma qayıdacaq?

– Mən proqnoz vermək istəmirəm. Ancaq hər bir halda Azərbaycan öz mövqeyini istənilən təşkilatda müdafiə edib və edəcək. Azərbaycanın maraqlarına uyğun olacaqsa, niyə də iştirak etməyək? Böyük Britaniya kimi bir dövlət Avropa Birliyindən çıxdı. Burda nəsə məna, mənfi nəsə axtarmaq düz deyil. Bu, canlı, daimi prosesdir.

– Amma əksər iqtisadçılar, elə deputat həmkarınız Vahid Əhmədov da deyir ki, MSŞT-dən çıxmaq Azərbaycanın kredit reytinqini aşağı salacaq, ölkəyə investisiya cəlbində problemlər yaranacaq. Sizcə, ölkənin indiki vaxtında belə radikal addıma nə dərəcədə ehtiyac vardı?

– Fikrimcə, cənab prezidentin Münhen təhlükəsizlik konfransında iştirakı, Avropa Parlamentinə getməsi, Fransa prezident ilə görüşləri Azərbaycanın həm investisiya reytinqini, həm də dövlət kimi mövqeyini möhkəm və düzgün əks etdirib. Ona görə investisiya, kreditlə bağlı deyilən məsələlər gündəmdə deyil.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir