Hüquq müdafiəçisi: “Hakimiyyət Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını yerinə yetirməkdən imtina edir”
Sentyabrın 21-də tanınmış hüquqşünas və hüquq müdafiəçisi İntiqam Əliyevin şikayəti ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının açıqlanması ərəfəsində Turan agentliyi ondan bu işi şərh etməsini xahiş edib.
– Sabah Avropa Məhkəməsinin sizinlə bağlı qərarı gözlənilir. Nə ilə bağlıdır şikayətləriniz və məhkəmədən gözləntiləriniz nədir?
– Öncə onu deyim ki, çox istərdim, mənimlə bağlı bu qərarın yerinə, artıq dörd, beş il və daha uzun müddətdir ki, məhbəsdə olan – Rəşad Ramazanovun, İlkin Rüstəmzadənin, Abgül Süleymanovun, Mövsüm Səmədovun, Seymur Həzinin və qanunsuz həbsdə olan digər dostlarımızın qərarı çıxaydı. Amma nə etməli, qərarların ardıcıllığını müəyyən edən amillər (pozuntunun prioritetliyi, işin mürəkkəbliyi, şikayətlərin keyfiyyətli hazırlanması, dil, qurbanların kimliyi və s.) var, onlar heç də hər zaman bizim istəklərimizlə üst-üstə düşmür.
Konkret bu işə gəldikdə, o, azadlıq, işgəncələrə məruz qalmamaq, özəl həyat, siyasi motivlərlə təqiblərə məruz qalmamaq və digər hüquqlarımın pozuntusu barədə şikayətlərlə bağlıdır. Pozuntular o qədər aşkardır ki, Avropa məhkəməsinin onları tanıyacağına heç bir şübhəm yoxdur. Söhbət ancaq kompensasiyanın məbləğindən gedə bilər…
– Şikayətlərin nə ilə bağlı olması barədə bir neçə kəlmə deyə bilərsinizmi?
– Bu ölkədə məhkəməyə qədərki həbslərdən siyasi alət kimi istifadə edildiyi heç kəsə sirr deyil. Həmin dövrlərdə, ondan qabaq və sonra həyata keçirilən əksər həbslər kimi, mənim həbsimin də arxasında siyasi motivlər dayanırdı. Yeri gəlmişkən, həbslərdə siyasi motivlərin mövcudluğu Avropa məhkəməsinin İlqar Məmmədov, Anar Məmmədli, Rəsul Cəfərov, Leyla Yunus və digərlərinin işləri üzrə qərarlarında artıq təsdiqlənib; həmin qərarları dəstəkləyənlər arasında hökumətin təyin etdiyi hakim də var. Ona görə rahatlıqla bu ifadədən yararlana bilərik. Vəkillərim mənim işimdə də həmin o məşhur 18-ci maddəyə istinad ediblər.
Başqa bir şikayət həbs olunduğum gün və növbəti gün rəhbərlik etdiyim təşkilatın ofisində, yaşadığım və qeydiyyatda olduğum mənzillərdə aparılan axtarışlarla bağıdır. Bu axtarışlar – əslində, “basqın” ifadəsi daha doğru olardı – zamanı istintaqa aidiyyatı olan və olmayan, həm özümə, həm də təşkilatıma aid bütün sənədlər, informasiya daşıyıcıları, möhür və ştamplarla yanaşı, qardaşımın ailə üzvlərinə məxsus bütün kompüterləri də heç bir qanuni rəsmiləşdirmə aparmadan yığıb aparmışdılar. Başqasının mülkiyyəti olan ofis isə o vaxtdan qanunsuz olaraq prokurorluq tərəfindən möhürlənib və bu günə qədər də bizi ora buraxmırlar.
Daha bir şikayət işgəncələrlə bağlıdır. Bunların əksəriyyəti istintaq təcridxanalarında və həbsxanalarda dustaqların hər gün rastlaşdıqları şeylərdir: adını karantin qoyduqları, amma ilk gündən dustağın gözünü almaq, onu sındırmaq üçün istifadə olunan prosedur, kameranın ölçüsünün adambaşına düşən normadan aşağı olması, oradakı qeyri-insani şərait, həddən artıq aşağı keyfiyyətli yeməklər, heyvanları belə daşımağa yaramayan vasitələrlə və üsullarla daşınma, məhkəmə proseslərində insanların heyvan kimi dəmir və onlardan daha alçaldıcı şüşə qəfəslərə salınması, həddən pis səhiyyə xidmətləri və sair və ilaxır. Təbii ki, bütün bunlara həm də siyasi məhbus olmağımla bağlı qatılan spesifik çalarlar da əlavə olunurdu. Sağlamlığımla bağlı çox ciddi problemlərlə üz-üzə qaldığım zaman çoxsaylı müraciətlərə, həm ölkə daxilində, həm də xaricdə aparılan kampaniyalara baxmayaraq, mənə öz həkimlərim vasitəsilə tibbi yardım göstərilməsinə, müayinə və müalicəmə imkan verilmədi. Onu da deyim ki, Baş Prokurorluğun cəzamın ağırlığı ilə bağlı Ali Məhkəmənin Plenumuna verdiyi əlavə kassasiya şikayətində əsas arqument kimi səhhətimlə bağlı ciddi problemlərin hökm çıxarılan zaman məhkəmələr tərəfindən nəzərə alınması idi.
– Kompensasiya məsələsinə toxundunuz. Onlarla bağlı durum nə yerdədir?
– Durum sabit və ağır olaraq qalır. Hökumət pulları ödəməməkdə, Avropa məhkəməsinin qərarlarının icrasına nəzarət etməli olan orqanlar və onların başında duran – Avropa Şurası Nazirlər Komitəsi susmaqda davam edir. Mən 2014-cü ildə həbs olunduqdan sonra məhkəmənin hüquq yardımına görə təyin etdiyi qonorarların heç birini ala bilməmişəm. Mülki xarakterli işlərlə bağlı hissə-hissə də olsa, adamlara pul ödənildiyi halda, siyasi hüquqlarla bağlı qərarlar üzrə kompensasiyaların ödənişi tamam dayandırılıb. Çoxsaylı müraciətlər, şikayətlər hələ ki nəticə vermir. Əvvəllər bu barədə müraciətlərə AŞ NK-dan heç olmasa cavab alırdıq ki, müraciətiniz qəbul olundu, indi heç onu da yazmırlar. Hələ mən biləni, Strasburq məhkəməsinin tarixində hansısa dövlətin qərarları bu cür ultimativ şəkildə icra etməməsi halı olmayıb. Ümid edək ki, bir gün anlayacaqlar ki, birinin özbaşınalığına göz yumanda, o birinin də ayağı yer alacaq.
– Niyə ödəmirlər? Pulları yoxdurmu?
– Düşünmürəm ki, bu, maliyyə problemləri ilə bağlıdır. Hökumətin haqlarını pozduğu insanlara məbləği hər iki gündən bir, təkrar-təkrar təmir olunan yollara ayrılan pulun çox az bir hissəsi – bir, maksimum iki yolun tikintisinə ayrılan vəsait qədər ola ya olmaya. Hökumət o pulları vəkillərə, jurnalistlərə, siyasətçilərə, gənc fəallara, hüquq müdafiəçilərinə ona görə vermək istəmir ki, insanlar maddi problemlərinin içində çabalaya-çabalaya qalsınlar, vəkillər daha bu işləri Avropa məhkəməsinə daşımasınlar. Kompensasiyaların ödənilməsi bütün repressiyalara baxmayaraq, ölkədə dəyişikliklər uğrunda mübarizəsini dayandırmayan qurumların və insanların bütün mümkün maliyyə qaynaqlarını qapatmaq siyasəti ilə uyuşmur. Əslində Gözəl Bayramlının, Əfqan Muxtarlının, Rüstəmlilərin və digərlərinin həbsində də bu motiv aşkar görünür. Hətta irəli sürülən ittihamlar doğru olsa belə, mülki, uzaqbaşı inzibati məsuliyyət yaradan əməllərə görə insanların uzun müddətə həbsə atılması maliyyə mövzusuna hökumətin necə həssas yanaşdığının göstəricisidir.
Yeri gəlmişkən, fürsətdən yararlanıb, o çətin günlərdə özləri də basqı altında olmalarına baxmayaraq, yanımızda olan, bu işdə xüsusi zəhməti keçən Cavad bəy (Cavad Cavadov – red.), çox tez itirdiyimiz çox dəyərli insan və vəkilimiz Elton Quliyev də olmaqla bütün vəkil dostlarımıza münnətdarlıq etmək istərdim. Onların çoxu artıq vəkil deyillər. Elə bu cür işlərə çıxdıqlarına görə. Avropanın adlı-sanlı hüquqşünaslarından sayılan Filipp Laech olmaqla Londonda yerləşən EHRAC təşkilatı, onun əməkdaşı Ramute Remezaitenin rolunu xüsusi qeyd etmək istərdim. Onlar vəkillərimizlə yanaşı, ilk gündən bu işlərin keyfiyyətli hazırlanmasında və Strasburqa daşınmasında yardımçı oldular və bu gün də bu cür işlərdə dəstəyi davam etdirirlər. Ötən il Ramuteni EHRAC-ın ölkəmizə gələn nümayəndə heyətinin tərkibində arzuolunmaz şəxs kimi sərhəddən geri qaytarmışdılar. Heç izahat da vermədilər. Görünən dağa nə bələdçi.
– Yeri gəlmişkən, bu günlərdə Vəkillər Kollegiyası sədrinin müavini Fərhad Nəcəfov açıqlamasında Avropa məhkəməsinə irad bildirib ki, VK üzvü olmayan şəxsləri öz qərarlarında vəkil kimi təqdim edir və bu, “yerli və beynəlxalq ictimaiyyətin çaşqınlığına səbəb olur”.
– Mən də oxumuşam o açıqlamanı. Həmin yazıda AŞ PA-nın vəkillik peşəsi haqqında Avropa Konvensiyasının hazırlanması barədə 2121 saylı tövsiyəsindəki “məhkəmələrə etimad məhz vəkillər vasitəsilə vasitəsilə təmin olunur” fikrinə və AŞ NK-nın 2000-ci ildə qəbul etdiyi vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququ haqqında 21 saylı tövsiyəsindəki “qanunun aliliyinin təmin edilməsində vəkillər mühüm funksiyanı icra edirlər” fikrinə istinad olunur. VK rəsmisi AŞ-ın “vəkillərin ixtisaslaşmış qurumlar olan kollegiyaların nəzdində birləşməsinin” vacibliyini qeyd etdiyi halda, onun nəzarət orqanının (Avropa məhkəməsi nəzərdə tutulur – red.) bu cür diqqətsizliyinə, yumşaq dildə desək, təəssüflənir.
Müəllif hər dediklərində haqlıdır, amma unutduğu şeylər var. Həmin və hüquqşünas peşəsi ilə bağlı digər çoxsaylı sənədlərdə sivil dünya vəkillərinin peşə birliklərini (bizim dildə oxu: “kollegiyalarının”) müstəqil, şəffaf və demokratik prinsiplərlə idarə olunan qurum kimi görür, icra hakimiyyətinin (bizim dildə oxu: Prezident Aparatının və ya Ədliyyə Nazirliyinin) bir bölməsi kimi yox. O sənədlər VK deyilən quruma qəbul zamanı bilik, peşəkarlıq kimi keyfiyyətlərdən əlavə, həm də hökumətə loyal olmaq kimi meyar nəzərdə tutmayıblar. O tövsiyələr peşə fəaliyyətini həyata keçirərkən və ondan kənarda, vəkil sirri sayılan məlumatlar istisna olmaqla, vəkillərin ifadə azadlığına, o cümlədən təmsil etdiyi qurumu, onun rəhbərliyini, hökuməti tənqid etmək haqqına təminat verir. O sənədləri hazırlayanlar vəkilin öz müştərisi ilə konfidensial şəraitdə söhbətini gizlicə qeydə alıb, sonra onu cəzalandırmaq məqsədilə istifadə olunması halının mümkünlüyünü ağıllarına belə gətirmirlər. O sənədlər vəkildən təmsil etdiyi şəxsin istər istintaqda və məhkəmədə, istərsə də polisdə, həbsxanada qarşılaşdığı qanunsuzluq faktlarını təkcə məhkəmə zallarında yox, bütün qanuni vasitələrlə – müsahibə, açıqlama, şikayət, müraciət, sosial şəbəkələrdə status və s. formalarda ictimailəşdirməsini nəinki qadağan edir, əksinə, bunu təqdir, hətta tələb edir.
“Yerli və beynəlxalq ictimaiyyətin çaşğınlığı” məsələsinə gəldikdə, istər orada, istər burada çaşqınlıq yaradan Avropa məhkəməsi deyil, bizim hökumətimiz və onun VK-dır.
– Yeri gəlmişkən, narazılıqlar təkcə VK rəhbərliyindən gəlmir, bəzi adlı-sanlı vəkillər də qurumun ünvanına deyilən tənqidləri qəbul etmirlər.
– Hə, belə şeylər var. Bəzi məsələlərə aydınlıq gətirim. Deyiləndə ki, ölkədə həssas işlərə, o cümlədən siyasi məhbusların işlərinə çıxan 6-7 vəkil qalıb, VK-dakı vəkilləri ittiham etmək fikrindən çox uzağıq. Təəssüf ki, bu, bəzən bilməzlikdən, çox zaman isə bilərəkdən bu cür təqdim olunur. VK-da siyasi işlərə çıxmayan vicdanlı, peşəkar vəkillər yetərincədir. Onlar heç də ona görə o işlərə çıxmırlar ki, “buna görə onlara qonorar verən yoxdur”. Hərçənd, belələrinin olmasını da qəbul edirəm və bu yanaşmanı normal sayıram. Vəkilləri bu cür işlərə çıxmaqdan çəkindirən gözlərinin qarşısında Əlaif Həsənovun, Xalid Bağırovun, Yalçın İmanovun, Fəxrəddin Mehdiyevin, Nemət Kərimlinin, Əsabəli Mustafayevin, İradə Cavadovanın və digər nüfuzlu vəkillərlə bağlı baş verən özbaşınalıqdır, acı təcrübədir. Hər kəsdən qəhrəman olmağı tələb etmək olmaz. Amma kimsə düşünürsə ki, siyasi işlərə çıxmasa, dilini dinc qoyub böyükləri tənqid etməsə, işgəncəni ictimailəşdirməsə, məhkəmə, prokurorla işi olmasa, ona dəyib toxunmayacaqlar, yanılır. Vicdanlısansa, növbə mütləq sənə catacaq. Bir də ki, bu deyilənləri əgər etmirsənsə, onda bu, heç vəkillik də olmur axı.
Təkcə hökuməti, VK rəhbərliyini yox, vicdanlı və dost saydığımız həmkarlarımızı qıcıqlandıran yazılar, çıxışlarla biz həm ölkədə, həm də VK-da durumun nə qədər ağır olduğunu yerli və beynəlxalq ictimaiyyətə ona görə çatdırırıq ki, vəkillərin sayının artmasına, təzə binaya, gənc və savadlı adamların VK rəhbərliyinə gətirilməsinə çox da sevinməsinlər. Əsas məsələ – vəkilləri və vəkilliyi müstəqil görmək iradəsi, istəyi olmayanda bunlar daha ziyanlı ola bilir. VK ilə bağlı AM-ə çoxsaylı şikayətlər getməkdədir və bir müddət sonra həmin o beynəlxalq ictimaiyyət, həmçinin o tövsiyələri hazırlayan qurumlar Azərbaycanda vəkilliyin acınacaqlı durumundan və vəkillərin başına açılan oyunlardan Avropanın ən mötəbər məhkəməsinin dilindən xəbər tutacaqlar.