Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

Aşura zəncir vurmaq, baş yarmaq deyil, haqq uğrunda dirəniş günüdür…

Taleh Bağırzadə Aşura günündən yazır və məktəblilərə səslənir

Müsəlman Birliyi Hərəkatının sədri, Qobustan həbsxanasında saxlanılan ilahiyyatçı Taleh Bağırzadə Aşura günü ilə əlaqədar müraciət yayıb. İlahiyyatçı hakimiyyətin bütün başqa məsələlərdə olduğu kimi, Aşura günü ilə əlaqədar da insanları yanlış yönləndirməyə çalışdığını bildirir. Vurğulayır ki, Aşura gününün mahiyyəti zəncir vurmaq, baş yarmaq deyil, haqq uğrunda savaş, dirəniş göstərməkdir.
İlahiyyatçının müraciətini təqdim edirik:

*

Mən ilk növbədə yeni dərs ilinin başlanması münasibətilə bütün məktəbliləri təbrik edirəm! Arzu edirəm ki, savadlı bir nəsil kimi yetişib, bu ölkənin gələcəyini açıq düşüncənizlə, qabiliyyətiniz və halallıqla qurub, gələcəyə daşıyasınız…
Əziz məktəblilər!
Bu günlərdə Məhərrəmlik ayını yaşayırıq. Amma öyrəndim ki, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Komitə Aşura günü məktəblilərin məscidlərə getməsini qadağan edib.
Əzizlərim, siz bu ölkənin gələcəyisiniz. Ona görə də bu ölkədə özünə “dindar”, “dövlət idarəçisi” deyib başa çıxanlardan və dini dəyərlərdən danışanlardan soruşa bilərsiniz ki, Aşuranı zəncir vurmaq, baş yarmaq kimi geriçilikdən xilas etməkdən ötrü indiyə qədər nə ediblər? Nə vaxt bu ölkədə dini elmi yöndən və mahiyyətinə uyğun təbliğ ediblər?
Heç vaxt bunu etməyənlər indi süni qadağaya əl atıblar.
Əziz məktəblilər, Aşura zəncir vurmaq, baş yarmaq günü deyil, haqq uğrunda savaş, dirəniş günüdür. 1400 il bundan əvvəl baş vermiş hadisənin fəlsəfəsi başqadır – haqqa sahib çıxmaq, zülmə dirəniş…
İndi hakimiyyət və Allahşükür Paşazadə rahatsız olublar ki, siz Aşura günü məscidə gedə bilərsiniz. Niyə? Çünki orada düz söz eşidib, haqq üçün savaşanların hekayəsini dinləyəcəyinizdən qorxurlar. Onlara zülmə boyun əyməyən bir gənclik lazım deyil. Əksinə, kölə, yaltaq sürüsü lazımdır.
Hüseyn məktəbinin mahiyyətini anlayacağınızdan qorxurlar. Çünki bilirlər ki, bu günün mahiyyətini anlamaq bütün ömür boyu zülmə qarşı dirənmək deməkdir. Hakimiyyət sizin azadlıq və haqq haqqında nəyisə bilib sorğulamanızdan qorxur.
Güman etməyin ki, onlar sizi qoruyur. Əgər onlar sizin təhsilinizin qayğısına qalmış olsaydılar, ölkənin təhsil sistemini bu hala salmazdılar. Bu gün ölkənin məktəbləri korrupsiya və yalanın, riyakarlığın mərkəzinə çevrilib. Sizlərin gözünüzün qarşısında müəllimlərinizi hər seçkidə büllüten oğrusuna çevirirlər. Görəsən onlar bütün bu yaramazlıqların kökünü niyə kəsmirlər?
Əziz məktəblilər, siz bir onlardan soruşun görək, qayğınıza qaldıqları üçün məscidlərə getməyi qadağan edirlərsə, təhsilli və müasir olmağınızı istəyirlərsə, niyə xaricdə təhsil proqramını ləğv etdilər? Bunlar Aşuranın mahiyyətindəki zülmə dirənişdən qorxduqları kimi, sizin xarici ölkələrdə oxuyub, dövlətin vətəndaşa necə hörmət etdiyini görməyinizdən, bu hörməti onlardan da tələb edəcəyinizdən çəkinirlər. Bu hakimiyyətə savadlı, haqqını bilən və bu yolda mübarizə apara bilən vətəndaş lazım deyil. Kölə və təbəə lazımdır.
Bu gün Aşuranı danmaq həm də tariximizi danmaqdı. Xətaini, Cavad xanı danmaqdı. Onlar istəyirlər ki, tarixi də özləri ilə başlasınlar.
Qarabağ işğal altındadır. Bu günün şagirdi sabahın əsgəridi. Və bu əsgər ideallar, prinsiplər uğrunda savaşmağı öyrənməsə, torpaqlarımızı düşmən tapdağından necə xilas edəcək?
Aşura məhz sabahın savaşa hazır olan əsgərini yetişdirə biləcək gündür.
Əzizlərim, savadlanın, dünyada gedən proseslərdən xəbəriniz olsun. Öyrənin ki, iqtidar sökmək üçün deyil, tikmək, yaratmaq üçündür.
Həm də Hüseynçilik məktəbini öyrənin. Hüseyinçilik təkçə savaş deyil, həm də açıq fikirliliyə, mübarizəyə, özünü anlaya biləcəyinə təşviqdir. Savadlanmağa çağırışdır. Ən böyük bilik insanın özünü bilməsidir. Çünki özünü bilən insan qorxudan azad olur, ölümdən belə çəkinmir. Azərbaycan hakimiyyətinin idarəçiliyinin təməli isə qorxudur.
Dəyərlərinizə və etiqadınıza, gələcəyinizə sahib çıxın. İmkan verməyin ki, sizin əvəzinizə qərarı başqaları versin. Hz.Hüseyn kimi, haqqa yürüş edin.
Nəyin bahasına olursa olsun!

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir