Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

Hakimiyyətə rüşvətlə ələ aldığı təşkilatdan ağır zərbə

Milli Şuranın sədri Cəmil Həsənli AŞPA-da Azərbaycan hakimiyyətinin korrupsiyası ilə bağlı hesabatın müzakirəsi zamanı baş verənlər haqqında fikirlərini özünün fb səhifəsində bölüşüb:

“AŞPA-da korrupsiya ittihamları üzrə müstəqil istintaq orqanının 219 səhifəlik hesabatı bu gün Strasburqda plenar iclasda qızğın müzakirələrdən sonra nəhayət ki, qəbul edilib. Azərbaycan nümayəndə heyətinin üzvləri öz gülməli çıxışları ilə yalnız özlərini deyil, təmsil etdikləri hakimiyyəti də rüsvay ediblər. Nümayəndə heyətinin başçısı Səməd Seyidov bildirib ki, “Mənim ölkəmi rüşvətxorluqda günahlandırmağın özü belə korrupsiyadır.” Bu da professor, keçmiş rektor, mötəbər bir qurumda nümayəndə heyəttinin başçısı. Nə deyəsən, sənin ölkənin bəyəm korrupsiyadan kənar həyatı var? Sahibə Qafarova isə bu məruzəni Avropanın Azərbaycandakı demokratiyanı gözü götürməməsi, paxıllığı kimi qiymətləndirib. Lakin müzakirə zamanı tək qalmış azərbaycanlı deputatların canfəşanlığına baxmayaraq, AŞPA-nın 123 deputatı sənədin “lehinə” səs verib və Azərbaycan hakimiyyətinin rüşvətxor, korrupsioner, əxlaqsız, binamus mahiyyətini özündə əks etdirən 219 səhifəlik hesabat qəbul edilib. İstintaq Komissiyasının çox mötəbər tərkibi olub: Avropa İnsan Haqları Məhkəməsinin keçmiş hakimləri Nikolas Brats (Böyük Britaniya), Elizabet Fura (İsveç) və Fransadan olan keçmiş hakim Jan Lui Briqeri. Hesabatda istintaq qrupu Azərbaycan hakimiyyətindən rüşvət alan 17 məmurun adını açıqlayır, AŞPA deputatlarının və rəsmilərinin sistemli şəkildə ələ alınması, habelə Azərbaycan rəsmilərinin natəmiz korrupsiya faktlarını ifşa edir.

Sənəddə Azərbaycanın kriminal və korrupsiyaner hakimiyyətinin maraqları ilə bağlı ayrı-ayrı səsvermə zamanı AŞPA-nın çoxlu sayda deputatların ələ alındığı bildirilir. Hesabatın bu gün keçirilən müzakirəsində Azərbaycandan gedən hədiyyələr: bir neçə min dollarlıq kürü, “caviar breakfast”, pul “mükafatları”, milyonlara avro bank transferləri, hakimiyyətin rüşvət kimi təklif etdiyi birgecəlik qızlar daha çox səy-küy doğurub. Bəs bunlar kişilikdən, milli təəssübkeşlikdən, əxlaqdan və mənəviyyatdan, namus-qeyrətdən danışırdılar, budu bunların kişiliyi, əxlaqı və mənəviyyatı, namus-qeyrəti?

Hesabatda göstərilir ki, AŞPA Azərbaycanla bağlı məsələləri müzakirə edərkən səsverməyə daha çox deputat gəlirdi, hətta Assambleyaya az-az gələnlər deputatlar belə həmin məqamlarda özlərini səsverməyə yetirir və Azərbaycanın xeyrinə səs verirdilər. Və sonra da İlham Əliyev beynəlxalq tribunlardan təşəxxüslə bəyan edirdi ki, Azərbaycanda siyasi məhbus yoxdur və bunu AŞPA təsdiq edib. AŞPA Assambleyasında çalışan ayrı-ayrı məmurlar istintaq qrupuna ifadə veriblər. Məsələn, AŞPA baş katibi Voytsex Savitski etiraf edib ki, Azərbaycandan qutu ilə kürü alıb və bildirilir ki, Assambleyada hətta kürüdən ibarət səhər yeməyi təşkil edilib. Yeri gəlmişkən biz Tofiq Yaqublu ilə Strasburqda olarkən bu Savitski ilə görüşmüşük və AŞPA deputatlarının Azərbaycan hakimiyyətinin korrupsiyasına bulaşdığını onun nəzərinə çatdırmışıq. Adam bizi inandırmağa çalışıb ki, Azərbaycanı AŞPA-nın prinsiplərinə uyğunlaşdırmağa çalışırlar. Sən demə qara kürünün bərəkətindən Savitski və onun kimilər Azərbaycan hakimiyyətinin korrupsiya və rüşvət şəbəkəsinə uyğunlaşıb.

Ən acınacaqlı mənzərə isə Avropa Şurasının Baş katibi Turbörn Yaglandla bağlıdır. Adam Norveç kimi aydan arı, sudan duru bir ölkənin baş naziri, xarici işlər naziri olub, 2009-cu ildən etibarən dünyanın ən nüfuzlu mükafatı olan Norveç Nobel Komitəsinin sədridir. Səfir Arif Məmmədov öz ölkəsində baş alıb gedən korrupsiya, rüşvətxorluq, AŞPA deputatlarının bu natəmiz əməllərə bulaşması, insan haqlarının pozulması, siyasi həbslərin keçirilməsi haqqında onu məlumatlandırır və Yagland məqalə “yazmaqla” işin bitmiş hesab edir. Hazırda Yaqlandın Azərbaycan korrupsiyasına bulaşması barədə Norveç mətbuatında geniş kampaniya başlayır və kampaniya onun karyerasının faciəli iflası ilə nəticələnə bilər.

Hesabat hazırlanarkən isveçrəli deputat Doris Fiala hakimlərə danışıb ki, üzərində mirvari və almaz olan qızıl boyunbağı alıb, amma dərhal geri qaytarıb. İsveçrəli deputat Dik Marti (o, hələ 2010-cu il parlament seçkilərindən sonra depişdi ki, Azərbaycan emisarları seçkiyə müsbət rəy müqabilində mənə rüşvət təklif etdilər, mən bundan imtina etdim, lakin əmin deyiləm ki, təklif alan digər AŞPA deputatları da bundan imtina ediblər) Azərbaycanın “dövlət kişilərinin” cinsi xidmətlər haqda təkliflərini yada salıb və deyib ki, Bakıya rəsmi səfəri zamanı gecə saat birə yaxın kimsə mehmanxanada qaldığı otağın qapısını döyüb. O, qapı gözlüyündən baxaraq əllərində şampan tutmuş iki yarıçılpaq gənc qızı görüb. Qapını açmayıb.” Kişilikdən, milli mentalitetdən dəm vuran siyasi xədimləri görünür “dövətçilik” naminə ölkəni hərəmxanaya çevirib AŞPA deputatlarına cariyələr təklif ediblər. Bu rüsvayçılıq, bu binamusluqdan sonra bunlara Kefli İsgəndər kimi “TFU SİZİN ÜZÜNÜZƏ” deməkdən başqa ayrı söz tapa bilmirsən.

Hakimlərə ifadə verən AŞPA-nın xanım nümayəndəsi bildirib ki, 2014-cü ildə Azərbaycanın paytaxtına gələrkən onun mehmanxana otağına gözəl xalça gətiriblər. Ancaq çox böyük olduğuna görə götürməyib. Lakin hesabatdan bəlli olur ki, siyasi məhbuslar üzrə məruzəçi olan maltalı deputat Debono Qrex hədiyyədən imtina etməyib, hətta onu bəyannamədə göstərməyib. Mən AŞPA-nı “qrexi” olan bu Debononu yaxşı xatırlayıram. Pedro Aqramuntla birlikdə siyasi məhbuslar üzrə həmməruzəçi idi. Bakıda AŞPA nümayəndəliyinin ofisində hüquq müdafiəçiləri ilə görüşdə Leyla xanım Yunus hər ikisinin üzünə dedi ki, siyasi məhbus məsələsini batırmaq üçün Azərbaycan hakimiyyətindən rüşvət almışınız. Eyni fikri Aqramuntla görüşdə mən onun gözünün içinə dedim. Bəla burasındadır ki, Aqramunt Azərbaycanda ilk “hədiyyəsini” də elə siyasi məhbusların saxlandığı orqanda almışdı və bundan sonra Azərbaycan hakimiyyətinin korrupsiya şəbəkəsinin bir elementinə çevrilmişdi. Pedro müəllim İlham Əliyev hakimiyyətinin korrupsiyasına adaptasiya olduqdan sonra Azərbaycanda keçirilən seçkilərdə müşahidə missiyasına rəhbərlik etmiş və seçkilərin “azad, ədalətli, demokratik, pozuntusuz” keçirildiyini bəyan etmişdi. Hətta onun AŞPA-nın prezidenti seçilməsi belə Azərbaycan hakimiyyətinin korrupsiya şəbəkəsinin transmilli bir cinayət əməli idi. Görün Assambleyanın vitse-prezidenti ukraynalı Vladimir Aryev hesabatı hazırlayan hakimlərə nə deyib: “2013-cü ildə SOCAR-Ukraynanın prezidenti Elçin Məmmədov onun yanına gələrək finlandiyalı namizədi yox, Aqramuntu dəstəkləməyi xahiş edib. Elçin Məmmədov deyib ki, əgər Aryev Arqamunta səs verərsə, ona istənilən yardımı göstərməyə hazırdırlar.” Vladimir Aryev əlavə edir: “Məlumdur ki, söhbət rüşvətdən gedirdi”.

Hesabatda AŞPA-da Azərbaycan korrupsiyasının hökm sürməsi barədə informasiyalar təsdiqlənib. Hesabatda deyilir ki, “AŞPA deputatları tərəfindən AŞ vəzifəli şəxslərinin seçkisi zamanı Assambleya deputatlarına “təşəkkür zərfləri” sistemi mövcud olub. Bu pullar Azərbaycandan daxil olub, onları deputatlara otel otaqlarında, milli nümayəndə heyətlərinin ofislərində veriblər.” İstintaq qrupu etik standartları pozan (əslində isə açıq cinayət törədən) 17 hazırki və keçmiş deputatın və vəzifəli şəxslərin barəsində korrupsiyaya dair sübutları irəli sürüb. Orada göstərilir ki, deputat Yakko Laakso (Finlandiya) 500 avroluq əskinasları ayırıb, deputat Ştef Qoris (Belçika) onları AXP, deputat Karina Voldset (Norveç), deputat Qoran Lindblad (İsveç), rumıniyalı deputat Sezar Preda (hazırda Azərbaycan üzrə məruzəçidir), AXP qrupunun rəhhəri, Azərbaycan hakimiyyətinin transmilli korrupsiya şəbəkəsinin üzvü eks-prezident Pedro Aqramunt və digərlərinə dədə malı kimi paylayıb. Hətta, araşdırmalar dərinləşsə aydın olacaq ki, Pedro müəllim Rusiya nümayəndə heyətinin tərkibində cinayətkar Bəşər Əsədlə görüşə azərbaycanlı “donorlarının” sifarişi ilə gedəb. Axı, İlham Əliyevin təbirincə Vladimir Putin beynəlxalq hüququn təminatçısıdır.

Bütün bunlarla yanaşı hesabatda AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, “işbaz” deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və digər deputatlara qarşı da ittihamlar irəli sürülüb. İttiham olunanların arasında almaniyalı deputat Eduard Lindner də var. Ona qarşı bir neçə pul tranşı ilə bağlı konkret sübutlar ortadadır. Sənəddə göstərilir: “bank köçürmələrindən aydın olur ki, Lindner Azərbaycanla əlaqəsi olan şirkətlərdən 799 500 avro alıb.” Azərbaycan üzrə məruzəçi Alen Desteksin hesabatı da hesabatda şübhə altına alınıb. Ən dəhşətlisi isə hesabatda AŞPA kuluarlarında Azərbaycanın “korrupsiya sxemin” hələ də davam etməsi haqqında hakimlərin qənaətidir. Dəhşətli mənzərədir, çox dəhşətli!”

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir