Yenifakt.info

Müstəqil xəbərlər portalı

Müsahibə

“Xərçəngdən öldü… onu hələ də unuda bilmirəm…” –Məşhur radioloqla MÜSAHİBƏ

Ailem.az saytının müsahibi Azərbaycanın məşhur radioloqu Rasim Bayramovdur.

– Rasim bəy, bildiyimizə görə, siz Azərbaycandan Türkiyəyə oxumağa gedən ilk tələbələrdənsiniz. O vaxtı necə xatırlayırsınız?

– Biz 1991-ci ildə Tibb Universitetinin müalicə profilaktika fakültəsinə qəbul olduq. 1992-ci ildə isə İstanbul Universiteti və Azərbaycan Tibb Universiteti arasında anlaşmaya əsasən, Türkiyədən gəlib 10 ən yaxşı tələbəni seçdilər. Həmin 10 nəfərdən biri də mən idim. Onların arasında indi məşhur həkimlərimiz olan Kamran Musayev, Vasif İsmayıl, Vaqif Qələndərli, Cəfər Nəsirli və başqaları da var idi. Bilirsiniz ki, 1992-ci il ən çətin dövr idi. Onda biz Bakıda kirayədə qalırdıq. Elə olurdu ki, dərsdən gəlirdik və gedib çörək ala bilmirdik. Yəni növbəyə dayanmaq mümkün deyildi. O dərəcədə aclıq vardı. Biz də hamımız orta təbəqənin uşaqları olmuşuq, elə də varlı ailədən deyildik. Türkiyəyə gedəndə də cibimizdə pulumuz yox idi. Buradan bir az paltar-filan aldıq. Yadımdadır, Cəfər həkim 1991-ci ildə bizdən əvvəl bir dəfə Türkiyəyə getmişdi. Yəni təyyarəyə bir dəfə minmişdi artıq. Bizdən təcrübəli idi. Təyyarədə bizə yemək gətirdilər. Elə yeməyə təzə başlamışdıq ki, Cəfər həkim dedi, bilirsiniz də, təyyarədə yemək 20 dollardır. Şok olduq. Heç kimdə də pul yox. O zaman da 20 dollar böyük pul hesab olunurdu. Hamımız dayandıq, bilmədik yeməyi yeyək, yoxsa geri qaytaraq. Bizə baxıb güldü, dedi, zarafat edirəm, təyyarədə yemək pulsuzdur (gülür).

Təbii ki, tələbəlik vaxtları qayğısız idi, insanın gözünə heç bir şey görünmürdü. Bəlkə də pulumuz az idi, amma daha xoşbəxt idik. Bəzən aramızda da söhbət edirik. Bizim aramızda pul problemi yox idi. Hamımız ortaq istifadə edirdik. Daha xoşbəxt idik. Həqiqətən o zamanlar üçün çox darıxıram…

– Yəqin ki, Sovet dövründə yaşamış bir gənc üçün Türkiyə, sözün əsl mənasında tam başqa bir dünya idi… 

– Bəli, tamamilə doğrudur. Oranı görüb şok olmuşduq. Bizdə o vaxt böyük marketlər yox idi axı, sadəcə kiçik dükanlar vardı. İlk dəfə “Migros”a girəndə gördüklərimiz bizi heyrətləndirmişdi. Yəni ağlımıza gətirmirdik ki, bu cür şeylər var, növbənöv diş məcunları, sabunlar… Biz o dövrdə belə şeylər görməmişdik. Ancaq paltar sabununu tanıyırdıq.

– Bəs təhsil səviyyəsi necə, üst-üstə düşürdü?

– Biz burada yaxşı oxuyan tələbə idik. Amma orada baxdıq ki, yox, daha çox çalışmaq lazımdır. Sistemləri tam fərqli idi. Biz də təzə getmişik, dili bilmirik. Sualları da başa düşə bilməmişdik. İlk imtahanlara girəndə xeyli düşük qiymət aldıq. Amma yuxarı kurslarda hər şey daha asan olmağa başladı. Bir sözlə, oxuduq. 1997-ci ildə İstanbul Tibb Fakültəsini bitirdim. Həmin il Cərrahpaşa Tibb Fakültəsinin radiologiya bölməsini qazandım.

Biz gedəndə 10 nəfər getdik. Amma bir neçə həkim geri qayıtdı. Elə o zaman da, indi də Türkiyədə daha çox pul qazanırdı həkimlər. Ona görə bəziləri orda qalıb işləməyə üstünlük verdilər. Cərrahpaşa Tibb Fakültəsini qurtaranda mənə bir yaxşı xəstəxanadan təklif gəldi ki, burada işlə. Razı olmadım. Biz də orada qalsaydıq, Türkiyənin məşhur həkimlərindən idik. Amma qayıtdıq və burada da işimizi qurduq. O vaxt Bakıda ilk uzman mütəxəssis mən idim.

– O zaman Azərbaycanda bu sahə demək olar ki, yox idi. Necə oldu radiologiya sahəsini seçdiniz?

– O vaxt mən özüm də bu sahəni seçməkdə tərəddüd edirdim. Əvvəl ümumi cərrahiyyəni seçməyi düşünürdüm, sonra neyrocərrahiyyəni, amma sonra radiologiya xoşuma gəldi. Baxmayaraq ki, o zaman bizdə bu aparatın heç biri yox idi. Azərbaycana ilk dəfə bu aparat 2000-ci ildə gəldi. Mən isə artıq 1997-ci ildə bu sahəni seçmişdim və heç bilmirdim ki, bu sahə bizdə olacaqmı? Radiologiya böyük sahədir. Burada kompüter tomoqrafiyası, ultrasəs, dopler ultrasəs, maqnit rezonans tomoqrafiyası, angioqrafiya, rentgen kimi müayinələr var. Təhsilimi 2002-ci ildə bitirdim və İstanbulda qalıb 1 il işlədim. 2003-cü ildə isə Mərkəzi Klinikada işə başladım. 6 il yarım orada işlədim. Sonra Gömrük Xəstəxanasından təklif aldım və ora keçdim. Daha sonra Tibb Universitetindən Əhliman Əmiraslanov tərəfindən dəvət aldım. Kafedrada Maqnit Rezonans Tomoqrafiyası və Kompüter Tomoqrafiya (MRT və KT) tələbələr üçün yenilik idi. Məni də oraya həm tədris üçün, həm də işləmək üçün dəvət etdilər. Hazırda Tibb Universitetinin dosenti, fəlsəfə elmləri doktoruyam.

– Radiologiya xəstəliklərin təyin olunmasında nə dərəcədə rol oynayır? 

– Bizim sahənin məqsədi diaqnoz qoymaqdır. Əvvəllər həkim üçün diaqnoz qoymaq çox çətin idi. Kor-koranə müayinələr bir yerə qədər olurdu. Yəni xəstənin bir tərəfi tutmurdusa, şübhələnirdilər ki, beyində nəsə ola bilər. Amma bilmirdilər nə ola bilər. Amma indi maqnit rezonans, kompüter tomoqrafiyası ilə yüz faiz dəqiqliklə deyə bilirik. Əslində radiologiya digər sahələrə nəzərən daha çox savad tələb edən bir sahədir. Məsələn, neyrocərrah sadəcə beyni, ümumi cərrah sadəcə qarın boşluğunu bilməlidir, amma biz bütün sahələrdən xəbərdar olmalıyıq. Çünki bizə diaqnoz üçün gəlirlər və biz diaqnoz qoymalıyıq ki, bu nədir.

– Adətən radioloqlar diaqnoz qoyurlar və müalicə istiqamətində pasiyentə heç bir məlumat vermirlər. Siz də belə edirsiniz, yoxsa…

– Bəli, biz müalicə yazmırıq, sadəcə müayinə edirik. Yanıma xəstə gələndə ilk növbədə onu klinisistin yanına göndərirəm. Tutaq ki, xəstə baş ağrısı ilə gəlir, deyir, başımı MRT elətdirmək istəyirəm. O adamı birbaşa kompüterə salmaq düzgün deyil. Birinci neyrocərrah, nevropatoloq baxmalıdır ki, bəlkə başqa bir şeydən baş verir bu. Boş-boşuna bahalı müayinələr edilməsin. Buna görə əvvəlcə göndərirəm onlar baxır, sonra məsləhət olursa, mən baxıram. Həm də maqnit rezonans bütün müayinələrdən üstündür deyə bir şey yoxdur. Elə xəstəlik var ki, kompüter tomoqrafiya yaxşı göstərir, eləsi var, maqnit rezonans yaxşı göstərir və sair. Buna görə klinisist xəstəni müayinə edib ona uyğun müayinəyə yönləndirir, biz baxırıq və diaqnoz qoyduqdan sonra raport yazırıq. Çalışırıq ki, xəstə həkiminin yanına qayıtsın. Çünki bizim xəstəyə informasiya verməyimiz düzgün deyil. Məsələn, axır vaxtlar ədəbiyyat deyir ki, kəskin apendisitin 70 faizi antibiotiklə müalicə edilə bilinir. 30 faizi əməliyyatlıqdır. Xəstə gəlir yanıma, deyirəm, kəskin apendisitdir. O da soruşur ki, əməliyyatlıqdır, yoxsa yox? Mən də deyirəm, əməliyyatlıqdır. Amma bəlkə onun həkimi deyəcək ki, yox, mən bunu antibiotiklə müalicə edəcəm, sən niyə belə dedin? Ona görə bir az xəstə ilə danışmağımız düzgün deyil.

– Xəstələrin narazılığı ilə qarşılaşırsınız?

– Dünyanın hər yerində diaqnostika həkimləri belə edir. Ola bilər, xəstə kəskin başağrısı ilə gəlir. MRT çəkirik, heç nə yoxdur. Amma kəskin baş ağrısının 100-dən artıq səbəbi var. Məsələn, meningitlər də baş ağrısı verir, özü də ağır və öldürücü xəstəlikdir. Ağır formalarda, irəliləmiş halda maqnit rezonansda görünə bilər. İlk başda görünməz. Kəskin başağrısı olan birinə deyərik ki, heç nəyin yoxdur, çıx get evinə. Ancaq o gedə və ölə bilər. Ona görə də bu düzgün deyil. Elə xəstəliklər var ki, xeyli müayinələr aparılar, amma diaqnoz qoyula bilməz. İndi insanların da anlayışı fərqlidir. Deyir ki, mən filan qədər pul verdim, maqnit rezonansdan keçdim, dərdimi bilmək istəyirəm. Amma elə xəstəliklər var ki, sadəcə bununla bitmir. Buna laboratoriya analizləri, biopsiya, endoskopiya və sair lazımdır. Ona görə bəzən xəstələrlə belə problemlər yaşayırıq.

– Sizcə, xəstəyə diaqnozun nəticəsinin pis olduğu deyilməlidirmi?

– Açığı, mən xəstələrə pis xəstəliklər barədə məlumat vermirəm. Yaxınları da deyir ki, bunu xəstənin özünə demə. Xəstəliklərdə psixologiya çox əhəmiyyətlidir. İnsan psixologiyası o qədər güclüdür ki, insan ən güclü xəstəliyə belə, qalib gələ bilir. Bu cür hallar çox yaşanıb. Məsələn, xəstə xərçəngdir. Biz də onu yoxlayıb desək, əvvəlki müayinədən sonra daha da pisləşmisən, o zaman psixoloji pozuntu yaşayacaq və bəlkə də bir il yaşayacaqdısa, heç onu da yaşamaz. Həmişə ruh yüksəkliyi verməyə və özlərindən bunu gizlətməyə çalışırıq. Amma elə xəstələr də var, təkid edirlər ki, bilmək istəyirəm, bəlkə hansısa arzum var, onu həyata keçirim heç olmasa. O zaman açıq şəkildə deməyə çalışırıq.

– Bu illər ərzində heç unuda bilmədiyiniz pasiyentiniz olub?

– Mərkəzi Klinikada işləyəndə 45-50 yaşlarında bir kişi yanıma gəldi. Beli ağrıyırdı. Mənə dəfələrlə dedi ki, həkim, inşallah məndə “qrija” çıxmasın, başqa nə çıxır çıxsın. Biz onu çəkdik və belində şiş aşkarladıq. Yəni yırtıq müalicə olunan bir xəstəlikdir, uzaqbaşı əməliyyat olunacaqdı. Amma onun belində xərçəng çıxdı və qısa bir müddət sonra rəhmətə getdi. İndi də düşünürəm ki, kişinin özünün arzuladığının əksinə olaraq, kaş, belində yırtıq aşkarlayardıq…

– Azərbaycanda qadınlar və kişilər arasında ən çox diaqnozunu qoyduğunuz ağır xəstəliklər hansılardır?

– Diaqnostikada əsasən yüngül xəstəliklər gəlmir. Müraciət edənlərin əksəriyyəti baş ağrıları, onurğa sütunu ağrıları və oynaq ağrıları olan xəstələrdir. Bizə bel ağrıları ilə bağlı kişilər də, qadınlar da çox müraciət edir. Beldə ən çox yırtıq çıxır. Bunun da səbəbi oturaq həyatdır. Otururuq və hərəkət etmirik. Nəticədə onurğa sütunu ətrafındakı əzələlər zəifləyir, tənbəlləşir. Ona görə yük birbaşa onurğaya düşür və onurğa ətrafında olan qığırdaqlar yırtılıb kanala girir. Ümumi götürəndə oynaq-diz problemi ilə əlaqədar da çox müraciət edənlər olur. Buna daha çox kök insanlarda rast gəlinir. Yük daha çox diz oynağına düşdüyü üçün oradakı qığırdaqlarda yeyilmələr və sair olur. Onkoloji xəstələr də çox müraciət edir. Qadınlarda ən çox süd vəzi və uşaqlıq boynu xərçənginə rast gəlirik. Kişilərdə isə prostat vəzi və ağciyər xərçəngi geniş yayılıb. Ona görə də mütəmadi yoxlanmaq çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının bəyanatına əsasən, 40 yaşdan yuxarı qadınlar, ailəsində onkoloji anamnezi varsa, 6 aydan bir, yoxdursa, ildə bir dəfə mamoqrafiya müayinəsindən keçməlidir. Ümumiyyətlə, insanlar 40 yaşdan sonra chek-up müayinə etdirməlidirlər.

– Bəs reallıqda necədir? İnsanlar mütəmadi olaraq bu vacib müayinələrdən keçirlər? 

– Xeyr, insanlar daha çox ağırlaşandan sonra həkimə müraciət edirlər. Vaxtında aşkarlandıqda müalicə olunmayan xəstəlik bəlkə də yoxdur. Məsələn, qadınlarda süd vəzi, uşaqlıq boynu xərçəngi də eynilə sağalar. Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər. Elə bil həkimə getməkdən qorxurlar. Amma vaxtında üstünə düşsələr, xərçəng növlərinin çoxu tam sağalır. Sadəcə, zamanında diaqnostika önəmlidir.

– Qiymətlərin baha olması da insanları müayinəyə getməkdən çəkindirən amillərdəndir.

– Bizdə, məsələn, kompüter tomoqrafiya cihazı var. Onda olan müayinə orqandan-orqana görə dəyişir. Məsələn, beyin 90 manat, qarın boşluğu 110 manatdır. Bunun da balonu var, X-şüa mənbəyidir. İki ildir işlədirik və balon yeni qurtarıb. Onu yeniləmək 110 min avro pul tutdu, bizim pulla haradasa 200 min manat edir. Hesablasaq, heç xərci borcunu ödəmir. Bundan əlavə, maqnit rezonans aparatına ildə bir dəfə helium qazı vurulur. Soyuducu sistemdir. Vurulan helium qazının qiyməti 30 min dollar civarındadır. Hələ bunlarla bitmir, əlavə nə qədər xərcləri var. Əslində bizdə bu qiymətlər çox ucuzdur. Məsələn, bir xəstə beynini yoxlatmaq üçün Almaniyaya gedir. Orda bunun qiyməti 600 avrodur. Amma bizdə 135 manatdır. Hər adamın imkanı yoxdu axı 135 manat verib, bir nahiyəsinə baxdırsın. Türkiyədə MRT müayinəsinin ortalama qiyməti 2 min TL-dir. Yadımdadır, Türkiyədə qadınlar mamoqrafiya müayinəsi üçün növbəyə 6 ay əvvəldən yazılırdılar. Çünki o qədər xəstə müraciət edir ki… Orada icbari tibbi sığorta var və o, hamısını ödəyir. Amma bizdə bu kimi hallar olmadığına görə, insanlar ancaq məcbur qaldıqda həkimə gedir. Əgər bizdə də icbari sığorta sistemi başlasa, vəziyyət daha yaxşı olar.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir