Yenifakt.info

Müstəqil xəbərlər portalı

Müsahibə

Tofiq Zülfüqarov: “Xarici İşlər Nazirliyi sanki yoxdur”

“Biz hərbi-siyasi mövqeyimizi konkretləşdirməli və hərbi əməliyyatların bərpası ərəfəsində bunu açıq şəkildə bəyan etməliyik”

Rubrikamızın budəfəki qonağı ilə söhbətimizdə Qarabağdan danışdıq. Azərbaycanın keçmiş xarici işlər naziri (1998 -99-cu illər) Tofiq Zülfüqarovla Qarabağ ətrafında baş verənləri, işğalçı ölkədəki seçkiöncəsi prosesləri dəyərləndirdik. Təcrübəli diplomat “Yeni Müsavat”a geniş müsahibəsində Azərbaycanın mövqeyinin gücləndirilməsinə yönəlik maraqlı təkliflər verdi.

– Tofiq bəy, şəxsən mən bu bayram günlərində Ermənistanda baş verən prosesləri zövqlə izlədim. Düşmən ölkədəki seçkiqabağı mühit çox maraqlıdır. Bəs, sizin, keçmiş xarici işlər nazirinin diqqətini çəkən əsas proseslər harada baş verir?
– Mən də o fikirdəyəm. Hətta sizə deyim ki, facebook səhifəmizdə bu məsələ ciddi müzakirə olunub. Yəni Azərbaycan tərəfi də bu proseslərin gedişində hansısa şəkildə öz mesajını göndərməlidir. Orada mən də öz fikirlərimi söylədim. Birincisi, tamamilə doğru buyurdunuz ki, Ermənistanda gedən proseslər çox maraqlıdır. İlk dəfədir ki, Ermənistanın gələcəyi barədə səslənən fikirlər birbaşa Dağlıq Qarabağ probleminin həlli ilə bağlıdır. Bu, çox vacib məsələdir. Hesab edirəm ki, Azərbaycan tərəfi məhz bu məqamdan istifadə etməlidir.
– Azərbaycan necə istifadə edə bilər?
– Azərbaycan tərəfi danışıqlar üzrə mövqeyini açıqlayıb və bu, Ermənistan tərəfə bəllidir. Ancaq eyni zamanda hərbi-siyasi mövqeyə aid Azərbaycanın açıqlamasında elə bil ki, bir boşluq var. Azərbaycanın hərbi-siyasi mövqeyini dəqiqləşdirməsi çox vacibdir.
– Bəlkə fikrinizi bir az da açıqlayasınız…
– Danışıqlarla əlaqədar mövqeyimiz bəllidir. Dəfələrlə dövlət başçısı və digər rəsmilər onu açıqlayıb. Amma hərbi-siyasi mövqeyimiz bir o qədər məlum deyil. Yəni hamı deyir ki, əməliyyatların yenidən bərpası mümkündür və müxtəlif səviyyəli mütəxəssislər də bunun mümkünlüyünü dəfələrlə təsdiqləyiblər. Bu baxımdan əgər hərbi əməliyyatlar bərpa olunsa, bu zaman Azərbaycanın hərbi-siyasi məqsədləri nədən ibarət olacaq? Mən hesab edirəm ki, burada 3 növ hədəflər var: birinci hədəf Dağlıq Qarabağın ətrafındakı ərazilərdir.

Bu ərazinin özünəməxsus bir “statusu” var. Yəni əgər Azərbaycan tərəf ətraf ərazilərlə bağlı hərbi əməliyyatları hədəf kimi qarşıya qoysa, bu zaman ona bir o qədər də tənqidlər olmayacaq. Çünki hamı başa düşür ki, Dağlıq Qarabağın ətrafındakı ərazilər boşdur, sadəcə olaraq Azərbaycan etnik təmizlənməyə məruz qalmış insanları, öz vətəndaşlarını yerlərinə qaytarmaq istəyir. İkinci hədəf Dağlıq Qarabağın içində ermənilərin yaşadığı rayonlardır. Mən hesab edirəm ki, buna aid hərbi siyasətimiz bu və ya digər şəkildə fərqlənməldir. Çünki beynəlxalq ictimaiyyət tərəfindən bu ərazilər fərqli şəkildə qəbul olunur. Üçüncü hədəf isə Ermənistanın dövlət olaraq əraziləridir.

O da bir növ ayrı siyasət tələb edən bir hədəfdir. Yəni gərək biz bunu açıqlayaq. Çünki beynəlxalq ictimaiyyət Azərbaycanın buna aid siyasətinə bir o qədər də bələd deyil. İndiki mərhələdə bu, çox aktual bir məsələdir. Təbii ki, bu 3 istiqamətə hər iki ölkədə müxtəlif münasibət olacaq. Bir var, Ermənistandakı valideyn oğlunu göndərir ki, get, Ağdamdakı mövqeləri müdafiə et, digəri deyir sən get, Dağlıq Qarabağ ermənilərinin yaşadığı əraziləri müdafiə elə, üçüncüsü də deyir get, Ermənistan Respublikasının sərhədlərini müdafiə et! Təbii ki, bunlarla bağlı mövqe fərqli olacaq. Bir sıra hallarda Rusiyanın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təhdidlərindən danışılır. Sözsüz ki, müxtəlif ərazilərə müxtəlif münasibət bəslənəcək. Lakin istənilən halda, buna aid Azərbaycanın mövqeyi tam bəlli olmalıdır.
– İşğalçı ölkədəki hazırkı seçki təbliğatında müxtəlif mesajlar verilir. Ərazilərimizi işğal edən keçmiş prezident Levon Ter-Petrosyan sülh carçısı kimi çıxış edir. Hansı düşərgənin, qüvvənin seçkidə qələbəsi Azərbaycan üçün sərfəli nəticə vəd edir?
– Hesab edirəm ki, Ermənistan siyasətində istər-istəməz konsensusa yaxın bir fikir formalaşıb. Yəni onlar müxtəlif vaxtlarda, bu və ya digər şəkildə izah ediblər ki, bu, bizim torpaqlarımız deyil.
– Tofiq bəy, 1998-ci ilin payızında elə sizin istefa qərarınızdan az sonra Ter-Petrosyan istefaya məcbur edildi – güzəştlərə meyilli olduğu üçün. Amma torpaqlar əsasən onun rəhbərliyi dövründə işğal olunub. İndi nə baş verib, səhv etdiyini anlayıb, yoxsa seçki üçün, sadəcə, siyasi gedişdir?

“Sülh Platformasına hər zaman siyasi dəstək verməyə hazıram”

– Sadə bir məntiqlə izah edim. Təbii ki, Ermənistanda olan ana öz övladını əsgər olaraq Ağdamda, Azərbaycan hərbçiləri ilə üzbəüz mövqedə xidmətə göndərmək istəməz. Təbii ki, əsgər valideyni ən azı övladının Azərbaycanla sərhəddə, yaxud Dağlıq Qarabağın mərkəzində xidmət etməsini istəyər, nəinki Ağdamda. Həm də Ermənistanın müttəfiqi olan Rusiya üçün də bu məsələ çox vacibdir. Ermənistandakı seçki təbliğatına gəldikdə, o qüvvələr hamısı başa düşürlər ki, indiki mərhələdə Ermənistan ictimaiyyətinə xitabən “gedin, Ağdamdakı mövqeləri müdafə edin” demək heç də populyar bir fikir deyil.
– Yəni sülh mesajları, sadəcə, seçicini ələ almağa hesablanıb?
– Təbii ki. Elə məqsədləri odur.
– Deməli, növbəti mərhələdə hansısa əraziləri geri qaytarmağı heç də prioritet saymırlar?
– İndi onların qarşısında çox konkret məsələ durur: haranısa müdafiə edib nəyisə saxlamaq, ya da qeyri-real məqsədləri qarşıya qoyub hamısını itirmək. Yəni bu, Ter-Petrosyanın vaxtilə məşhur məqaləsində əksini tapan suala bənzəyir.
– Şənbə günü Serj Sərkisyan Qarabağa gəldi, hərbi geyimdə hədə bəyanatları verdi. Azərbaycan bu qanunsuz gəlişə necə reaksiya verməli idi? Şəxsən siz bu gün xarici işlər naziri olsaydınız işğalçı ölkə prezidentinin bu həyasızlığına necə reaksiya verərdiniz?
– Mən yenə də o fikirdəyəm ki, Azərbaycan tərəfi öz hərbi-siyasi mövqeyinə aid çox konkret bir mesaj göndərməlidir. Hesab edirəm ki, bizim daha əhəmiyyətli və vacib məqsədlərimiz var. Biz dünyaya onu göstərməliyik ki, Dağlıq Qarabağın ətrafındakı ərazilər azad olunsun və sülh prosesinin başlanması üçün münasib bir vəziyyət yaransın.
– Sərkisyanın hərbi geyimdə Qarabağa gəlməsi o demək deyilmi ki, o, sülh prosesini qəbul etmir?
– Şübhəsiz. Onlar müxtəlif münasibət bəsləyə bilərlər. Amma zamanın tələbi başqadır. Artıq Ermənistan ictimaiyyəti o fikirlərə yaxınlaşır. Ter-Petrosyan ayrı fikir səsləndirir, ən qatı düşmənimiz olan Seyran Ohanyan da indi kompromisdən danışır. Yəni bu gün Ermənistan ictimaiyyətində birmənalı fikir yoxdur. Hətta radikal mövqedə olan insanlar da artıq sülhdən danışmağa başlayıblar. Yəni vəziyyət dəyişib.
– Amma mən sualımın bir hissəsinə cavab ala bilmədim: siz nazir olsaydınız…
– Mən konkret bir sənədin üzərində işləyərdim. Artıq bu sənədin çərçivəsini facebook-da göstərmişəm. Mən hesab edirəm ki, artıq aktual bir sənəd olmalıdır. Bu sənəd Ali Baş Komandanın direktivi olmalıdır. Yəni biz konkret deməliyik ki, məsələn, Ermənistan tərəfdən, yaxud təmas xəttindən Azərbaycan tərəfə bir atəş açılsa, biz filan qüvvələrdən istifadə edəcəyik. Yaxud 5-10 km-likdəki hədəflər, mülki əhali, yaxud digər obyektlər təhlükə altında olsa, biz filan addımları atacağıq. Ya da Ermənistan ərazisindən bizə qarşı hansısa zərbələr endirilsə, biz filan addımlar atacağıq. Ümumilikdə biz hərbi-siyasi mövqeyimizi konkretləşdirməliyik və hərbi əməliyyatların bərpası ərəfəsində bunu açıq şəkildə bəyan etməliyik.
– Tofiq bəy, Azərbaycan ötən ilin payızından maraqlı bir prosesə start verib: Ermənistan-Azərbaycan Sülh Platformasını nəzərdə tuturam. Bakıya gələn ermənilər Xocalıya görə üzr istədilər, erməni hərbçilərinə silahı yerə qoymaq çağırışı etdilər. Bu prosesi necə dəyərləndirirsiniz?
– Bu, “xalq diplomatiyası”nın bir elementidir. Mən hesab edirəm ki, bu proses çox vacib və faydalıdır. Amma bunun əsl faydasını biz sülh prosesi istiqamətində addımlar atandan sonra görə bilərik. Yəni bu platforma nə danışıqları, nə də digər real siyasi aksiyaları əvəz edə bilməz. Lakin yardımçı üsul kimi təbii ki, bundan istifadə etmək lazımdır və çox faydalı ola bilər.
– Bu proses ədavətə, işğala son qoymağa yardımçı olacaqmı?
– Sülhə yol heç də qısa olmayacaq. Həm Azərbaycan, həm Ermənistan ictimaiyyəti üçün asan olmayacaq. Çünki iki tərəfdən olan düşmənçiliyi, problemləri aradan qaldırmaq üçün vaxt lazımdır. Bu mənada “xalq diplomatiyası” çox faydalı üsul ola bilər. Mən hesab edirəm ki, indidən bu işləri başlamaq lazımdır ki, lazımi vaxtda ondan geniş istifadə üçün imkanlar yaransın.
– Siz özünüz necə, Sülh Platformasına qoşulmaq istəmirsiniz ki?
– Doğrusu, mən təşkilati baxımdan necə qoşulmağı bilmirəm. Amma Sülh Platformasına hər zaman siyasi dəstək verməyə hazıram. Təbii ki, ordakı ideyaları, fikirləri dəstəkləyirəm və öz fəaliyyətimdə, bəyanatlarda, müzakirələrdə istifadə edirəm. Yəni mən qoşulmağı burada görürəm.
– Maraqlıdır ki, Ermənistandan rəsmi səviyyədə heç bir reaksiya olmadı…
– Bu, təbiidir, onlara sərf eləmir. Təəssüflər olsun ki, siz dediyiniz kimi, Sərkisyan hərbi formada Dağlıq Qarabağa gəldi və radikallığını göstərmək istədi. Yəni seçkilərdən qabaq göstərmək istəyir ki, köhnə radikal, populist şüarları istifadə etməklə qələbə çalsın. Amma siz də görürsünüz ki, keçmiş prezident Ter-Petrosyan və müdafiə naziri Ohanyan kompromislərdən danışır. Yəni artıq kompromislər Ermənistan ictimaiyyətinin sosial sifarişidir.
– Bir sıra hallarda təkliflər səslənir ki, məsələ artıq üçüncü onilliyə qədər uzandığı üçün Azərbaycan düşmənə işğala son qoymaq üçün konkret vaxt verməli, təcavüzə son qoyulmasa, hərbi əməliyyatlara başlamalıdır. Sizin fikriniz necədir?
– Həmişə belə bir imkan var ki, kimsə daha radikal mövqedən çıxış etsin və tələb etsin ki, biz qısa müddətdə əraziləri boşaltmalıyıq. Biz hamımız bunu istəyirik, amma realist olmalıyıq. Təəssüflər olsun ki, bu proses uzanır və bəzən belə radikal mövqedə olan adamlar düşünməlidirlər ki, onların çağırışlarının birbaşa bizim əsgərlərimizin həyatı ilə bağlılığı var. Yəni kənarda durub kimisə harasa çağırmaq asandır. Amma biz həmişə fikirləşməliyik ki, el arasında deyildiyi kimi, “Nə şiş yansın, nə kabab”. Elə etməliyik ki, istədiyimiz hədəflərə ən az itkilərlə nail olaq.
– Bəs, hesab etmirsinizmi ki, aprel müharibəsində olduğu kimi ermənilərin növbəti təxribatı olarsa, ordumuz genişmiqyaslı hücuma keçmək şansı əldə edə bilər?
– Təbii ki. Məhz ona görə mən deyirəm ki, bizim hərbi-siyasi direktivimizin olması çox vacibdir. Bizə qarşı işləyən təbliğat iddia edir ki, guya biz gedib Qarabağdakı erməniləri qırıb-çatmaq istəyirik. O təbliğatın qarşısını almaq üçün bu hadisələrdən qabaq, yaxud təhlükə yetişən zaman ortaya qoymalıyıq ki, bizim məqsədimiz nədən ibarətdir.
– Sizin vaxtilə rəhbərlik etdiyiniz Xarici İşlər Nazirliyi nə etməlidir?
– Çox şeylər (gülür).
– Məsələn, Sərkisyanın Qarabağda peyda olmasını sükutla qarşılamalıdır?
– Vallah, mənə bunu şərh etmək çətindir, etik məsələlərə görə… Amma hesab edirəm ki, Xarici İşlər Nazirliyi lazımi səviyyədə çalışmır. Demək olar ki, bu prosesdə onun səsi eşidilmir. Təəssüflər olsun. Amma onun yeri də var, mövqeyi də olmalıdır, səsi də eşidilməlidir. Müxtəlif addımlar atılmalıdır, amma susmaq qəbuledilməzdir. 4-5 aydır müxtəlif hadisələr baş verir, mən indiyədək Xarici İşlər Nazirliyinin mövqeyini başa düşməmişəm, elə bil o, yoxdur…

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir