Malik Bayramov imzası Azərbaycan oxucularına yaxşı tanışdır. O, uzunmüddət ölkənin nüfuzlu media qurumlarında çalışıb. “Çeşmə”, “Cümhuriyət” və s. qəzetlərdə tənqidi siyasi məqalələrlə çıxış edib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının İnformasiya Mərkəzində və Sədrin köməkçisi kimi çalışıb. Azərbaycanın aparıcı media təşkilkatlarından biri sayılan Demokratik Jurnalistlər Liqasının sədr müavini olan Malik Bayramovun jurnalistlərin hüquqularının müdafiəsində, insan haqlarının qorunmasında da xüsusi xidmətləri olub. Amma bir müddətdir ki, həmkarımız ölkədən kənarda yaşayır. Malik Bayramovla əlaqə saxlayıb onun hazırkı fəaliyyətilə maraqlandıq.
– Malik bəy, siz ölkənin fəal jurnalistlərindən olmusuz. Bir müddətdir ki, yazılarınıza, açıqlamalarınıza rast gəlmirik. Hazırda nə işlə məşğulsunuz?
– Arzuladığımız Azərbaycanı nə qura, nə də görə bildik. Bu, bir qədər pafoslu səslənsə də təəssüf ki, belədir. Almaniyada yaşayıram, dördüncü ildir ki, buradayam. İnteqrasiya olmağa çalışıram. Almaniya tərəfin verdiyi rəsmi sertifikatlar və ictimai fəallıq bunu deməyə əsas verir. Siyasi mənsubiyyətim də var. Sosial Demokratlar Partiyasının (SPD) və Amnesty Deutschland təşkilatının üzvüyəm. Təbii ki, burda da demokratik dəyərlərin və insan haqlarının qorunması istiqamətində fəaliyyətimi davam etdirirəm. Yerli mətbuatda ara sıra yazılarla çıxış etməyə çalışıram.
– Almaniyaya getməyiniz nə ilə bağlı oldu?
Avropaya köçmək qərarı mənim üçün o qədər də asan olmadı. Bəzi məqamlar var ki, bunu tam açmaq olmur. Ancaq bunu deyə bilərəm ki, adlandırılması belə çətin olan mövcud rejimdə yaşamaq mümkünsüz olur. Bu gün Bakının simvoluna çevirdikləri „Alov qülləsi“ ni mənə göstərib „Bu sərvətin sahibi sənə imkan verərmi ki, azad seçki keçirib iqtidara gələsən“ deməsi çox utandırıcıdır. İnsanları mənəvi olaraq sınağa çəkilən cəmiyyətlərin inkişafı sıfıra bərabərdir.
– Azərbaycanda jurnalistika ilə məşğul olmağın hansı çətinlikləri var?
– İnsanlar hər zaman mətbuatda xəbərlə yanaşı yeni fikir və mövzulara diqqət edirlər. Xəbərlərin belə süzgəcdən keçirilərək ötürüldüyü cəmiyyətdə jurnalist işləmək asan deyil. Bir də buna təqib və həbsləri əlavə etsək mənzərə aydınlaşır. Sosial mediada belə sərbəst fikir bildirmək olduqca çətindir. Azərbaycanda vətəndaş jurnalistikası da yox səviyyəsindədir.
– Ölkə mediasının indiki durumunu necə qiymətləndirirsiz?
– Mediaya ümumilikdə nəzarəti gücləndirən iqtidar „Diffamasiya haqqında“ qanunu qəbul etməyə belə acizdir. Bunun açıqlamaya ehtiyacı olduğunu düşünmürəm. Tamamilə, özlərinə tabe etdirdikləri mediadan ağ yalanlar yağdıran İlham Əliyev və komandası cəmiyyətin inkişafı üçün mətbuatı azad etməlidir.
– Media sahəsində fəaliyyət göstərən bir neçə QHT ya fəaliyyətini dayandırıb, ya da hökuməti dəstəkləməklə məşğuldur. Sizə də hökumətdən hansısa təkliflər oldumu?
– Təklifdən imtina etməyin necə təhlükəli olduğu hamıya məlumdur. Hökumət kimə nəyi və necə təklif etməyi yaxşı bilir. Artıq media sahəsində uzun müddət sonra belə anlaşılmazlığın ola biləcəyini nəzərə almadan təklif etməzlər. Jurnalistə təklif ola bilər, o zaman bu peşəni unutmaq daha doğru olardı. Bu mənada mən də ölkəni tərk etməyə qərar verdim.
– Siz eyni zamanda müxalifət partiyasının fəal üzvlərindən, yetkililərindən biri olmusuz və Azərbaycanda seçki prosesində də yaxından iştirak etmisiniz. Ötən müddət ərzində siyasi partiyaların fəaliyyətində və seçki prosesində hansı dəyişikliklər olubmu?
– Bildiyim qədər ötən müddətdə seçki qanununa elə bir mütərəqqi dəyişiklik olmayıb. Məzahir Pənahov da dəyişməyib (gülür). Məşhur lətifəni xatırladım: „Bu sistem tamamilə dəyişməlidir“.
İnsanın 4-5 ildən bir doğal haqqı olan səsvermə hüququnu bizim ölkədəki qədər qəddarcasına zəbt edən başqa bir iqtidar təsəvvür etmək çətindir. Seçkilər zamanı Azərbaycan insanının seçici haqlarını belə kobud və ləyaqətsiz formada heçə saymaq onu məhv etməyə bərabərdir. Seçkilərdə şahidi olduğum haqsızlıqlar məni bu cür ifadələr işlətməyə məcbur edir.
– Almaniyada azərbaycanlılara münasibət necədir?
– Adətən müqayisələr yalnış olur. Yaşadığım ərazidə bizə olan münasibətdən danışsam daha doğru olar. Şəhər bələdiyyəsi və rəhbərliyi hər zaman tədbirlərində məni Azərbaycanı təmsil etməyə dəvət edir. Biz də məmnunluqla iştirak və təmsil edirik.
– Qərbdə ölkəmizdəki siyasi durumla bağlı mövqe nədən ibarətdir?
– Geosiyasi məkanda olan bir ölkənin Rusiya və tərəfdarlarına xidmət edən iqtidara malik olması təəssüf doğurur.