“Apamark” şirkətinin satış departamentinin müdiri Taleh Kərimovun “APA-Economics”ə müsahibəsi
– İndiki bazar şərtləri ilə yerli şirkətlərlə çalışmaq Sizin şirkət üçün çətinliklər yaradırmı və bu çətinliklər nələrdən ibarətdir?
– Bir çox yerli şirkətlərlə çalışdığımız zaman müəyyən çətinliklərlə üzləşməli oluruq. Ölkədə fəaliyyət göstərən bəzi yerli şirkətlərdə “şirkət fəlsəfəsi”nin formalaşmaması, iş prinsiplərinin və gələcək hədəflərinin müəyyən olunmaması həm onların işini ləngidir, həm də fəaliyyəti müvafiq qurumlar tərəfindən tənzimlənən marketinq şirkətlərinin işini çətinləşdirir. Belə olan halda bizim üçün də həmin şirkətlərə uyğun təkliflər hazırlamaq nisbətən çətin olur.
Marketinq plan hələ yoldadır
Şirkətlərlə əməkdaşlıq çərçivəsində ortaya çıxan problemlərdən biri və mən deyərdim ən vacib olanı illik marketinq planın və ya ümumiyyətlə şirkətin marketinq departamentinin olmamasıdır. İl başlamasına, hətta ilk 3 ayın bitməsinə baxmayaraq hələ də bəzi şirkətlərdə ümumiyyətlə marketinq plan nə hazırlanıb, nə də təsdiq olunub. Bir şirkət olaraq bu məsələ bizim ən yaralı yerimizdir.
Qərar vermə prosesi çox vaxt aparır
Bəzən şirkətlər üçün hazırladığımız təkliflərə daha çox rast gəldiyimiz problemlərdən biri də marketinq departamentinin mövcudluğuna baxmayaraq müstəqil qərar vermə kimi bir səlahiyyətinin olmamasıdır. Bu şirkətlərə təklif hazırlayıb göndərdikdən sonra günlərlə, hətta həftələrlə cavab gözləməli oluruq. Nəzərə alsaq ki, qərar verəcək rəhbər şəxsin iş qrafiki olduqca sıxdır, tərəfimizdən göndərilən təklifin nə qədər diqqətlə incələnəcəyi və ya nə zaman incələyəcəyi insanda sual doğurur.
– Bəzi şirkətlərdə eyni şəxs həm marketinq, həm də satış departamentində çalışır. Sizin fikrinizcə, bu nə qədər doğru addımdır?
– Bəli, təəssüf ki, belə hallarla tez-tez rastlaşmalı oluruq. Əksər şirkətlərdə marketinq və satış departamentinin işini eyni şəxs icra edir. Marketinq satışla əlaqəli olsa da, bir adama hər iki departamentin işinin həvalə edilməsi düzgün deyil. Təcrübəmizdən irəli gələrək deyə bilərik ki, bir şəxsin iki işi eyni zamanda görməsi, lazım olan məlumatları natamam şəkildə bizə ötürməsi nəticəsində ortaya keyfiyyətsiz bir iş çıxır. Bu da sonda həmin şəxsə görə şirkətlə korporativ əlaqələrimizin korlanmasına gətirib çıxardır. Bu gün müxtəlif iş elanları saytlarında “satış və marketinq menecer” və ya “satış və marketinq direktor” adı altında başlıqlara rast gəlirəm. Bu, düzgün yanaşma deyil. Mən başa düşürəm, şirkət öz xərclərinə qənaət etməklə “ikisi birində” formulu üzrə işçi cəlb etmək istəyir, amma şirkətin bünövrəsini möhkəmləndirən bu iki departamentə işçi seçərkən qənaət etmək doğru deyil. Satışla və marketinq bir biri ilə sıx əlaqəlidir, amma funksiya baxımından hər biri ayrı-ayrı işləri yerinə yetirir. Bunu şirkətlər mütləq nəzərə almalıdırlar.
– Hər hansı bir şirkətin öz marketinq işlərini “outsource” etməsi məsələsinə necə baxırsınız və öz işlərini “outsource” etmək istəyən şirkətlər hansı məqamlara diqqət etməlidir?
– Şirkətlərin öz marketinq işlərini “outsource” etməsi məsələsi dünya təcrübəsində çoxdan mövcuddur və bunu normal hal kimi qarşılamaq lazımdır. Orta statistik bir şirkətin marketinq strategiyasını qurmaq, satışlarını artan xətt üzrə inkişaf etdirmək həmin departamentdə çalışan bir nəfərin çiyinlərinə görə olan yük deyildir. İşlərin uğurla və planlaşdırılmış şəkildə getməsi üçün departamentdə ən azı 4-5 təcrübəli şəxs çalışmalıdır ki, bu da bir çox şirkətlər üçün əlavə xərcdir.
Öz işlərini “outsource” etmək istəyən şirkətlər ilk öncə həmin marketinq şirkətinin fəaliyyətinin müvafiq qurumlar tərəfindən tənzimləndiyinə diqqət etməlidir. Belə olmadığı halda yaranmış mübahisələrin həllinin heç bir hüquqi əsası olmayacaq. İkinci məsələ iş etibar olunacaq şirkətin güclü texniki bazası və müxtəlif sahələr üzrə təcrübəli işçiləri olmalıdır ki, verilən sifariş vaxtında və düzgün şəkildə təhvil verilsin.