Yenifakt.info

Müstəqil xəbərlər portalı

Müsahibə

Hikmət Hacızadə: “Sanksiya qan dizə qalxanda olacaq”

hikmet-hacizadeMedia-fakt.info 24 saat.org-a istinadən politoloq, Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə ilə müsahibəni təqdim edir.

– Referendumla bağlı mövqeyiniz necədir?

– Mən referendumu qəbul etmirəm, bunu pisləyirəm. Hesab edirəm ki, Azərbaycanın zədələnən imicinə böyük zərbə olacaq. Bu bizim beynəlxalq arenada zəifliyimizi göstərəcək. Eləcədə Dağlıq Qarabağ danışıqları, problemin sülh vasitəsilə həlli məsələsi ortaya çıxarsa, qarşı tərəf deyəcək ki, biz necə Azərbaycanın tərkibinə qayıdaq, baxın görün bunlar neyləyirlər?.

– Referenduma qarşı etirazları necə qiymətləndirirsiniz?

– Mən etirazlarla bir yerdəyəm. Özüm də etiraz edirəm. Baxmayaraq ki, cəmiyyət köklü şəkildə susdurulub, jurnalistlər və fəallar həbs edilir. Amma az miqdarda olsa belə, Azərbaycanın gələcəyi haqda düşünən insanlar səslərini ucaldırlar.

– Əvvəlki aksiyalarda daha az insan iştirak edirdi, 11 sentyabrda isə aktivlik daha çox oldu. Bunu nə ilə izah etmək olar?

– Məncə, biz referendumla paralel olaraq ölkəni bürüyən böhranı da nəzərə almalıyıq. Camaat pis gündədir, işsiz və pulsuz qalıb. Bir qədər fəallığın yüksəlməsinin səbəbi budur.

– Bu proses artan xətlə gedəcək, yoxsa bir məqamdan sonra əvvəlki susqun durum yaranacaq?

– Hazırda müşahidə göstərir ki, proses artan xətt üzrə gedir. Ancaq aktivlik potensialı o qədər də geniş deyil. Yəni etirazda iştirakçılığı kütləvi xarakter almayıb. Əslində əhalinin böyük hissəsi qorxu içindədir, aktiv hissəsi isə xaricə iş dalınca və ya mühacirətə gedib. Bu prosesin sonunun necə qurtaracağını deyə bilmərəm, amma görürəm ki, böhran dərinləşir, çıxış yolları yoxdur. Gerçək çıxış yolları axtarmaq əvəzinə isə ortaya beləreferendum atıblar. Budur hakimiyyətin böhrana cavabı. Bir söz demək çətindir, lakin etirazlar var. Amma haraya qədər yüksələcəyini demək çətindir.

– Biz həm də həbslərin şahidi oluruq. Normalda hakimiyyət hər şeyə nəzarət edir. Təhlükə yoxdursa həbslərə nə ehtiyac var?

– Hər şeydən qorxurlar. Hər kəsi susdurmaq istəyirlər. Tənqidi səslərin ucalmasını istəmirlər. Düşünürlər ki, bir səs ucalsa bunun əks-sədası xalqı oyada bilər. Bəlkə hamı yatıb bir cırtdan danışsa nağıl başqa cür gedər. Odur ki, hamını susdurmaq lazımdır.

– Referenduma beynəlxalq reaksiyalar niyə yetərli deyil?

– Onların başları öz işlərinə qarışıb. Suriya, Avropada miqrasiya problemi, ABŞ-da prezident seçkiləri, islam radikalizm, Böyük Britaniyanın Avropa Birliyindən çıxması və s. Başları bu məsələlərə qarışıb. Bizdəki vəziyyətlə bağlı bir-iki dəfə bəyanat verdilər. Daha bura ordu göndərəsi deyillər. Etirazlarını ifadə ediblər. Məncə, bütün bunlar toplanacaq və sonda nəsə baş verəcək.

– Qərbin susqunluğu fonunda Rusiya ölkəmizdəki vəziyyətə normal olduğunu və ölkəmizdə inkişaf getdiyini ifadə edir….

– Rusiyanın mövqeyi və addımları anlaşılandır. Rusiya dünyadakı diktaturaların qəyyumudur. Diqqət etsəniz görərsiniz ki, dünyanın harasında diktatura quruluşu varsa Rusiya bu quruluşları hökmən müdafiə edir. Əfsus olsun ki, bu həqiqətdir.

– Mitinqləri əsasən AXCP-Milli Şura və Müsavat Partiyası keçirir. Sizcə, resursları birləşdirmək üçün əsaslar varmı?

– Birgə təşkil etsəydilər yaxşı olardı. Əgər bu alınmırsa, ayrı-ayrı etsinlər. Məncə, birlikdə mitinqlər keçirilsəydi daha münasib olardı.

– Uzun illərdir ki, ölkədə bəyan edirlər ki, yeni siyasi qüvvələrə ehtiyac var, çünki ənənəvi müxalifət sıradan çıxıb. Ancaq diqqət etdikdə görürük ki, əksər mənfi addımlara qarşı məhz ənənəvi müxalifət ortada olur. Sizcə, niyə bizdə yeni qüvvələr siyasi səhnəyə gəlmir?

– Əvvəla bu haqda danışmaq çətindir. Çünki bu təbii proses olmalıdır. Həm də buna cavab vermək üçün akademik tədqiqat aparmaq lazımdır. Qüvvələr deyəndə ki, Azərbaycanda iki-üç partiyadan başqa digərləri ya susdurulub, ya da danışmağa başlayanda susdurulur. Bu iki partiya isə müstəqillik uğrunda mübarizə aparıb, tarixləri var. Bu da, həmin partiyalara həm ölkədə, həm də xaricdə nüfuz gətirib. Onları tanıyırlar, müdafiə edirlər. Yəni onların qorunmaq imkanları daha çoxdur. Bunların xaricində əgər sən təksənsə və ya on nəfərləsənsə danışan kimi başına vururlar. Sən də yıxılırsan yerə və səsin çıxmır.
İkinci fantastik fərziyyə odur ki, yeniləri doğulmur, yəqin günəşin aktivliyi dəyişib. Əlbəttə, mən zarafat edirəm, amma bu fərziyyədə müzakirə oluna bilər. Günəşin aktivliyi dəyişib və qəhrəmanlar daha doğulmur. Son “geroylar” 50-ci illərin əvvəlində, 60-cı illərin sonunda doğulub. Bax belə. Mən başqa bir izahat görmürəm.

– ABŞ Konqresində Azərbaycanda insan haqlarının durumu müzakirə ediləcək. Siz, bu müzakirələrdən nə gösləyirsiniz?

– Mən belə müzakirələri müsbət qiymətləndirirəm. Əslində Konqresdə belə dinləmələr mütəmadi keçirilir. Bu təkcə Azərbaycanla bağlı deyil. Başqa ölkələrlə əlaqədar belə dinləmələr keçirilir, haqqı pozulan şəxslər dinlənilir, hansısa sənədlər hazırlanır və sonda bəyanat verilir, tövsiyyələr irəli sürülür. Lakin bizimkilər bunu qulaqardına vururlar. Vəziyyət belədir ki, bizim camaat ciddi sanksiyalar istəyir və gözləyir. Lakin beynəlxalq təcrübə və hüquqda ciddi sanksiyalar ancaq o zaman tətbiq edilir ki, insan haqlarının pozuntusu geniş masştablı və qəddar olur. Məsələn, 1 milyon adam qırırlar. Ruanda da olduğu kimi. Və ya Suriyada, Yuqoslaviyada olduğu kimi 20000-50000 min insan məhv edilir. Bizdə hələ ki, Əhmədi, Ramini tutub buraxırlar. Bu sanksiya üçün əsas yaratmır. Sanksiya o zaman olacaq ki, qan dizə qalxacaq. Hələlik qan dizə qalxmayıb. Odur ki, ancaq bəyanatlar yollayırlar.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir