Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

“Nazirin qohumuyam” deyən polis rəisi məni qadınla şantaj etdi” – Göygöldən şikayət

“Nazirin qohumuyam” deyən polis rəisi məni qadınla şantaj etdi” – Göygöldən şikayətGöygöl rayon Çaykənd kəndinin sakini, II qrup Çernobl əlili Baxşəliyev Telman Sadıq oğlu həmin rayonun Çaykənd Polis Bölməsinin rəisi Elşən Quliyev barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyeva şikayət məktubu göndərib.  Məktubun bir nüsxəsini də redaksiyamıza təqdim edən şikayətçi Polis rəisini qanunsuz əməllərdə ittiham edir və onun cəzalandırılmasını istəyir. 
T.Baxşəliyevin məktubunu olduğu kimi diqqətinizə təqdim edirik:
Hörməti cənab Prezident! 
Mən çox yaxşı bilirəm ki, hər bir vətəndaşın şikayətinə çox həssaslıqla yanaşırsınız. Ona görə də bir daha sizə üz tuturam. Yazaraq nəzərinizə çatdırıram ki, Göygöl rayon Polis Şöbəsinin Çaykənd bölməsinin rəisi özünü Daxili İşlər Naziri cənab Ramil Usubovun qohumu kimi qələmə verib, bütün günü qanunsuz və polis adına yaraşmayan əməllərlə məşğul olan, 10 ilə yaxındır ki, Çaykənd camaatına problemlər yaradan Elşən Quliyev müxtəlif vaxtlarda mənim xeyli pulumu mənimsəmişdir. O, himayəsində olan xüsusi öyrədilmiş adamların yaratdıqları süni dava-dalaş nəticəsində 1800 manat və iki qoyunumu almışdır.
E.Quliyev Gəncəyə hüzr yerinə aparılan və müvafiq sənədləri yerində olan quru odunu Polis İdarəsinin qarşısına gətirərək heç bir əsas olmadan 10 saata yaxın saxlamış və yalnız 200 manat alandan sonra buraxmışdır. Bunların hamısına dözdük. Düşündük ki, Polis adına xələl gətirən belə adamlara görə bütünlüklə hüquq-mühafizə orqamlarının işini kölgə altına salmaq olmaz. Dərdimizi içimizdə çəkməyi üstün tutduq. Ancaq onun 2016-cı il noyabrın 23-də etdiyi qanunsuz əməlləri unuda bilmirəm.
Gəncəyə gedərkən yağışlı hava idi. Əl telefonuma zəng gəldi. Kəndin içində saxlayıb danışarkən kənd qadınlarından biri mənə yaxınlaşıb Gəncəyə qədər onu da aparmağımı xahiş etdi. Avtobusun olmaması və havanın soyuq olduğunu nəzərə alaraq razılıq verdim. Qadın Gəncədə maşından düşüb getdi. Səhər tezdən məni Polis Bölməsinə çağırdılar. Səbəbini soruşdum. Elşən Quliyev mənə dedi ki, bu qadın sənin maşınınla Gəncəyə gedib? Dedim, bəli. Dedi ki, bu qadının sənin maşınında 600 manat pulu qalıb. Dedim əgər pulu qalıbsa niyə özü mənə deməyib? Cavabında E.Quliyev dedi ki, çıx bayıra, birazdan biləcəksən ki, niyə deməyib. Mən bayırda xeyli gözlədim. Yenidən içəri çağırdılar. Həmin qadın qışqırmağa başladı ki, bu kişi şəhərin ortasında məni zorlamağa çalışırdı, əlindən çıxıb qaçmışam. Tələyə düşdüyümü anladım.
Xəcalətimdən yerimdə donum qalmışdım. Bu biabırçılıqdan can qurtarmaq üçün nə istədiklərini soruşdum. Məndən 1500 manat pul istədilər. Çox çətinliklə 900 manat borc tapıb verdim. 600 manat da borclu qaldım. Mənim sizə yazdığım və göndərdiyim teleqramdan sonra Göygöl rayon Prokurorluğuna çağrıldım. Mənə borc verən adamdan da izahat aldılar. Bundan sonra E.Quliyevin adamları mənə gətirib 1000 manat pul qaytardılar. Sonra məni Daxili İşlər Nazirliyinə çağırdılar. Orada da izahat aldılar. Sonra DİN-nin müstəntiqinin iştirakı ilə məni Göygöl rayon Polis İdarəsinə çağırıb təkidlə barışıq təklif etdilər. Axı mən dalaşmamışam barışam.
Cənab Prezident!
Başa düşürəm ki, siz ölkəmizin taleyüklü məsələrilə məşğul olursunuz. Hamimizın ümumi dərdi olan Qarabağ probleminin həllinə çalışırsınız və bunun üçün çox böyük enerji və vaxt sərf edirsiniz. Bəlkə də mənim belə bir hadisə barədə sizə müraciət etməyim doğru deyil. Çünki ölkənin müvafiq orqanları var və əslində onlar belə məsələlərin həllilə məşğul olmalıdırlar. Lakin təəssüflə qeyd etməliyəm ki, mənim haqlı tələblərimə məhəl qoyan yoxdur və bu qədər qanunsuzluqlara yol verdiyi halda E.Quliyev hələ də polis orqanlarında çalışır. Özünü cənab nazirin qohumu kimi təqdim edən bu adam bütün xoşagəlməz addımlarını məhz belə bir təqdimatla edir: “Mən nazirin qohumuyam”. Bunun həqiqətən də belə olduğunu deyə bilmərəm. Mənim yeganə istəyim Polis adına yaraşmayan hərəkətlərə yol verən E.Quliyevin qanun tələb etdiyi formada cəzalandırılmasıdır. Bu tələbimi heç kəs dinləmədiyinə görə məhz Sizə – möhtərəm cənab Prezidentimizə müraciət etmək məcburiyyətində qalmışam.
Cənab Prezident!
Yuxarı orqanlar bizim şikayətlərimizə baxılması üçün onları aşağı instansiyalara yönəldirlər. Onlar da maddi maraqlar güdərək şikayətin araşdırımasını əngəlləyir və həqiqətin üzə çıxmasına imkan vermirlər.  Mən və ailə üzvlərim ciddi təhlükə altındayıq. E.Quliyev istənilən vaxtı məni və ailə üzvlərimi şər və böhtanla üz-üzə qoydura bilər. Sizdən xahiş edirəm ki, məsələnin araşdırılmasını şəxsi nəzarətinizə götürəsiniz.
Sizə güvənirəm, Canab Prezident!
Hörmətlə:
Göygöl rayon Çaykənd kəndinin sakini,
II Qrup Çernobl əlili Baxşəliyev Telman Sadıq oğlu
27.01.2017

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir